“Belə davam etsə insanların 70 faizi qışı çadırlarda keçirməyə məcbur olacaq”
Azərbaycanın şimal-qərbində üç ay əvvəl – mayın 7-də baş vermiş zəlzələ zonasında vəziyyət acınacaqlı olaraq qalır.Bərpa işlərinin gedişatı göstərir ki, zərərçəkmişlər qışı çadırlarda keçirmək məcburiyyətində qalacaqlar.
Demək olar ki, Fövqəladə Hallar Nazirliyinin fəlakət zonasında infrastrukturun bərpası üzrə tədbirlər planı uğursuzluğa düçar olub.
“Pulu da həmişə vaxtında ala bilmirik”
Qax rayonunda işlər FHN tərəfindən təyin edilmiş “Memar Inşaat” və “Intiligent MMC” şirkətləri tərəfindən, Zaqatalada isə “Gilan Inşaat” və “Inşaat 181″ tərəfindən həyata keçirilir. Qax rayonunun fövqəladə hallar şöbəsinin rəhbəri Firudin Yusifzadə Turan-a bildirib ki, FHN rayonda 2983 evə baxış keçirib, onlardan 1041-nin əsaslı təmirə ehtiyacı var, 1084 isə yaşayış üçün yararsız hesab olunub və yenidən tikilməlidir. Digər evlərdə cüzi təmir işlərinə ehtiyac var. Daha 29 ev fiziki cəhətdən köhnəlmiş hesab olunub. Avqustun 15-nə cəmi 268 ev və 10 məktəb qaydaya salınıb. 244 evin təməli qazılıb, 239 evin tikintisi gedir.
Inşaatın intensivliyi çox zəifdir. Məsələn, hər bir evin tikintisinə 2-3 nəfər cəlb edilib. Tikinti şirkətləri ikili kubdan ibarət divarın hər kv. metrinin tikilməsinə 4 manat sərf edir. “Bu pulu da həmişə vaxtında ala bilmirik”, deyə Qabil adlı fəhlə bildirir. “Hətta hər kv. m üçün 50 qəpik az verirlər, buna görə heç kim işləmək istəmir”.
Digər rayonlardan olan fəhlələr iki həftədən çox qalmır. “Belə davam etsə insanların 70%-i qışı çadırlarda keçirməyə məcbur olacaq”, deyə yerli sakinlərdən biri bildirib.
“İndiyədək bizimlə heç kim maraqlanmayıb”
Qax rayonunun Şotavar kəndində yerli sakin Fərman Ömərov oğlunu çadırdan əsgər göndərib:”Iki dəfə evə baxış keçiriblər, nə sökmürlər, nə tikmirlər. Indiyədək bizimlə heç kim maraqlanmayıb”.
Gülük kənd sakini, tənha qadın Gilə Ismayılova deyib ki, onun evinin qəza vəziyyətində olduğu təsdiq edilib. Bu günə qədər ev yarıdağılmış vəziyyətdədir. O, çadırda yaşayır, amma ilanların fəal olduğu üçün orada qalmaqdan qorxur.
Elə həmin kəndin sakini Şəlalə Isayeva qeyd edib ki, evinə iki dəfə baxış keçiriblər və qəza vəziyyətində olduğunu təsdiq ediblər. Amma heç nə etməyiblər. O, həmçinin üç uşaqla qışı çadırda keçirəcəklərindən ehtiyat edir.
Qaxın kəndlərində tikinti işlərinin gedişi göstərir ki, bu il yeni məktəblər təhvil verilməyəcək və uşaqlar təhsili davam etdirə bilməyəcəklər.
“Qışa qədər evlər təhvil verilməyəcək”
Zaqatala rayon icra hakiminin birinci müavini, fövqəladə hallar komissiyasının rəhbəri Elman Ramazanov bildirib ki, fəlakət 2374 fərdi evi dağıdıb, amma cəmi 1432 ev tikilir. 17 məktəb dağılıb, 19-u tikilir. 5 minə yaxın evin əsaslı təmirə ehtiyacı var. Qax rayonunda olduğu kimi, burada da işçi qüvvə çatışmır. Inşaat materiallarının gətirilməsində çətinliklər var. Işlərin gedişi göstərir ki, qışa qədər evlər təhvil verilməyəcək. Işçi qüvvə çatışmazlığı ilə əlaqədar, habelə nazirliyin insanların zəlzələdən əvvəl olan evlərinin sahəsindən kiçik evlərin tikintisi ilə bağlı planları ilə əlaqədar əhali və FHN arasında münasibətlər gərginləşir. Iş o yerə çatıb ki, evin sahəsinin az olması ilə razılaşmayan insanlara ev tikilmir.
