“İqtidar Suriya siyasətini davam etdirərsə, seçkilərdə bu siyasətin qurbanı olacaq”
Elxan Şahinoğlu: “İran elə bir güclü dövlət deyil ki, Türkiyənin daxili işlərinə sərt müdaxilə edə bilsin”
İranla Türkiyə arasında hazırda gərginlik müşahidə olunmaqdadır. Iran Türkiyənin onu beynəlxalq izolyasiyadan çıxarmağa doğru təkliflərini özünə təhdid sayır. Bundan başqa, Türkiyənin yerləşdiyi regionda yürütdüyü siyasət də Tehranın etirazına səbəb olur.
Iran Milli Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Ibrahim Aka Məhammədi Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın Suriya siyasətinin onun iqtidarının axırına gətirəcəyini bildirib: “Ərdoğan və dostlarına tövsiyəm odur ki, bu işə qarışmasınlar”.
Türkiyənin “Milliyet” qəzetinin yaydığı xəbərə görə, Məhəmmədi Türkiyənin iqtidar partiyasının gələcək seçkilərdə bu siyasətin qurbanı olacağını söyləyib.
Məhəmmədi Türkiyənin Iranla dostcasına münasibət qurmağını da məsləhət görüb.
Iranın vaxtaşırı səslənən bu tip mesajlarının arxasında hansı məqsəd dayanır? Həqiqətənmi Iran Türkiyədəki seçki prosesinə müdaxilə etmək iqtidarındadır? Bir sıra ekspertlər bunu AKP-nin dini yönümlü partiya olmasını əsas gətirərək mümkün sayırlar.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, hazırda Iran Qərbin çoxsaylı sanksiyaları qarşısında təklənib. Belə bir vəziyyətdə Irana yardım etmək istəyən bir neçə dövlətə qarşı da Tehran rejiminin ədalətsiz davrandığını deyən E.Şahinoğlu vurğuladı ki, Türkiyə Iranın nüvə probleminin həllinə çalışır və bu istiqamətdə ardıcıl görüşlər keçirir. Türkiyə hər zaman Qərbin Irana qarşı hərbi əməliyyatlarının əleyhinə olub. Amma buna rəğmən Türkiyə əleyhinə Irandan ard-arda açıqlamalar gəlir: “Bir tərəfdən Iranın dini lideri və prezidenti Türkiyəni dost və qardaş adlandırır. Amma onların əlaltıları Türkiyə əleyhinə açıqlamalar verirlər. Iran isə avtoritar bir ölkədir. Bu ölkədə kimsə özbaşına açıqlama verə bilməz. Yəqin ki, prezidentin və ya dini rəhbərin xeyir-duasını alıblar ki, belə açıqlama verirlər. Situasiyaya baxın. Iranın xarici işlər naziri Türkiyəyə səfər edir. Eyni gündə Iran generalı Türkiyə əleyhinə açıqlamalar verir. Ərdoğan da məcbur olur ki, bu açıqlamanı sərt formada cavablandırsın”.
Indi də Iranın Türkiyəni Suriya məsələsində hədələyərək, yanlış mövqe tutmaqda ittiham etdiyini deyən E.Şahinoğlu vurğuladı ki, əslində əsl yanlış mövqeyi Iran nümayiş etdirir. Çünki özünü Islam dövləti adlandıran Iran hazırda Suriyada müsəlmanların qətliamına göz yumur.
Iranın Türkiyədə keçiriləcək seçkilərdə AKP-yə problem yaratma ehtimalına gəlincə, E.Şahinoğlu bunu real saymır. Seçkilərin Türkiyənin daxili işi olduğunu deyən ekspert vurğuladı ki, Iran elə bir güclü dövlət deyil ki, Türkiyənin daxili işlərinə sərt müdaxilə edə bilsin: “Son sorğular göstərir ki, Ərdoğanın partiyasının reytinqi aşağı deyil. Əksinə, Ərdoğan Suriya məsələsində seyrçi mövqedə qalsaydı, bu onun partiyasının reytinqinə təsir göstərərdi. Düşünürəm ki, Türkiyə hökuməti doğru qərar verdi. Aylar uzunu Əsəd ilə dil tapmağa çalışsa da, nəticəsi olmadı. Bundan sonra qətliamlara münasibət bildirildi. Ümumiyyətlə, heç bir sivil ölkə Suriyadakı qətliamlara bəraət qazandıra bilməz. Təəssüf ki, Azərbaycan Əsəd rejimi ilə müxalifətçilər arasında bərabərlik işarəsi qoymağa başlayıb. Suriyada mitinqiçilər öncə dinc aksiyalar keçirirdilər. Aksiya iştiraçıları yalnız güləboran edildikdən sonra silaha sarılırdılar”.
Xəyal