Quba üsyanıyla bağlı məhkəmə başlayır

Səkkiz nəfərin işini Quba rayon məhkəməsinə göndərildi

Quba hadisələri ilə bağlı həbsdə olan 8 nəfərin gələn həftə Quba rayon məhkəməsində hakim Zamin Tahirovun sədrliyi ilə hazırlıq iclası başlayacaq. Bu barədə “Turan”a Quba rayon məhkəməsindəki mənbədən bildiriblər.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən Turan-a deyiblər ki, Cinayət Məcəlləsinin 186.2.2-ci (əmlakı qəsdən məhv etmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə),  315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və  ya zor tətbiq etmə) maddələri ilə günahlandırılan 8 nəfərin cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair Işləri üzrəIstintaq Idarəsi avqustun sonlarında yekunlaşdırıb.
Cinayət işi baxılması üçün avqustun 8-də Quba rayon məhkəməsinə göndərilib.
Turan Agentliyi qeyri-rəsmi mənbələrdən Quba rayon məhkəməsində işlərinə baxılacaq 8 nəfərdən 7-nin adını öyrənə bilib. Bunlar Fərhad Abdurahmanov, Alxas Dənyalov, Səxavət Vaizi, Samir Xanmədov, Xəyyam Yunusov, Zəmistan Əmiraslanov və Səfər Qəribovdur.
Xatırladaq ki, 2012-ci il martın 1-də Qubada baş verən qarşıdurma ilə bağlı otuzadək insan istintaq cəlb edilib.
Qeyd: Informasiyanı daha geniş məlumatlarla zənginləşdirmək məqsədi ilə gün ərzində dəfələrlə Quba rayon məhkəməsində müxtəlif instansiyalara zəng etdik. Quba rayon Məhkəməsinin saytına baxılacaq işlərlə bağlı hər-hansı məlumat daxil edilməyib. Işə sədrlik edən hakim Zamin Tahirovun (169- 5-31-73) telefonuna dəfələrlə zəng etməyimizə baxmayaraq dəstəyi qaldİran olmayıb, məhkəmənin dəftərxanasından da məlumat verməyiblər. Dəftərxananın Elgün Hacıyev (169- 5-42-09 adlı əməkdaşı məmur ədası nümayiş etdirərək məlumat verməyə borclu olmadıqlarını bildirib. Sonra məhkəmənin sədrinin (169- 5-33-10) telefonuna zəng etdik. Köməkçi sədrin nə vaxt iş yerində olacağını bilmədiyini deyib. Beləliklə, köməkçidən də hər-hansı məlumat almaq mümkün olmadı. Nəhayət, qarşılaşdıqlarımızı Məhkəmə Hüquq Şurasına danışdıq. Təəssüf ki, onlardan da kömək ala bilmədik.