İran səfirliyi Əliyevin Ramazan qəbuluna niyə qatılmayıb?

Səfirlik olayla bağlı açıqlama yaydı

İranın Azərbaycandakı səfirliyi prezident İlham Əliyevin Ramazan bayramı münasibətilə İslam dövlətlərinin diplomatları üçün keçirdiyi qəbulda İran səfirliyinin nümayəndəsinin iştirak etməməsi ilə bağlı açıqlama yayıb.

Səfirliyin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada səfirliyin nümayəndəsinin görüşə qatılmamasının səbəblərinə aydınlıq gətirilib. “Təəssüf hissi ilə qeyd edirik ki, Azərbaycan prezidentinin mübarək Ramazan ayı münasibətilə müsəlman ölkələrin səfirləri və diplomatik nümayəndəliklərinin başçıları ilə görüşündə hazırlıqlara rəğmən İran İslam Respublikası səfirliyinin nümayəndəsinin iştirak edə bilməməsi bu görüşün vaxtının dəyişməsi ilə əlaqədar düzgün məlumatlandırmanın olmaması, texniki məsələlər, eləcə də lazımi əlaqələndirmə işlərinin aparılmaması ilə bağlı olub”, – deyə açıqlamada bildirilir.

***

13.08.2012

Ölkə başçısı İlham Əliyevin Ramazan bayramı münasibətilə Azərbaycandakı İslam ölkələrinin səfirləri üçün təşkil etdiyi qəbula İran səfirliyindən qatılan olmayıb. Bu barədə məlumatı APA yayıb.
“Ekspertlər hesab edir ki, İslam aləminin ən böyük bayramı, islami həmrəyliyin, qarşılıqlı hörmət və ehtiramın təcəssümü sayılan Ramazan bayramına belə soyuq münasibətin səbəbi mətbuatda ciddi suallar yaradıb. “İslami dəyərlərin qoruyucusu”, “islam maraqlarının müdafiəçisi” iddiası ilə çıxış edən bir ölkənin diplomatik nümayəndələrinin bu etinasız hərəkətləri ictimaiyyət tərəfindən təqdir oluna bilməz. Əgər İran səfiri ölkədə deyilsə, səfirliyin nümayəndəsi qəbulda iştirak etməli idi”, – deyə məlumatda bildirilir.