İki mərtəbəli evlərin sahibləri incidilir
Bazar kəndinin bələdiyyə şurasının sədri Famil Həsənovun ikimərtəbəli evini birmərtəbəli olaraq qiymətləndirirlər. FHN evin sahəsindən xeyli kiçik ev tikməyi təklif edir.
Həsənov müxtəlif instansiyalara şikayət edib, amma nəticə yoxdur. “Məni belə ələ salırlarsa, adi insanlar haqqında nə deyəsən?”, deyir o. Kənddə 15 ədəd ikimərtəbəli ev var idi və onların hamısının sahiblərini incidirlər. Onlara yeni ev tikməkdən imtina edirlər.
Həsənov bildirib ki, ikiotaqlı evin smeta dəyəri 37 min manat, 5 otaqlı evin dəyəri isə 60 min manat təşkil edir. FHN evlərin smeta dəyərini gizlədir, amma 2010-cu il daşqın zonasında tikinti təcrübəsi göstərir ki, inşaat qiymətləri demək olar ki, iki dəfə yüksəldilir. Daha bir neçə səciyyəvi fakt var. Bazar kənd sakini Əli Qurbanovun evi üç ay əvvəl sökülüb, yeni ev üçün təməl qazılıb, amma heç nə edilmir. Qurbanovun ailəsi çadırlarda qışlamağa hazırlaşır.
Xəstə qadın Pirdaş Hacıyevanın həyətyanı sahəsində fəhlələr evin təməli üçün üç xəndək qazıblar və yoxa çıxıblar.
Bazar kənd sakini Bikə Salamovanın yarıdağılmış ikimərtəbəli evini də birmərtəbəli olaraq hesablayıblar. O, komissiya gəlməsini tələb edir və eyni sahəyə malik ev tikilməsində israr edir.
Göz-barak kənd sakini Tamam Əliyevanın zədələnmiş evinə komissiya baxış keçirib, amma söküntü və ya əsaslı təmir barədə hələ də qərar qəbul edilməyib.
Göz-barak kəndində işlər FH nazirinə yaxın “Gilan inşaat” tərəfindən həyata keçirilir. Həyətlərdə evlərin təməlləri qazılıb, amma işlər davam etdirilmir. Avqustun 12-nə qədər 40 fəhlə burada işi buraxıb gedib.
Çoban Kol kəndində inşaatçılar qəza vəziyyətində olan evləri söküb gediblər.
Nə maddi yardım verilir, nə də əmlak
Azərbaycanın şimal-qərbində 6 ballıq zəlzələ nəticəsində ən çox Zaqatala və Qax rayonlarına ziyan dəyib. Hakimiyyət zərərçəkmişlərə xüsusi qayğı nümayiş etdirirdi. FH naziri Kəmaləddin Heydərov, daha sonra isə prezident Ilham Əliyev hadisə yerinə gəlib. Amma tədbirlər planının gizli olması hadisələrin daha betər gediş variantından xəbər verirdi. Zəlzələdən ziyan çəkmiş insanlara heç bir maddi yardım göstərilmir. Onlara birdəfəlik pul kompensasiyası verilməyib və itirilmiş əmlaklarının ödənməsi haqqında heç nə deyilməyib. Hələ iyunun 4-də “Kür” vətəndaş cəmiyyəti qərargahının üzvü Mehman Əliyev Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənova fəlakət zonasında yaranan acınacaqlı vəziyyət barədə məlumat vermiş və prezident Əliyevi bu barədə məlumatlandırmağı xahiş etmişdi.
Qərargah iki il ərzində dəfələrlə ictimaiyyəti və hökuməti 2010-cu il daşqın zonasında özbaşınalıqlar, korrupsiya faktları haqqında məlumatlandırıb və məmurların cinayət əməllərinə qarşı mübarizə aparıb. Nəticədə qərargah fəalları hakimiyyət tərəfindən təqiblərə və həbslərə məruz qalıb.