Mingəçevirdə görünməmiş rəzalət

Qəbiristanlıqda şadlıq sarayı tikilib

Mingəçevir şəhərində qəbiristanlıq ərazisində şadlıq evi inşa olunub. 3 ilə yaxındır ki, fəaliyyət göstərən “Zərif” adlı bu şadlıq sarayı şəhərin Mingəçevir kəndi adlanan ərazisinin sakini Nəriman Hüseynova məxsusdur.
Qeyd edək ki, Bozdağın lap yaxınlığında – şəhərin köməkçi yolunda yerləşən bu qəbiristanlıq Mingəçevirin ilk qəbiristanlıqlarındandır. Qəbiristanlıqda dəfn olunmuş qeyri-millətlərin nümayəndələrinin sayı azərbaycanlılarla müqayisədə üstünlük təşkil edir. Doğrudur, qəbiristanlıq uzun illərdir qapadılıb. Lakin istənilən halda bu, orada analoji obyektin tikilməsinə əsas ola bilməz.

Onu da əlavə edək ki, şadlıq evinin sahibi olan Nəriman Hüseynov vaxtilə şəhərin başqa bir ərazisində tikinti materiallarının satışıyla məşğul olub. Elə inşa etdirdiyi şadlıq sarayı da öncə tikinti materiallarının, daha sonra avtomobillərin satış salonu kimi fəaliyyət göstərib. Sonunda iş adamı heç bir ölçüyə sığmayan addım ataraq obyektin ərazisini qəbiristanlığın daxilinə nüfuz edərək genişləndirməklə şadlıq evi biznesinə baş vurub. Qəbir sahiblərinin bir qədər gecikmiş narazılıqlarının artmasına səbəb isə son zamanlar şadlıq evindən tullantıların əraziyə boşaldılması olub.
Xatırladaq ki, şadlıq evinin açılışı şəhərdə indiyədək faciəvi hadisəylə anılır. Belə ki, həmin gün şadlıq sarayının qarşısındakı yolu keçmək istəyən bir uşaq avtoqəzanın qurbanı olmuşdu.

Azər