Suriyanın keçmiş baş naziri rejimin ölkənin 30 faizinə nəzarət etdiyini açıqladı
Suriyada vətəndaş müharibəsi davam edir. Hökumət qüvvələri ilə üsyançılar arasında Hələb şəhərində gedən döyüşlər şiddətlənib. Hökumət qüvvələri şəhərin Sukkari və Seyf əd Dövlə rayonlarında onlarla müxalifətçini öldürüb. Cubb əl Qübbə və Masakin Hannano rayonlarında da şiddətli döyüşlər gedir. Əsədin əmrindəki əsgərlərlə müxaliflər arasında döyüşlər Hələb ətrafında, paytaxt Dəməşqə gedən yolda da davam edir.
Ötən gün Suriyanın Islam Əməkdaşlıq Təşkilatında üzvlüyü dayandırılıb. Bu barədə təşkilatının xarici işlər nazirlərinin keçirilən toplantısında qərar qəbul olunub. IƏT-ə üzv olan Azərbaycan da Suriyanın üzvlüyünün dayandırılmasının lehinə səs verib. ABŞ Suriya üzərində uçuşa qadağan zonanın yaradılmasını nəzərdən keçirdiyini açıqlayıb. Ağ evin mətbuat katibi Cey Karninin sözlərinə görə, ABŞ Əsəd rejiminə təzyiqin bütün variantlarını nəzərdən keçirir və Suriya üzərində uçuşa qadağan zonasının yaradılmasını istisna etmir.
Bəşər Əsəd rejimiylə mübarizə aparan suriyalı müxaliflər üsyan başlanan gündən bəri əllərində ağır silahlar olmamasından və bu səbəblə də Suriya ordusuna qarşı uğur qazana bilməməsindən şikayətlənir. Müxaliflərin başqa bir çətinliyi də rejimin hava hücumları qarşısında aciz qalmasıdır. Israil kəşfiyyatına yaxınlığıyla tanınan “DEBKAfiles” saytı Suriya müxalifətinin bu iki mövzudakı çatışmazlıqlarının aradan qaldırılmaq ərəfəsində olduğunu bildirib.
Saytın xəbərinə görə, müxaliflərə Liviyadan 20 ədəd “T-62″ tankı göndərilib. Xəbərdə pulunu Qətər dövlətinin ödədiyi tankların ötən həftə Türkiyənin Iskəndərun limanından Suriyanın şimalındakı müxaliflərə gönərildiyi deyilir. DEBKAfiles” bir neçə gün əvvəl də müxaliflərə təyyarə və vertolyotları zərərsizləşdirmək üçün “Stinger” raketləri göndərildiyini yazmışdı.
“Reuters” xəbər agentliyi Liviyada Müəmmər Qəzzafini devirən müxalif döyüşçülərin bir qisminin indi də Suriyadakı üsyançılarla eyni cəbhədə yer aldığı barədə məlumat yayıb. Suriyada olan Xuşam Necar adlı bir liviyalı üsyançı “Reuters”ə təcrübəli müxaliflərin suriyalı üsyançılara təlimlər keçdiyini deyib.
Bu arada Suriyanın baş naziri postundan istefa verərək müxaliflərin tərəfinə keçən Riyad Hicab ilk dəfə mətbuat konfransı keçirib. O, sığındığı Iordaniyada keçirdiyi mətbuat konfransında Əsəd rejiminin ölkəyə nəzarəti itirdiyini bildirib. Eks baş nazir hökumətin ölkənin yalnız 30 faizini idarə etdiyini deyib. Hicab ölkənin hərbi, iqtisadi və siyasi baxımdan bərbad hala düşdüyünü söyləyib.
O, “təcrübəmə və oturduğum kürsüdə gördüklərimə əsaslanaraq sizi əmin edirəm ki, rejim çatlayıb” deyib. Suriyalı üsyançıların rejimə qarşı döyüşməyə davam etməsini tövsiyə edən Hicab müxalifətə xitabən “Suriya xalqı ümidlərini və inanclarını sizə bağlayıb” söyləyib. Eks baş nazir hökumət qüvvələrinə də səslənərək əsgərləri öz xalqına atəş açmamağa çağırıb.
Səudiyyə Ərəbistanının “Əl Vətən” qəzetinə xüsusi açıqlama verən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov iyulun 18-də Dəməşqdə Suriya Milli Təhlükəsizlik Şurasının toplantısı zamanı törədilən və yüksək səviyyəli rəsmilərin öldüyü partlayışda Bəşər Əsədin qardaşı Mahir Əsədin iki ayağını itirdiyini bildirib. Nazir müavini Bəşər Əsədin qardaşının şikəst qalmasından sarsıntı keçirdiyini, Mahir Əsədin durumunun ağır olduğunu söyləyib. Boqdanov əlavə edib ki, Bəşər Əsəd müəyyən şərtlər qarşılığında hakimiyyətdən getməyə hazırdır.
“Azad Suriya Ordusu”nun rəhbərlərindən biri general Mustafa əş Şeyx Dəməşqdəki partlayışdan sonra Bəşər Əsədin Tartusda gizləndiyini açıqlayıb. General Bəşər Əsədin Ağ dənizdəki Rusiya hərbi gəmilərinin bazasında gizləndiyini söyləyib. Mustafa əş Şeyx bildirib ki, bir neçə məmurun ölümü ilə nəticələnən hadisədən sonra Bəşər Əsəd ona qarşı sui-qəsd olacağından qorxduğu üçün Tartusa sığınıb.