Vahab kişi ilə “Bonk” arasında seçim

Çap olunmayan “Ölüm korpusu” kitabından parçalar…

Təəssüf ki, bu kitabı çap etdirə bilmədim. Azərbaycandakı bütün mətbəələr onu dərc etməyə qorxdular, vəssalam. Əslində isə burada qorxmalı heç nə yox idi. Daha kəskin və daha sərt kitablar yazılır. Nəyə görə qorxduqlarını bilmədim.Hər halda, hesab edirəm ki, adamlar mənim həbsxana xatirələrimi səbrlə və maraqla oxuyacaqlar. Onu “Azadlıq”a verdim. Zatən, həbsxana yazılarının “Azadlıq”a çıxması yaxşı əlamətdir. Xüsusilə də, indi. Hamı gözləyir ki, ya kimlərisə həbs edəcəklər, ya da kimlərisə buraxacaqlar. Belə vəziyyətdə bu yazılar təlimat xarakteri də daşıya bilər. Hər kəs üçün təlimat. Nazirdən tutmuş, dilənçiyə qədər hər kəs orada nələrin və necə baş verdiyini bilməlidir. Hətta prezident belə bilməlidir ki, oralarda nə baş verir…

Əvvəli ötən saylarımızda

Artıq kitab oxumağın təhərini də dəyişmişdim. Qərara gəlmişdim ki, 17 saylı cəzaçəkmə müəssisəsinin kitabxanasındakı bütün kitabları oxumaq kimi bir öhdəliyim olmadığından, ingilis dilini öyrənməyə başlayım. Ingilis dilindən heç bir anlayışım yox idi. Heç olmasa, bu dilin nəyə oxşadığını bilmək istəyirdim. Buna görə də evdən 5-ci sinif üçün nəzərdə tutulan dərslik gətizdirdim. 15 gün bu dərsliyin üzərində hıqqanıb onu mənimsəyəndən sonra Azərbaycanda “Bonk” adı ilə tanınan ingilis dili dərsliyinə başladım. Bu məşğuliyyət məni həm də yayın cəhənnəm istisindən ayırırdı. Bütün günü barakda otururdum, tər bədənimdən sel kimi axırdı. Əgər bu işlə məşğul olmasam, istinin bu beton hasarlar və divarlar arasında yaratdığı bürkünün məni hönkür-hönkür ağladacağını güman edirdim. Amma mən dil öyrənirdim və düşünmək olardı ki, ingilislərin qarşısında oturub ağlamaq ayıbdır. Xüsusilə, 5-ci sinfin dərsliyini oxuyanda ağlamağın ayıb olduğunu düşünürdüm. Dərslikdə balaca uşaqların bir-birinə müraciəti, onların məşğuliyyəti yazılırdı, mən isə onlardan biri deyildim, yekə kişi idim və ağlamaqla onların qarşısında rəzil ola bilərdim. Lap olsun “Bonk”. Bu, ali məktəb tələbələri üçün idi. Mən ali məktəbdə 20 il əvvəl oxumuşam, həm də “bərkgedən” tələbələrdən olmuşam. Indi bunların yaş psixologiyasına hesablanmış bir kitabın qarşısında ağlamaq olmazdı, axı! Buna görə də ingilis dilində lap balaca bir təsəvvür edən kimi “ağlamamaq” felinin əmr şəklini öyrənib qulaqlarımdan asdım.
“Zon”da Kürdəmirdən heç kim yox idi. Amma Yevlax uşaqları vardı və onlara zarafatla deyirdim ki, bu isti sizə vətəni xatırladar, özünüzü Yevlaxdakı kimi hiss etməyə yardımçı olar, yəqin. Hətta onlar da etiraf edidilər ki, Yevlax yayın ən qızmar zamanında belə, bu qədər istiyə iddia edən bir yer deyil.
Istinin bu dəhşətli çağında korpusa qoca bir kişi gətirdilər və onu paralel sırada, mənim çarpayımın tuşunda yerləşdirdilər. O, Qalalı Vahab kişi idi. Köhnə cinayətkarların hamısı onu tanıyır; daha doğrusu, hesabla, tanımalıdır, çünki Vahab kişi Azərbaycanın bütün, Rusiyanın isə bir çox həbsxanalarında “çifir qonyat eləyib”. Ömrünün 30-35 ili həbsxanalarda keçmişdi. Indi isə vaxtını daha çox deyinməklə keçirir və müntəzəm olaraq kimlərinsə ünvanına yağlı söyüşlər göndərirdi. Amma arabir nəfəsini dərəndə, “Mənə baxmayın, yaşım 70-i keçib, siz söyüş söyməməlisiniz. Mənim söyüşümün karı qalmayıb daha, ona görə söyürəm”, – deyirdi. “Gün ərzində barakda ikimizdən başqa heç kim olmazdı”, desəm, yalan olmaz. Mən oturub ingiliscə oxuyurdum, o da uzanıb rusca söyüşlər söyürdü.
– Kimi söyürsən, bu qədər, Vahab kişi?
– Alə, söyülməli adam yoxdur, bəgəm? Ölkə doludur…
– Amma heç kimin adını çəkmirsən, axı…
