Yadıma gəlir ki, 80-ci illərin sonu və 90-cu illərin əvvəlində biz Baltikyanı ölkələrdə gedən prosesləri xüsusi diqqətlə izləyirdik. Bunun səbəbi təkcə o ölkələrin demokratikləşmə və müstəqilləşmə prosesində irəlidə olması, o biri ölkələri bir xeyli qabaqlaması deyildi. Hərçənd, bu faktor da vardı. Ən əsas səbəb bəlkə də bu üç respublikadakı proseslərin sanki bir mərkəzdən koordinasiya olunması və hətta idarə olunması idi.
Belə sistemlilik bir neçə səbəbdən həsəd doğururdu. Birincisi, mərkəzlə – o vaxtkı SSRI ilə mübarizə daha mütəşəkkil xarakter daşıyırdı. Ikincisi, bu ölkələrin birgə fəaliyyəti ona gətirib çıxarırdı ki, onların ən kiçik addımları belə, daha möhtəşəm forma və məzmun alırdı. Bundan savayı, daha iki istiqamətdə ciddi regionlaşma meyli gözlənilirdi. Bunlardan biri bizim Qafqaz, o birisi isə Mərkəzi Asiya idi. Amma təəssüf ki, bu iki ünvanda regionlaşma və inteqrasiya prosesi alınmadı. Məlum oldu ki, coğrafi yaxınlıq hələ hər şey demək deyil.
Dünyanın qəribə bölgüsü
Dünya iyerarxik siyasi, iqtisadi və mədəni struktura malikdir. Biz inteqrasiya deyəndə onu ən qlobal miqyasda başa düşürük. Amma regional və bir də subregional inteqrasiya da heç də az əhəmiyyətli faktorlar deyil. Özünüz bircə anlıq diqqət yetirin; Şimali Amerika, Cənubi Amerika, Avropa, Afrika, Yaxın və Orta Şərq, Uzaq Şərq, Cənub-Şərqi Asiya… Bunların hamısı çox mühüm siyasi, iqtisadi və mədəni vahidlərdir. O bölgələrin təbii regional və subregional dəyərləri var. Məsələn, Cənubi Amerikanı götürün. Burada biz, hətta siyasi hərəkatların inteqrasiyasını görürük.
Avropadan danışmağa və bunu xüsusi qeyd etməyə dəyməz. Çünki burada hər şey daha barizdir. Elə inteqrasiya dərəcəsi təsdiq olunub ki, hətta bütün Avropanı, yaxud da onun əsas hissəsini əhatə edən siyasi partiyalar mövcuddur. “Ərəb baharı”nın və ümumiyyətlə, ərəb ölkələrindəki proseslərin öyrənilməsi göstərdi ki, hətta o regionda siyasi qüvvələr bir ölkə hüdudlarında deyil, regional miqyaslarda təmsil olunublar. Söhbət təkcə transmilli partiyaların mövcudluğundan və yaxud transmilli şirkətlərin şəbəkəsindən getmir. Bu regionlarda ümumi və ortaq siyasi, mədəni dəyərlər var.
“Qafqaz evi” ideyası niyə baş tutmadı?
Qayıdaq Qafqaza. Mədəni və kültürəl baxışlarda Qafqaz haqqında ümumi və ortaq dəyərlər bölgəsi kimi danışılsa da, əslində, bu bölgə regionlaşmadan o qədər də xəbər vermir. Əgər Qafqazın bir regionla siyasi, iqtisadi və mədəni vahid kimi formalaşmaq imkanı olsaydı, indi buradakı etnik münaqişələr, ya da ərazi mübahisələri olmazdı və yaxud da bunlara çox az təsadüf olunardı.
“Buna bir neçə dəfə cəhd edilib” – demək azdır. Əslində, belə cəhdlər heç vaxt kəsilməyib. Mən indi əsrin ikinci onilliyindən danışmayacağam. Son illər nəticə çıxarmaq üçün xeyli material verir. O vaxtlar azərbaycanlı, erməni və gürcü fəalların təmaslarını qurmağa cəhd edilirdi, hətta dəfələrdə bu tipli görüşlər keçirilmişdi. Lakin ümumi dil tapmaq mümkün olmadı. Hətta Qərbi Avropada “ikinci plan diplomatiyası” adlanan üsuldan istifadə olunurdu, di gəl, bir nəticə hasil olmadı. Z.Qamsaxurdia Ə.Elçibəyi “başa düşmür” və o da, yəni Elçibəy də L.Ter-Petrosyanı anlamırdı. Siyasi iyerarxiyanın bir qədər aşağı hissəsində təmsil olunanların isə səyləri heç bir nəticə vermirdi.
Belə təsəvvür yaranmamalıdır ki, ciddi regionlaşma və inteqrasiya prosesi yalnız milli azadlıq hərəkatının liderlərinin biri-birini başa düşməməsi nəticəsində baş tutmadı. Yox, belə deyil. Sonrakı dövrlərdə də bu, alınmadı. Hətta əvvəl bunun da günahını milli azadlıq hərəkatlarının adına yazmaq istədilər, lakin sonradan gördülər ki, belə deyil. Çünki bu ölkələrdə təzədən hakimiyyətə və vəzifəyə gəlmiş keçmiş kommunistlərin də bu istiqamətdəki səyləri heç bir nəticə vermədi. Necə ki, Iranla, Rusiya ilə “qardaş” olmadıq.
Qafqaz isə indi də sözün əsl mənasında N.Krılovun məşhur təmsilini xatırladır – hərə Qafqazı bir tərəfə çəkir; kimi Rusiyaya, kimi Avropa tərəfə, kimi də Asiya səmtinə…

Qafqaz niyə Krılovun təmsilini xatırladır?
•