Qəfəsdəki Şahin

Elə dustaqlar var ki, dəli olub düzlərə düşənlər də onun kimi azad deyillər. Çünki azadlıq məhz dərk olunmuş zərurətdir. Azadlıq uğrundə şüurlu mübarizədə dustaq olmaq  azadlığın zirvəsinə addım basmaqdır. Tarix azadlıq savaşçılarının gözləri ilə gülümsəyib yalnız. Tiranlarla qaşını çatıb, müdriklərlə düşünüb. Insan 120 min il bundan əvvəl də, bu gün də eyni daxili tələbatlar uğrunda savaşır. Bəziləri qarnını doyurmaq, bəziləri başını qorumaq, bəziləri isə özünü məhz başqalarının qarnını doyurmaq, başını qorumaq üçün savaşa atır.
Ona görə də hər müharibə bir taledir. Böyük müharibələr, mübarizələr isə böyük mənada taledir,  yəni tarix. Tarix ortaq olmağı bacarmış böyük talelərin  məcmusudur. Ona görə də bu mübarizə həm bizim tariximiz, həm də taleyimizdir. Məhz bu səbəbdən də biz özümüzü hər yerdə savaşan və əzilən soydaşımızın yanında və yerində görürük.
Həbsxana azad insanlara məğlub olmağa məhkumdur. Çünki insan ruhunu, düşüncəsini qıfıllamaq olmur. Bu sadə həqiqətin arxasında çox böyük ordular savaşıb, millətlər, xalqlar indi də savaş verirlər. Azadlığı alınmış bir millətin mübarizəsi onun zindanlardakı azadlıq mücahidlərinin iradəsində davam edir. Bizim mübarizəmiz də bu gün “ömürlük həbsdə yatsam da əfv ərzəsi yazmayacam” deyən Şahin Həsənlinin timsalında davam etdirilir. O, bizim mücadilənin ən etibarlı vəsiqəsidir. Başını aşağı salıb içini görən adamlar bu hakimiyyət üçün həmişə daha təhlükəli olub. Ona görə də Şahin bəy hələ də həbsdədir. Biz yaxşı bilirik ki, ideya vacibdir, amma onu təşkilatlandırmaq daha vacibdir.  Hakimiyyət isə düşünən insanlardan da, sağlam düşüncənin yayılmasından da cin misdən qorxan kimi qorxur.
Xalq Cəbhəsi hər zaman öz qoynunda yetişdirdiyi övladları ilə seçilib, bu seçkinliyinə görə də qürur duyub. Çünki tarixə qoşulmaqla tarixin üzünü, yönünü dəyişmək mücadiləsi vermək tamam fərqli addımlardır. Biz heç zaman “məni boğan bir qaşıq suya da sel deyərəm” prinsipini yaxın buraxıb təslim olmadıq. Əksinə, bu milləti aparmaq istəyən selin qarşısına çıxdıq. Itki də verdik, ziyan da çəkdik, amma selin qabağından çəkilmədik. Bu gün də bu selin qarşısındayıq və dirənişimizin ən böyük qayalarından biri Şahin Həsənlidir.
Bir çoxları bu sistemin dəyişməsi üçün mücadiləyə qoşulmamaqlarını “ailəmiz, uşağımız var” deyə əsaslandırırlar. Əlbəttə, insanları ittiham etmək doğru deyil. “Hər kəs bir cür Koroğludur – birisi qaçır, birisi savaşır”, amma etiraf edək ki, bu mübarizə təkcə ailə uşaq mücadiləsi deyil. Hər kəs ona verilmiş ömrü ailə-uşağı ilə ya yaşayır, ya da hansısa səbəbdən bu qismət olmur. Ona görə də bəhanə başqa, əsas başqa. Bu bir ləyaqət davasıdır. Xeyirlə şərin mücadiləsidir. Düşmənlə mübarizədə qəfəsə düşmək məğlubiyyət deyil. Bunu tarix boyu əsl savaşçıların, demək olar, hamısı yaşayıb. Insan zindanları görməsə, azadlıq uğrunda savaşın necə həqiqi bir yol olduğunu daha möhkəm dərk eləməz. Amma heç bir qəfəs həqiqi bir savaşçını  öz varlıq səbəbindən – savaşından döndərə bilməz. Şahini də!