Naxçıvanda cəbhəçinin qardaşına təzyiq edilir

Cəfər Bağırov:”Bizə qarşı yenə nə isə təxribat hazırlanır”

Avqustun 11-də axşam saatlarında AXCP Naxçıvan Təşkilatının sədri Yaşar Bağırsoyun qardaşı, Babək rayon Nehrəm kənd sakini Cəfər Bağırova qarşı zorakılıq edilib. Əkin sahəsini suvaran zaman iki mülkü və bir polis geyimində olan şəxslər ona yaxınlaşaraq, zorla şəxsi avtomobilinə aid sənədlərini əlindən alıb.
Bu barədə “Turan”ın bölgə müxbirinə Cəfər Bağırov məlumat verib. C.Bağırov bildirib ki, əkin sahəsində suvarma işləri ilə məşğul olan zaman iki mülki geyimli və bir polis formasında olan şəxs kəmər taxmadığı üçün şəxsi minik avtomobilinin sənədlərini təqdim etməsini tələb edib. “Onların hərəkətlərinə etiraz edib, qanunsuz hərəkət etdiklərini xatırlatdım. Amma, xeyri olmadı, sənədlərimi aldılar və nazirin tapşırığını yerinə yetirdiklərini bildirdilər. Onların maşınlarının nömrəsinin 888 olan son rəqəmlərini görə bildim”.
C.Bağırov naməlum şəxslərin bu hərəkətini qardaşlarına qarşı növbəti təzyiq kimi qiymətləndirir. “Bir neçə gün əvvəl mənim və qardaşım Zeynalabdin Bağırzadənin evinin yaxınlığında şübhəli bir nəfər həyətimizə boylanaraq şübhəli hərəkətlər edirdi. O zaman biz buna çox əhəmiyyət vermədik. Görünür, bizə qarşı yenə nə isə təxribat hazırlanır”.
Dövlət Yol Polisi idarəsinə gedib sənədlərini istəməməsini Bağırov belə əsaslandırır:”Bizə qarşı nə qədər qanunsuz hərəkət olubsa polisə müraciət etmişik. Amma polisdə araşdırma aparmaq əvəzinə qardaşlarıma həmişə işgəncə veriblər”. Məsələyə aydınlıq gətirmək üçün Naxçıvan MR DYP ilə dəfələrlə əlaqə saxlamağa çalışdıq. Amma, telefonlara cavab verən olmadı.