Rusiya baş nazirinin müavini Dmitri Roqozin avqustun 15-də Azərbaycana ikigünlük səfərə gəlir. Bu barədə “Turan”a diplomatik mənbə məlumat verib. Səfərin proqramı açıqlanmır. D.Roqozinin prezident İlham Əliyevlə görüşəcəyi gözlənilir.
D.Roqozin RF hökumətində hərbi-sənaye kompleksi məsələləri ilə məşğul olur. Danışıqların mövzularından birinin Qəbələ RLS üzrə sazişin uzadılması ilə bağlı olacağı istisna edilmir.
İkitərəfli münasibətlərə, regionda və dünyada vəziyyətə dair digər aktual məsələlərin müzakirəsi də ehtimal olunur.
Qeyd edək ki, İ.Əliyev və D.Roqozin arasında AŞPA-da fəaliyyətlə əlaqədar yaxşı münasibətlər var. Belə ki, onlar öz ölkələrinin milli nümayəndə heyətlərinə rəhbərlik ediblər.