Londonun “Berg” studiyası saytlardakı məlumatları dar kağız lentdə çap etməyə imkan verən mobil printerlər üçün sifarişlərin qəbuluna başlayıb. Bu barədə studiyanın bloqunda yerləşdirilən məlumatda qeyd edilib.
“Little Printer” adlandırılan qurğunun qiyməti 199 funt sterlinq təşkil edir. ABŞ və Kanadada onu 259 dollara almaq olar.
Printerlər üçün sifarişlərin qəbuluna avqustun 14-dən etibarən başlanılıb. Berg sifarişçilərə ilk qurğuları iki ay ərzində – oktyabrın ortalarına çatdırmağı planlaşdırır. Qurğunu studiyanın saytından sifariş etmək mümkündür.
Printer internetə Ethernet-kabellə qoşulan və Little Printer-ə məlumatları simsiz kanal vasitəsilə ötürən BERG Cloud Bridge qurğu, müxtəlif tip enerji rozetkaları üçün adapter və üç rulon kağızla birlikdə çatdırılır.
İstifadəçi Berg-in saytına daxil olmaqla (həmçinin iPhone, Android və Windows Phone əməliyyat sistemli brauzerdən) Little Printer-ə məlumat, xəbər, hava proqnozu və digər məlumatlar göndərə bilər. Sayt sahibləri qurğuda çap etmək üçün resurslarını sazlaya bilərlər.
Qeyd edək ki, mürəkkəbdən istifadə etmədən termokağızda çap edən Little Printer qurğusu 2011-ci ilin noyabrında təqdim olunub (ans press).