İctimai Palata Naxçıvanda AXCP üzvləri Yaşar və Zeynal Bağırzadə qardaşlarının ötən gün yenidən təhdid olunması ilə bağlı bəyanat verib.
Xatıradaq ki, Bağırzadə qardaşları indiyədək dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb, fiziki zorakılıqla üzləşiblər. Hətta onlardan biri – Zeynal Bağırzadə həbs də olunub. Ötən gün isə yerli hakimiyyət nümayəndələri Zeynal Bağırzadənin məhsul verən əkin sahəsini şumlatdırıb, mal-qarasının saxlandığı tövləni sökdürüb, özünü isə hədələyiblər ki, qardaşı ilə birlikdə Naxçıvandan köçsün.
İctimai Palata baş verənləri Naxçıvanda indiyədək yaşanan despotik təcrübənin davamı kimi qiymətləndirərək qətiyyətlə pisləyir. İctimai Palata bəyan edir ki, Naxçıvan artıq bütün dünyada Azərbaycandakı avtoritar rejimin qəddarlıq və işgəncələr üzrə “poliqonu” kimi tanınır. Ən ağlagəlməz despotik addımlar burada sınaqdan sıxarılır, sonra isə bütövlükdə Azərbaycanda tətbiq edilməyə başlanır.
İctimai Palata Naxçıvan MR-də ən adi insan haqlarının belə, ən qəddar metodlarla tapdandığını göstərən nümunələri sadalamağa ehtiyac duymadan son faktlardan birini – MR ərazisində tənqidçi mətbuatın, xüsusən də “Azadlıq” və “Yeni Müsavat” qəzetlərinin oxunmasının qadağan edilməsini xatırladır. Palata bu fonda Bağırzadə qardaşlarına qarşı son baş verənlərdən demokratik ictimaiyyətin şoka düşdüyünü diqqətə çatdırır.
“Vətəndaşı zorla yaşadığı yerdən köçməyə məcbur etmək, yadelli işğallarındakı kimi onun təsərrüfatını dağıtmaq yalnız orta əsrlərdə rast gəlinə bilən hallardır. Lakin avtoritar Azərbaycan rəhbərliyinin yaratdığı cəzasızlıq mühiti və müxalif fikrə qarşı dözümsüzlüyü stimullaşdırması sayəsində bu gün Naxçıvanda AXCP-nin MR şöbə sədri Yaşar Bağırzadə və onun qardaşı, partiya fəalı Zeynal Bağırzadə təbii haqlarından, yaşamaq hüququndan belə məhrum edilir. Bağırzadə qardaşları artıq xeyli vaxtdır ki, siyasi mövqelərinə görə Naxçıvan rəhbərliyinin repressiyası ilə üz-üzə qalıb. Onlar ən müxtəlif hədə və təzyiqlərə məruz qalmaqla yanaşı, döyülüb, Zeynal Bağırzadə uydurma ittihamla həbsdə yatıb. İndi isə MR rəhbərliyi Zeynal Bağırzadənin fərdi təsərrüfatını dağıtdırır, onu və qardaşı Yaşar Bağırzadəni Naxçəvandan köçüb getməyə məcbur etmək istəyir”, – deyə bəyanatda bildirilir.
İctimai Palata bəyan edir ki, yerli hakimiyyətin bütün təhdidlərinə baxmayaraq Bağırzadə qardaşları mövqelərindən dönmək və doğma yurd-yuvalarını tərk etmək fikrində deyillər. Müvəqqəti olaraq Bakıya gəlmiş Yaşar Bağırzadə isə Naxçıvana dönməkdədir.
İctimai Palata yerli və beynəlxalq ictimaiyyəti Bağırzadə qardaşlarına qarşı insanlığa sığmayan bu münasibəti diqqətdə saxlamağa, baş verənləri durdurmaq üçün etiraz səsini ucaltmağa və mümkün təsirli tədbirlərə əl atmağa çağırır.
İP Naxçıvandakı siyasi vəhşiliyi dayandırmağa çağırır
•