– Heç kimin adını çəkmirəm… 35 ildir türmələri gəzirəm. Kiminsə adını çəksəm, tabutumu da burada sifariş verərlər. Mən də bilirəm, kimi söyürəm, söydüklərim də bilirlər ki, onları söyürəm. Elə bilirsən, eşitmirlər? Onların yüz dənə qulağı var ee, burda. Bu korpusda indi nə qədər adam olar? Olsun 120-130. Bu 120-130-un içində 100-ü bunlara işləyir. Hamısı işverən köpəyuşağıdır. Bunların boynunun arxasından baxanda tanıyıram… Neyləyirsən alə, ingilis dilini? Sən əvvəlcə bunların dilini öyrən! Bunların dilini öyrənməsən, günün birində görəcəksən, torbanı tikiblər, ipini də veriblər Nazim Ələkbərovun əlinə. Arabir başını qaldır, tulla o zəhrimar kitabı bir qırağa, gəl söhbət eləyək, gör mənim başım nələr çəkib! Danışım, otur yaz alə də! Bilirsən, bu taxtanın arxasında nələr var? – Əlini sinəsinə çırpırdı.
– Elə həmişə deyirsən, danışarıq. Nə vaxt, alə? Gedirəm e, mən. Bir də görəcəksən, adyalın arasında çıxartdılar bayıra. Həmişə ondan qorxmuşam. Ölürsən, səni adyala bükürlər, üzdəniraqlar çıxarıb tullayır bayıra. O qədər görmüşəm ki, belə şeyləri. Adama ağır gəlir də, bacoğlu. Neçə il “srok” otur, adına bir kəlmə söz çıxmasın, amma axırda üzdəniraqlar səni götürüb fırıldatsınlar bayıra…
Vahab kişi maraqlı adam idi. Amma “Bonk” daha cəlbedici idi. Vahab kişi ilə bir az söhbətdən sonra isti adamın yadına düşürdü, adamın nəfəsi istidən təntiyirdi, amma “Bonk”la məşğul olanda nəfəs yaddan çıxırdı. Buna görə də çox vaxt Vahab kişinin nə dediyinə yalandan qulaq asır, başımı da yalandan yelləyirdim. O da bunu bilirdi və özü də danışmaqdan bezirdi:
– Dolamısan e məni, bu ağsaqqal yaşımda. Alə, qulaq asmaq istəmirsən, de ki, istəmirəm də, nöş məni yola verirsən, bayaqdan “porojnyak tolkat” eləyirəm, alə…
Hərdən kimsə gəlib onun çarpayısının kənarında otururdu, bir az söhbətdən sonra eşidirdim ki, səsini qaldırdı:
– Mənə bax, “tı sam uydyoş, ili tebya poslat? Otstan ot menya, çort tebya poberi…
Gülüş və səssizlik…
Amma mən bizim gözəl və möhtəşəm korpusumuzu təsvir etməliyəm. Burada illərini, aylarını keçirən sevimli cinayətkarların orada günü necə başa vurduqlarını da deməliyəm. Kimsəyə elə gəlməsin ki, bu, lazım deyil. Lazımdır. Çünki hər kəs, hətta “bu, heç nəyə lazım deyil” deyənlər də orada ola bilər. Bu, Ilham Əliyevin “lazım”ı deyil ki, gəlməsin; Hətta Ilham Əliyevin “lazım”ı olaraq da gələ bilər.
Bizim korpusun iki barakdan ibarət olduğunu ərz etmişəm. Hər barak 80 nəfər üçün nəzərdə tutulub, amma bəzən buraya əlavə çarpayılar da qoyulmaqla yerlərin sayını 85-ə, 90-a çıxarmaq olur. Baraklarda ikimərtəbəli çarpayılar üç sıra ilə düzülür. Ortadakı sıranın hər iki tərəfi keçid yollarıdır. Mənim əvvəlcə yerləşdiyim barak ürəyimcə deyildi. Bu barakın baş tərəfindəki bir neçə metr həyətdəki tualetlə eyni divarı bölüşürdü. Dustaqların sayı artdıqca, tualetə baş vuranlar da çoxalırdı. Əlbəttə, barakın divarı birbaşa tualetlə şərik deyildi. Orada tualetə keçid hissəyə qədər əlüzyuyan vardı. Tualetin bu balaca, iki metrlik giriş hissəsində 160 dustaq üçün 6 ədəd su kranı quraşdırılmışdı və bu məntiqlə də yarım saat ərzində 160 nəfər bu 6 kranda növbə gözləyib yuyunmalı idi. Amma xoşbəxtlikdən, bizim “zon”da rejimin bu qaydası bir qədər axsaq idi və uşaqların əl-üz yumaq üçün daha çox vaxt haqq etdiyi hüquqi olmasa da, praktik olaraq tanınırdı. Yoxsa, bilirsinizmi nə alınardı? Hər bir nəfər səhər-səhər əl-üzünü 1,7 dəqiqəyə yumağa məcbur olardı. Kranların sayına uyğun da tualet kabinələri vardı: 160 nəfərə 6 ədəd. Demək ki, tualet haqqı da eyni zamanda tanınmalı idi. Əlbəttə, 1,7 dəqiqəyə əl-üz yumaq olar, amma bu müddətdə səhər ifrazatını başa vurmağın mümkünlüyünə heç kim zəmanət verə bilməz. Ən sərt rejim, ən vahiməli rəis belə, adamı məcbur eləyə bilməz ki, adam tualetə daxil olub 1,7 dəqiqəyə bütün təbii ehtiyaclarını rəf eləyib çıxsın.

ardı var