Spikerlə ARDNŞ prezidenti mülk uğrunda hakimlərə təzyiq göstərir
Iqtisad məhkəmə iki məmurun arasında girinc qalıb. Bunlar Milli Məclisin spikeri Oqtay Əsədov və Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevdir.
Bu barədə redaksiyamıza iqtisad məhkəməsində çalışan və adının çəkilməsini istəməyən hakimlərdən biri məlumat verib. Onun sözlərinə görə, ARDNŞ Binəqədi rayonu ərazisində şirkətə məxsus torpaq sahələrində tikilən evlərin qanunsuz hesab edilməsilə bağlı iddia qaldırıb. Bu ərazilər Binəqədinin icra başçısı olmuş, Oqtay Əsədovun qudası Alı Qocayevin vaxtında vətəndaşlara satılıb. Bundan başqa həmin ərazilərdə spikerin çoxlu sayda yaxınlarının da mülkləri var. Bu baxımdan Oqtay Əsədov məhkəmələrə ARDNŞ-in iddialarının təmin edilməməsi üçün təzyiq göstərir. Digər tərəfdən də Rövnəq Abdullayev məhkəmələrə təzyiq göstərərək iddiaların təmin olunmasını tələb edir. Beləliklə də məhkəmələr çıxılmaz duruma düşüb. Məlumatlara görə, bu məsələ artıq birinci şəxsə qədər gedib çıxıb. Lakin nəticə yoxdur. Məmurlar məhkəmələrə təzyiqlərini davam etdirirlər.
Məlumat üçün deyək ki, Rövnəq Abdullayev ARDNŞ prezidenti təyin ediləndən sonra qurumun balansında olan torpaqların geri qaytarılmasına çalışır. Xüsusilə də Binəqədi rayonun ərazisində, Sulutəpə, Xocahəsən qəsəbələrində ARDNŞ-in balansına daxil olan torpaqların geri alınması üçün Rövnəq Abdullayev əməlli-başlı savaşa başlayıb.
Məlumatlarda deyilir ki, bu ərazilər Alı Qocayevin dönəmində vətəndaşlara satıldığına görə Rövnəq Abdullayevlə Oqtay Əsədovun arasında münasibətlər gərginləşib. Elə bu səbəbdəndir ki, Bəylər Əyyubovun müdaxiləsilə “Azərsu” Oqtay Əsədovun əlindən alınıb. Onun qudası Alı Qocayev isə Binəqədinin icra başçısı postundan çıxarılaraq Samuxa başçı göndərilib.
Hikmət