“Əksər azərbaycanlılar arasında birləşmə istəyi və cəhdləri daha çoxdur”
BBC media korporasiyasının əməkdaşı Ceyms Reynolds Azərbaycanın İrandan çox İsraillə yaxınlıq etməsinə toxunub. O, “Nə üçün Azərbaycan İsrailə yaxındır, nəinki İrana?” başlıqlı məqaləsində bu və digər məsələlərə aydınlıq gətirməyə çalışıb. Müəllif bildirir ki, Azərbaycan yenidən müstəqillik qazandıqdan qısa müddət sonra İsraillə diplomatik əlaqələr qurub. İsrail və Azərbaycan hökumətlərinin hədəfi eynidir. Hər iki ölkə İrandan yayılan “siyasi islamı” zərərsizləşdirməkdə israrlıdır.
BBC müxbiri qeyd edir ki, Azərbaycan hökuməti dünyəviliyi təbliğ etsə də, ölkə əhalisinin əksəriyyəti şiə müsəlmanlarıdır. Politoloq Leyla Əliyeva BBC-yə bildirib ki, Azərbaycan İrandan qaynaqlanan islam təbliğatından yayınmağa çalışır. Çünki bu həm də Azərbaycanın milli təhlükəsizliyinə təhlükə yaradır. İlahiyyatçı İlqar İbrahimoğlu isə BBC-nin müxbirinə açıqlamasında İranın müsəlman ölkəsi və Azərbaycanla qonşu olduğunu xatırladıb. O, Azərbaycanın fələstin xalqına terror həyata keçirən dövlətlə dostluq etməməli olduğunu bildirib. İbrahimoğlu İsrailin İrana qalib gəlmək gücündə olmadığını da deyib.
Məqalədə Azərbaycanla İran arasında tarixi əlaqələrə də yer verilib. Qeyd olunur ki, azərbaycanlılar uzun müddət Fars imperiyasının tərkibində yaşayıblar. Rus-fars müharibəsinin gedişi zamanı 1813-cü ildə imzalanmış Gülüstan müqaviləsinə görə azərbaycanlılar iki yerə parçalanıb. Şimaldakı azərbaycanlılar Çar rusiyası, daha sonra sovet hakimiyyəti, cənubi azərbaycanlılar isə Fars imperiyasının, indi isə İran İslam Repsublikasının hakimiyyəti altında yaşayır. Bu gün 9 milyona yaxın etnik azərbaycanlı Azərbaycanda, bundan dəfələrlə çox azərbaycanlı isə İran ərazisində yaşayır. Əksər azərbaycanlılar arasında birləşmə istəyi və cəhdləri daha çoxdur.
Cənublu fəlların İrandakı rejimin təzyiq və təhdidləriylə üzləşdiyi və şimali Azərbaycana sığınmaları da BBC-nin məqaləsində vurğulanıb. Məqalədə qeyd olunur ki, İran hökuməti cənubdakı azərbaycanlıların Azərbaycana yaxınlığından ciddi narahatdır. Müəllif əlavə edir ki, İran şimaldakı Azərbaycanlılar üçün ucuz bazar əhəmiyyəti də daşıyır. Sərhəd bölgələrdə yaşayan əhalinin əksəriyyəti xırda məişət mallarından tutmuş tibbi müayinəyə qədər ehtiyaclarını ödəmək üçün İrana üz tutur.
azadlıq.info