Suriya diktatorunun müxalifətlə dialoqa və güzəştlərə hazır olduğu açıqlandı
Suriyada vətəndaş müharibəsi davam edir. Bəşər Əsəd rejimi müxaliflərə qarşı hücumları artırıb. Ötən iki gün ərzində hökumət qüvvələrinin müxtəlif bölgələrdə üsyançılara qarşı keçirdiyi əməliyyatlar nəticəsində 30-dan çox insanın öldüyü, yüzlərlə sadə vətəndaşın yaralandığı bildirilir.
Üsyançılar da bacardıqları qədər hökumət qüvvələrinə dirəniş göstərməyə çalışırlar. Müxaliflər tərəfindən çəkilmiş videogörüntüdə hökumət qüvvələrinə aid döyüş təyyarəsinin vurulduğu öz əksini tapıb. Rəsmi dairələr isə təyyarənin texniki problemlər üzündən qəzaya uğradığını bildirib.
Ölkədə vəziyyətin getdikcə nəzarətdən çıxdığını görən Suriya diktatoru Bəşər Əsəd müxaliflərlə görüşmək niyyətində olduğunu açıqlayıb. Suriyanın Irandakı səfiri Həmid Həsən Bəşər Əsədin müxaliflərlə danışıqlara getmək istədiyini və hökumətin bəzi güzəştlərə hazır olduğunu bildirib. Diplomat, Əsəd rejiminin ölkədəki qarşıdurmaları sona çatdırmaq üçün müxaliflərlə dialoq qurmaq niyyətində olduğunu söyləyib. Suriya hakimiyyətinin dialoq təklifinə müxalifət münasibət bildirməyib.
Xatırladaq ki, bundan əvvəl də Əsəd rejiminin dialoq təkliflərini müxalifət rədd etmişdi.
Bu arada, daha bir suriyalı diplomat müxaliflərin tərəfinə keçdiyini açıqlayıb. Isveçrənin Cenevrə şəhərindəki BMT Insan Haqları Şurasında Suriyanı təmsil edən Dəni Baac Əsəd rejiminə xidmət etməkdən imtina etdiyini bildirib. O, müxaliflərin tərəfinə keçdiyini söyləməklə yanaşı, Cenevrədəki müzakirələrə qatıldığı zaman məqsədinin hökumətini deyil, ölkəsini qorumaq olduğunu vurğulayıb.
Əsəd rejiminə alternativ kimi yaradılan və dünya ölkələri tərəfindən Suriyanın legitim hakimiyyəti olaraq tanınan Milli Şuranın sədri Əbdülbəsit Seyda Suriya hava məkanı üzərində və Türkiyə ilə Iordaniya sərhədi yaxınlığında beynəlxalq güclərin nəzarəti altında uçuşa qadağan bölgə elan edilməsini istəyib. O, bu istəyini xalqın tələbi kimi dilə gətirdiyini deyib.