Ərdoğan Bakıda PKK ilə bağlı müzakirə aparacaqmı?

Elxan Şahinoğlu: “Ərdoğan rəsmi Bakıdan PKK ilə mübarizədə dəstək istəyə bilər”

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb. Sentyabrın 11-12-də baş tutacaq səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir. Səfərin PKK-nın Türkiyədə fəallaşdığı dövrdə baş tutması isə təsadüfi görsənmir.
PKK-nın fəallaşması daha çox Türkiyənin Suriya məsələsində tutduğu mövqeyi ilə izah olunur. Eyni zamanda bu fəallaşmanın İran tərəfindən qaynaqlandığı ehtimalı da var. Bir müddət əvvəl Tehranın Türkiyəni hədələməsi də belə bir fikir yürütməyə əsas verir. Həmçinin Azərbaycanda da terrorçu təşkilata dəstək verən qüvvələrlə bağlı məlumatların mətbuatda yer alması, hətta ara-sıra Türkiyə tərəfindən bununla bağlı açıqlamaların verilməsi onu deməyə əsas verir ki, Ərdoğanın səfərində əsas məqsəd məhz PKK ilə bağlı müzakirələrin aparılmasıdır. Belə olan halda Ərdoğanın rəsmi Bakıdan hansı istəkləri ola bilər?

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Ərdoğanın Azərbaycana səfəri zamanı PKK ilə mücadilə məsələsini qaldıracağını istisna etmir. Çünki Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasında bütün istiqamətlərdə əməkdaşlıq nəzərdə tutulub. Bu çərçivədə PKK ilə birgə mübarizə məsələsi də geniş müzakirə oluna bilər. Hətta Ərdoğanın bununla bağlı müəyyən təkliflərinin olacağını da gözləmək olar. Çünki Azərbaycanda PKK-ya dəstə verən qüvvələrin olması Türkiyəni də ciddi narahat edir. Hətta vaxtilə Abdulla Öcalan PKK-nın Azərbaycanda dəstəyinin olduğunu vurğulamışdı. Bu baxımdan Ərdoğan rəsmi Bakıdan PKK ilə mübarizədə dəstək istəyə bilər.
Ekspert Azərbaycanın bu məsələdə Türkiyə ilə əməkdaşlığını vacib hesab edir. Çünki əks halda belə görüntü yarana bilər ki, həqiqətən də Azərbaycan PKK məsələsində Türkiyənin maraqlarına zidd mövqe tutur.

Fizzə