“Hürriyet”in köşə yazarı: “Cabbarov bu cəsarəti haradan alır? Tək bir şeydən – demokratiya ilə idarə olunmayan bir ölkənin “diktator sistemi”ndən”
İstanbuldan Barselona uçan təyyarədə dava salan azərbaycanlı məmurun kimliyi bilindi. Bu, İçərişəhər Dövlət Tarixi və Memarlıq Qoruğunun müdiri Mikayıl Cabbarovdur. Bu barədə Cabbarovun 11 min metr yüksəklikdə dava salamasına şahidlik edən və bunu qələmə alan Türkiyənin tanınmış imza sahiblərindən biri, “Hürriyet” qəzetinin köşə yazarı Fatih Çekirge bugünkü köşəsində yazıb. Yazını təqdim edirik:
O qədər çox soruşdunuz ki… Bakıdan, İstanbuldan, Adanadan yüzlərlə sual gəldi:
– Kimdir bu “Sən mənim kim olduğumu bilirsən?” deyib Barselona təyyarəsində “biznes klas” tələb edən azərbaycanlı “mühüm kişi”? Kimdir THY (Türk Hava Yolları – red.) kabinə bələddçisi Ceyda xanımı “Səni işdən qovduraram” deyə sıxışdıran siyasətçi?
Madam soruşdunuz, mən də yazıram.
Barselona təyyarəsinin biznes klas hissəsini yoldaşlarıyla tutan və təyyarə havaya qalxdıqdan sonra dəqiqələrlə arxadakı yaxınını önə gətirtmək üçün təhdid yağdıran adam Azərbaycanın keçmiş iqtisad nazirinin (iqtisadi inkişaf nazirinin – red.) müavini və indi Bakı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin müdiri Mikayıl Cabbarov…
Gəlin, “biznes klassda 19 yer neçəyə və məmur maaşıyla necə alındı” deyə soruşmayaq. Onu bir kənara buraxaq, kabinə bələdçisinin üzərində terror əsdirən Cabbarov bu cəsarəti haradan alır? Tək bir şeydən – demokratiya ilə idarə olunmayan bir ölkənin “diktator sistemi”ndən.
Xalqın deyil, diktatorun seçkisi ilə gələn idarəçilər tarix boyu belə olmuşdur. Bax demokratiyanın fərqi də budur. Bu səbəbdən Cabbarov haqqında yazıram – ibrət olsun deyə.
Krallıqların, əmirlikləri coğrafiyasında, diktatorların ölkəsində buna görə başlamışdır xalq hərəkatları. “Ərəb Baharı” əslində bir insanlıq və demokratiya hərəkatıdır. Və aydındır ki, çox yaxın vaxtlarda Azərbaycana da baş verəcək.
Əgər “Mən dedim, qurtardı!” deyən Əsədin sarayında bu azadlıq zəlzələsi yaşanırsa, Bakı bundan uzaq deyil. Milyonlarla dollarlıq rüşvətin, korrupsiyanın kök atdığı diktator coğrafiyasında, Asiyanın ortalarından Qara dəniz sahillərinə qədər əsəcək bu külək. Bu səbəbdən yazıram bu hadisəni.
Bütün demokratiyadan uzaq qafalara qarşı yazıram. Qardaş xalqlar, millətlər üçün yazıram. Artıq bu coğrafiyada diktatorların, kralların, əmrlərin deyil, xalqın sözü keçsin. Seçilənin seçənə hörmət göstərəcəyi günlərin gözləntisi ilə…
azadliq.info