48 milyard dollarlıq ailə oğurluğu

Avropadan alınan soraqlara görə, Əliyevlər ailəsinin Azərbaycandan oğurladıqları pulların sayı 100 MILYARD dolları keçib. Buna inanmaq da olar, inanmamaq da. Başqa cür desək, Əliyevlərə bağlı ailə oğurluğu 100 milyarddan az da ola bilər, çox da. Başlıcası bu deyil. Başlıcası ortadakı milyardlarla oğurluq faktıdır. Yeri gəlsə, aşırı patriotizmimiz fontan vursa, biz Avropadan alınan soraqlara inanmaya da bilərik. Di gəl, kor-kor, gör-gör var, axı. Azərbaycan 1993-dən QORXUNC rüşvət-korrupsiya, oğurluq-soyğunçuluq içindədir (1969-dan olduğu kimi). Biz Avropanı yalançı sayıb dediyini dana bilərik, bu faktı necə danmaq olar?!
Azərbaycan bütün sferalar üzrə korrupsiya içində batıb gedirkən Prezident Administrasiyası demokratik-qanunçu jurnalistikanı boğmağa yönəlmiş “Informasiya əldə etmək haqqında” adlı antiqanuna əl atırsa, ölkədən çıxarılan milyardlarla dollarlıq oğurluğun başında kimin (kimlərin) durduğunu soruşmağa dəyərmi?! Ölkənin sağlamlıq, təhsil, gömrük, vergi sistemi necə bir qorxunc korrupsiya içindədirsə, məhkəmə-hüquq sistemi ondan qat-qat artıq, qat-qat öldürücü korrupsiya içindədir. Belə yerdə MILLI TƏHLÜKƏSIZLIK NAZIRLIYINDƏN, onun funksionallığından danışmağa dəyərmi?! Ən başlıcası, bizdə Prezident Administrasiyasının özü korrupsiyanın BAŞ ŞTABI rolunda çıxış etməkdədir. Bununla da SISTEM bütövləşir, ÇEVRƏ qapanır.
Qabaqlar Azərbaycanda rus generalı Ştemenkonun kitabı yayılmışdı: “Baş ştab müharibə illərində”. Orada Ikinci Dünya Savaşından danışılırdı. Indi Əliyevlərin dünya banklarında, ofşor zonalarda qalaqlanmış milyardlarla dollar oğurluqları üzə çıxdıqca bizim baş ştabın – Prtezident Administrasiyasının “müharibə illərində” nələr etdiyi konkret faktlarla ortaya çıxır. Müxalifət başını qaldıran kimi ata Əliyev televiziya ekranlarından bütün ölkəyə səslənərək deyirdi: “Ölkədə müharibə gedir, bunlar hakimiyyət uğrunda mübarizə aparırlar”. Müxalifətə qarşı bu şantaj metodu sonralar geniş yayıldı. Günlərin bir günü Ziyalılar Forumu ölkəni bütünlüklə bürümüş rüşvət-korrupsiya faktına qarşı çıxanda BDU-nu çoxdan rüşvət unuversitetinə çevirmiş M.Abel yubanmadan “ümummilli” şantaj metoduna əl atdı: “Ölkədə müharibə gedir, kimlərsə özlərinə ziyalı adı qoyub ara qarışdırırlar”. Onda YAP icra katibi, Azərbaycan xalqının qatı düşmənlərindən biri olaraq tanınan Əli Əhmədov da öz sözünü dedi: “Ziyalı siyasətə qarışmamalıdır”. Oğrular doğru buyururlar: aydınlar siyasətə qarışanda ortada aydınlıq yaranır – oğurluğa yer qalmır.
B.Britaniyaya bağlı konkret qurum ortaya konkret fakt çıxarıb: 1993-2010-cu illlər arasında Azərbaycandan ofşor zonalara 48 milyard dollar pul ötürülüb. Fakt ortadadır: H.Əliyevin hakimiyətə qayıdışı ilə Azərbaycanı içindən çökürtmək, Azərbaycan xalqını içdən yıxmaq PLANI BAŞ ŞTAB düzəyində işə salınıb. Bir-birindən saxta seçkilər bu planın bel sütunlarından sayılmalıdır. Saxta seçkinin özü də bir oğurluqdur – başqa oğurluqlara özül oğurluq! 20 illik əliyevçi rejim boyunca Azərbaycan seçki-seçki, mandat-mandat oğurlandı. Əliyevçi IŞĞAL rejimi bu ölkədə demokratiyanı da saxta seçkilər yolu ilə mandat-mandat oğurladı.
Əliyevçi oğru hakimiyyət yetkililəri bu gün Azərbaycanda demokratiya yoxluğunu Qarabağ savaşı ilə bağlayırlar. Tək bir yerdə – ofşor zonada – 48 milyard dollara yiyəlik eləyən Ilham Əliyev tez-tez Azərbaycanın hərbi büdcəsinin “Ermənistan”ın dövlət büdcəsindən qat-qat artıq olduğu ilə öyünür. Torpaqlarımızın 20%-i ermənilərdədir, son üç ayda ermənilər 15 əsgərimizi öldürüblər. Savaş bölgələrinə göndərilənlərin hamısı ata-oğul Əliyevlərin soyğunçuluq yolu ilə var-yoxdan çıxardığı yoxsul xalqın uşaqlarıdır. 48 milyard dollara Qarabağı Rusiyadan satın almaq olardı!