Hakimiyyətdaxili qrupların “ordu savaşı”

sefer ebiyevSəfər Əbiyevi “əsgər ölümləri” ilə “vururlar”

Naxçıvandakı “N” saylı hərbi hissədə xidmət edən əsgər Bəyov Tayfur Hacıkərim oğlunun qeyri-döyüş şəraitində dünyasını dəyişməsilə bağlı redaksiyamıza ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, Tayfur Bəyovun ölümündə Müdafiə Nazirliyi ilə yanaşı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də məsuliyyət daşıyır.
Bildirilir ki, dünyasını dəyişən 4 ayın əsgəri əslində hərbi xidmətə yararsız olub. Lakin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hansısa səbəbdən onu hərbi xidmətə yararlı sayıb. Məlumat üçün deyək ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bu ilin yanvar ayında yaradılıb. Tayfur Bəyov isə bu ilin aprel ayında Qusar komissarlığından hərbi xidmətə aparılıb.
Maraqlıdır ki, Tayfur Bəyovun ölümü ilə bağlı Müdafiə Nazirliyi və Hərbi Prokurorluğun yaydığı bəyanatda da deyilir ki, əsgərin ölümünə səbəb olan xəstəlik heç də qısa vaxtda yaranmayıb. Yəni onun səhhətində əvvəldən problem olub.
Məlumatlarda həmçinin iddia edilir ki, bu olay Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərlikləri arasındakı ziddiyyətləri alovlandırıb. Dövlət xidməti məsuliyyəti yalnız Müdafiə Nazirliyinin üzərinə qoymağa çalışıb. Hətta bu istiqamətdə geniş miqyaslı iş aparılıb. Bildirilir ki, əsgərin meyiti evlərinə gətirilən zaman kənardan heç kəsin tanımadığı üç nəfər həyətə daxil olaraq “bu əsgəri də öldürüb daxili orqanlarını satdılar” deyərək hay-küy salıblar. Tabut açılan kimi isə həmin şəxslərdən biri əsgərin meyitinin şəklini çəkib. Məhz həmin şəkil də mətbuata ötürülüb.
Bu hadisə ilə Səfər Əbiyevin “vurulmasına” çalışan qüvvələrin sırasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimovla yanaşı fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin də adı çəkilir. Qeyd edək ki, Kəmaləddin Heydərovla Səfər Əbiyevin münasibətləri ürəkaçan deyil. Bunun kökündə isə müdaifə naziri ilə keçmiş baş hərbi komissar Əliağa Hüseynov arasındakı ədavət dayanır. Əliağa Hüseynovun isə “fövqəlnazir”lə dostluq münasibətləri var. Elçin Quliyevə gəlincə, o bu yaxınlarda Kəmaləddin Heydərovla qohum olub. Eyni zamanda o, müdafiə naziri postuna iddialı şəxslərdən hesab edilir. Arzu Rəhimov Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin kadrı hesab olunsa da, onun Elçin Quliyevlə Kəmaləddin Heydərova yaxın şəxs olması barədə də məlumatlar var.

Informasiya şöbəsi