Ermənistanla məxfi silah anlaşması deşifrə edildi

Ukrayna Baş Kəşfiyyat Idarəsi rəisinin Ermənistana gizli silah satışına dair məktubunun detalları açıqlandı

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat Idarəsinin rəisi, general-mayor Sergey Qımızanın Ermənistana reaktiv yaylım atəş sistemləri və portativ zenit-raket komplekslərinin satışına dair prezident Viktor Yanukoviçə ünvanladığı məktubun detalları bəlli olub.
S.Qımızanın imzaladığı 15 oktyabr 2011-ci il tarixli, 222/3D/0102 saylı məktubda Ermənistana silah satışı ilə bağlı bir sıra detallar göstərilib. Məktubda qeyd olunur ki, 17.09.2011 tarixində “Ukrspeseksport” Dövlət Müəssisəsi ilə Ermənistanın “DG Arms Corporation” şirkəti arasında “Smerç” reaktiv yaylım atəş sistemi (12 ədəd) və “Iqla” tipli 50 ədəd portativ zenit-raket kompleksinin alğı-satqısına dair müqavilə imzalanıb. Ermənistan tərəfi sentyabrın 19-da sifariş üzrə ödənişin 50%-ni köçürüb. Kəşfiyyat Xidmətinin rəisi məktubunda sifarişin çatdırılması üçün MDB və Avropa Birliyi ölkələrində qeydə alınmış saxta firmalardan istifadə olunmasını təklif edib. Məktubda Ermənistanın artıq müqavilənin dəyərinin 50 faizini ödədiyi, eləcə də Azərbaycanın bundan xəbərdar ola biləcəyi qeyd olunub. Məktubda Azərbaycanla Ukrayna arasında hərbi-texniki və enerci əməkdaşlığını zərbə altında qoymamaq üçün “Ukrspesexport”a “Ermənistanla sazişin həyata keçirilməsi faktından açıq şəkildə imtina etmək, ”DG Arms Corporation” şirkətinin rəhbəri D.Qalstyana isə “öz ətrafında etibarsız təchizatçı” kimi “Ukrspesexport”un rəhbərliyi və Ukrayna tərəfi arasında münasibətlərin kəskin pisləşməsi barədə arbitraja yalandan müraciət etmək təklif olunub.
Məlumatda həmçinin “Smerç”lərin saxta firmaların vasitəsi ilə Moldova ərazisində konspirasiya şəraitində həyata keçirilməsinə dair təklif yer alıb. Bu zaman məmulatlar üzərində nişanlar dəyişdirilməli, faktın üstü açılacağı halda “Iqla” zenit komplekslərinin Liviyadakı üsyançıların öz ölkələrindəki anbarlardan ələ keçirdikləri rəyi formalaşdırılmalı idi.
Ukraynanın Xarici Işlər Nazirliyi isə dünən Ermənistana reaktiv yaylım atəş sistemi və zenit-raket komplekslərinin satışı barədə yayılan məlumatları təkzib edib. APA-nın “RIA Novosti”yə istinadən verdiyi məlumata görə, nazirliyin xarici siyasət şöbəsinin spikeri Aleksandr Dikusarov dünən keçirdiyi brifinqdə deyib ki, internet resurslarında yerləşdirilmiş bu materiallar naməlum mənşəlidir, həqiqəti əks etdirmir və təxribat xarakterlidir.