İctimai Palatanın hakimiyyətdən tələbləri

Qızmar yay aylarına baxmayaraq İctimai Palata fəaliyyətini əvvəlki qaydada davam etdirir. Qurumun rəhbər orqanı olan Koordinasiya Şurası mütəmadi iclaslarını keçirir. Son toplantıda müzakirə olunan məsələlər barədə məlumat öyrənmək üçün Koordinasiya Şurasını dönəm sədri, AXCP lideri Əli Kərimliyə müraciət etdik. O dedi:

– İctimai Palatanın Koordinasiya Şurasında Naxçıvandakı vəziyyət müzakirə olundu. Bilirsiniz ki, bir müddət əvvəl “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin satışına qadağa qoyulmuşdu. Ümumiyyətlə Naxçıvan xeyli müddətdir ki, Azərbaycanda qeyri-demokratik idarəetmənin laboratoriyasına çevrilib. Bütün ən qeyri-demokratik, qeyri-insani vasitələr orada təcrübədən keçirilib Azərbaycana yayılır. İndi də yeni bir məlumat almışıq. Həddən artıq narahatedici məlumatdır və İctimai Palatanın Koordinasiya Şurasında ciddi müzakirə olundu. Keçmiş siyasi məhbus, AXCP-nin Naxçıvan Muxtar Respublikasında şöbə sədri Yaşar Bağırzadənin qardaşı Zeynal Bağırzadənin tövlələrini uçurublar, həyətyanı torpaq sahəsini şumlayıb darmadağın ediblər və tələb eləyiblər ki, Naxçıvanı tərk eləsin. Yaşar Bağırzadənin özü isə hazırda Bakıdadır və ona təhdid edilir ki, Naxçıvana qayıtmasın. Bu məsələ ilə bağlı Koordinasiya Şurasında ciddi müzakirə apardıq və qərara gəldik ki, ayrıca etiraz bəyanatı ilə çıxış edək. Koordinasiya Şurası həbsxanada son bir ayda iki inanclı insanın dünyasını dəyişməsi ilə bağlı da müzakirə apardı. Hicab məhbuslarından biri bu günlərdə həbsxanada dünyasını dəyişdi. Həbs olunana qədər sağlam olan, orta yaşlarında olan növbəti bir siyasi məhbus həbsdə dünyasını dəyişdi. Bu vəziyyət İctimai Palatanın ciddi etirazına səbəb olub. Biz bu hadisədən bir gün qabaq həbsxanalardakı vəziyyəti müzakirəyə çıxarmışdıq. Xəstə məhbuslara olan qeyri-insani davranışı müzakirə etmişdik. Bu dinləmələrdən cəmi bir gün sonra növbəti dəfə Azərbaycan həbsxanalarında siyasi məhbus dünyasını dəyişdi. Bütün bunların hamısı əlbəttə ki, Azərbaycandakı rejimin məsuliyyətini ağırlaşdırır. Biz hakimiyyətdən tələb edirik ki, həbsxanalardakı vəziyyət kardinal dəyişsin, siyasi məhbuslar tezliklə azadlığa çıxsın, siyasi opponentlərin həbsxanada məhv edilməsi praktikasına son qoyulsun. Koordinasiya Şurası, eyni zamanda ordudakı vəziyyəti müzakirə elədi. Təəssüf ki, atəşkəs olmasına baxmayaraq Azərbaycan ordusu itkilər verməkdə davam edir. Biz qərara gəldik ki, ordudakı vəziyyəti daha geniş müzakirə eləyək və bu məqsədlə 23 avqustda İctimai Palatanın növbəti dinləməsini orduda vəziyyətin müzakirəsinə həsr edəcəyik. Koordinasiya Şurası Təbrizdə və ətraf bölgələrdə baş vermiş zəlzələnin nəticələrini müzakirə elədi. Təəssüfləndik ki, İranda elan edilmiş matəm yalnız bir bölgəyə şamil olunub. Şərqi Azərbaycan ostandarlığından kənar ərazilərdə, bütövlükdə İran ərazisində matəm tətbiq olunmayıb. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyəti nümayəndələrinin Təbrizə dəstək üçün başlatdığı kampaniyanı dəstəklədiyimizi bəyan elədik. Belə kampaniyaların millətimizin arasında dayanışma, qarşılıqlı yardımlaşma hisslərini, acını paylaşma hisslərini gücləndirəcəyini düşünürük. Hər kəsi bu kampaniyaya dəstək olmağa çağırdıq (musavat.com).