Nazir özünü Kəmaləddin Heydərovdan sığortaladı
Vergilər naziri Fazil Məmmədovla fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yollarının ayrılması barədə ötən saylarımızda məlumat vermişdik. Bildirmişdik ki, Fazil Məmmədov artıq Paşayevlərin çətiri altına sığınıb. Bu isə onun sabiq bossu Kəmaləddin Heydərovu bərk hiddətləndirib.
“Fövqəlnazir” hansısa formada Fazil Məmmədova sarsıdıcı zərbə endirməyə çalışır. Bundan vergilər nazirinin özü də məlumatlıdır. Hər halda Fazil Məmmədov Kəmaləddin Heydərovun onun bu addımını cavabsız qoymayacağından ehtiyatlanır. Hətta mətbuatda barəsində dərc edilən məlumatlara görə də Kəmaləddin Heydərovdan şübhələnir. Fazil Məmmədovun yaxın ətrafı da bu baxımdan narahatlıq içində olub. Lakin artıq həm Fazil Məmmədov, həm də onun yaxın ətrafı bir qədər arxayınlaşıb. Bunun səbəbi isə güləşçilərimizin London Olimpiyadasındakı uğurlarıdır. Bəllidir ki, Güləş Federasiyasının prezidenti Fazil Məmmədovdur. Bu isə o deməkdir ki, güləşçilərimizin uğurları həm də vergilər nazirinin uğurudur. Məlumatlara görə, bu uğur Fazil Məmmədovu hakimiyyət komandasının sevimli üzvünə çevirib. Hətta buna görə Fazil Məmmədovun baş nazir postu ilə mükafatlandırılacağını söyləyənlər də var. Lakin bu bir qədər inandırıcı deyil. Əvvəla, ona görə Fazil Məmmədov baş nazir postuna yiyələnə biləcək qədər fiqur deyil. Digər tərəfdən bu post uğrunda hakimiyyətin azman fiqurları mübarizə aparır. Inandırıcı deyil ki, Ilham Əliyev Fazil Məmmədovu olimpiya uğuruna görə baş nazir təyin etməklə qruplarası ziddiyyətləri alovlandırsın.
Amma olimpiya uğuru Fazil Məmmədovun özünü Kəmaləddin Heydərovdan sığortalaması ilə yanaşı, nazir üçün Ilham Əliyevə birbaşa çıxış imkanı yaradıb. Bu isə onu ölkə başçısı ilə daha da yaxınlaşdıra və ümumiyyətlə toxunulmaz fiqura çevirə bilər. Necə ki, bir vaxtlar nəqliyyat naziri Ziya Məmmədov məhz voleyboldakı uğurlara görə Ilham Əliyevə yaxınlaşa bilmişdi. O zaman Ziya Məmmədov nəqliyyat naziri deyildi. Dəmiryol Idarəsinin rəisi postunda çalışırdı. Eyni zamanda Azərbaycan Voleybol Federasiyasının prezidenti idi. Bildirilir ki, o zaman “Azərreyl”in prezidenti Bəhram Yaradanquliyevin xahişi ilə Faiq Qarayev Türkiyədəki fəaliyyətinə son verib, Azərbaycana gəldi və voleybol yığmamızı çalışdırmağa başladı. Voleyboldakı uğurlar Ziya Məmmədovla Ilham Əliyevi yaxınlaşdırdı. Nəticədə Ziya Məmmədov Ilham Əliyevin dəstəyi ilə nəqliyyat naziri təyin edildi. Indi də Fazil Məmmədovun Ilham Əliyevə birbaşa çıxış imkanı yaranıb. Bu imkan nazirin ölkə başçısına daha yaxın olmasını şərtləndirə və toxunulmaz fiqura çevirə bilər.
Hikmət