“WikiLeaks”in qurucusu diplomatik qalmaqalın səbəbkarı oldu
Ekvador hökuməti “WikiLeaks” saytının qurucusu Julian Assanca siyasi sığınacaq verilməsi haqda qərar qəbul edib. Ekvador qərarını Assancın ABŞ-da ədalətli mühakimə olunmayacağı və edam cəzasıyla üzləşəcəyi ehtimalıyla əsaslandırıb.
Ingiltərənin Xarici Işlər Nazirliyi isə Ekvadorun verdiyi sığınma haqqının vəziyyəti dəyişməyəcəyini və Assancın Isveçə ekstradisiyası üçün Londonun hüquqi məsuliyyət daşıdığını bildirib. Isveçin xarici işlər naziri Karl Bildt də Ekvadorun qərarına etiraz edib.
Qərarın açıqlanmasından öncə isə xəbər yayılmışdı ki, Ingiltərə Assancın sığındığı Ekvadorun Londondakı səfirliyinə basqın edəcəyinə dair təhdid yağırıb. Ekvadorun xarici işlər naziri Rikardo Patino da təsdiqləyib ki, Assancı təhvil verməyəcəkləri təqdirdə Ekvadorun Londondakı səfirliyinə hücum təşkil olunacağına dair Britaniyadan təhdid məktubu alıblar.
Təhdid məktubunun Xarici Işlər Nazirliyinə yazılı şəkildə verildiyini deyən Patino eyni zamanda, məktubun Londondakı Ekvador səfirinə şifahi olaraq çatdırıldığını da bildirib. Nazir deyib ki, Ekvador Ingiltərənin rəsmi mesajındakı açıq təhdidi rədd edir.
Patinonun açıqlamalarından sonra Londondakı məşhur “Harrods” mağazası yaxınlığında yerləşən Ekvador səfirliyinin ətrafındakı polislərin sayı artırılıb. Ingiltərə Xarici Işlər Nazirliyindən də yazılı açıqlama yayılıb. Açıqlamada bildirilir ki, rəsmi London Assancın təhvil alınmasıyla bağlı məsuliyyət daşıyır. Nazirlik problemin birgə həllinə üstünlük verdiyini bildirib.