mirvari qahramanli

Ah-nalə üzərində qurulan işin axırı yaxşı olmaz

mirvari qahramanliMirvari Qəhrəmanlı: “Neft pullarının xərclənməsi insanların yaşayış səviyyəsinin daha da pisləşməsinə gətirib çıxarıb”

48 milyard dollar vəsaitin ölkədən çıxarılması ilə yanaşı neft pullarının səmərəli xərclənməməsi də ictimaiyyətin ciddi narazılığına səbəb olur. Bu mənada ARDNŞ-nin fəaliyyəti daha çox narazılığa səbəb olur. Bu və digər suallarla bağlı Ictimai PalatanınÿKoordinasiya Şurasının üzvü, Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlının fikirləri ilə tanış olduq.

– Bu günlərdə 48 mlrd dolların ölkədən çıxarılması ilə bağlı məlumat yayıldı. ARDNŞ də xaricdə xeyli investisiya yatırıb, yanacaqdoldurma məntəqələri açıb. Bu fəaliyətin maliyyə hesabatı aparılırmı?
– Dölət Neft Şirkəti qapalı qurumdur. Düzdür, maliyyə hesabatlarını yerləşdirib. Ancaq bəzən elə suallar ortalığa çıxır ki, buna heç bir cavab verilmir. ARDNŞ-nin illik maliyyə hesabatları 2012-ci ilin sonlarında yerləşdiriləcək. Bu da bütün suallar əhatə etmir. Əməliyyat şirkətləri haqqında əhatəli məlumat almaq qeyri-mümkündür. Bu şirkətlər öz üzərinə öhdəliklər götürür. Ancaq heç kim bilmir ki, bunlar o öhdəliyi doğrudandamı yerinə yetirir. Çünki heç saytları yoxdu və informasiya qıtlığı var. Sorğulara cavab vermirlər. Hər bir əməliyyat şirkəti yaradılanda orda kütləvi şəkildə işdən çıxarmalar başlayır. Əmək məcəlləsinin 63-cü maddəsinə əsasən, hansısa idarənin bazasında yeni əməliyyat şirkəti yaradılarsa, mülkiyyətçi dəyişəndə orda olan insanların hüququ gözlənilməlidir. Yəni onlarla yenidən əmək müqaviləsi bağlanmamalıdır. Ancaq təzə əməliyyat şirkəti yaranan kimi işçilərlə müvəqqəti müqavilə bağlayıb bir ildən sonra onların 50 faizini işdən çıxarır, əmək haqlarını artırmır. Ofis işçiləri isə işəgötürənin qohum-əğrabası olduğu üçün 4-5 dəfə çox maaş alır. Dövlət Neft Şirkəti real hasilat barədə cəmiyyətə ətraflı məlumat vermir. ARDNŞ-nin xaricdə ofisləri var. Bu şirkətin etdikləri işlər, bunu hansı pul hesabına etdiyi ictimaiyyəti maraqlandırır. Neft Şirkəti neft hasilatı ilə məşğul olmalıdır, tikinti, turizmlə yox. Bu gün Dövlət Neft Şirkəti şəffaf şirkət kimi imic formalaşdıra bilməyb. 48 mlrd dolların da kimə məxsus olduğu, kim tərəfindən aparıldığı müəmmalıdır. Bu artıq o pulun yiyələri tərəfindən açıqlanmalıdır. 2005-ci ildə prezident tərəfindən sərəncam verilib ki, Nazirlər Kabineti gəlirlərin açıqlanması ilə bağlı deklarasiya hazırlamalıdır. Artıq 7 ildir bu deklarasiyanın bir vərəqini hazırlayıb vermirlər ki, Azərbaycan məmuru hesabat versin. Bu gün məmur o qədər vəsaiti hardan əldə edir. Əgər o bəyannamə mövcud olardısa, hamı 48 mlrd dolların kimə məxsus olduğunu bilərdi.  

“ARDNŞ-nin çörəyi erməniyə verməsi bağışlanılmaz haldır”

– Bir müddət əvvəl Gürcüstandakı azərbaycanlılar SOCAR-ın bu ölkədəki yanacaqdoldurma məntəqələrində gürcü və ermənilərin işlədiyinə, azərbaycanlılara belə imkan verilmədiyinə etirazını bildirdi. ARDNŞ-nin bu tip fəaliyyət göstərdiyi digər ölkələrdə də vəziyyət eynidir. Belə münasibətin səbəbi nədir?
– Ümumiyyətlə biz yarınmağı sevirik. Azərbaycana kim gəlir, çalışırıq onun dilində danışaq. Bizim ölkəyə sərmayə yatıranlar öz komandası ilə gəlir, idarəetmədə də əsas onlar işləyir. Dövlət Neft Şirkətinin sərmayə qoyduğu ölkələrdə azərbaycanlılar var. Gürcüstanda azərbaycanlı daha çoxdu. Onların işə qəbul olunmaması, çörəyi erməniyə verməsi bağışlanılmaz haldır. Dövlət Neft Şirkəti yaxşı beynəlxalq təcrübəni götürməkdənsə, pis nə varsa, onu götürür. Niyə ARDNŞ-nin müxtəlif ölkələrdə açdığı yanacaqdoldurma məntəqəsi azərbaycanlıya çörək verməsin, ona yol açmasın. Vətənpərvərlik, millətimizə qarşı hörməti olmalıdır ki, heç olmasa bu millətdən kimisə o işə cəlb etsinlər.

“Neft Fondu ikinci büdcədir”

– Neft Fondu Avropa ölkələrində daşınmaz əmlak alıb onun idarə olunmasında əlavə vəsaitlər əldə edəcəyini bəyan edib. Bir tərəfdən hakimiyyət Avropanın böhran içində olduğunu deyir, digər tərəfdən həmin ölkələrdə aldığı daşınmaz əmlakın hesabına qazanmaq istəyir. Bu hansı məntiqə söykənir?
– Bu əmlak sonradan kimə qismət olacaq, bu başqa məsələdir. Ölkədə də çoxlu daşınmaz əmlak var idi, onların da təzə sahibləri çıxdı. Hökumət hardasa nəsə alanda, bilirəm ki, bu planlaşdırılmış şəkildə gedir. Başqa ölkələrin təcrübəsi var ki, orda Neft Fondu müəyyən müddətdən sonra sosial rifah fonduna çevrilir və gələcək nəsillər üçün pul saxlamağa çalışır. Yəni bu puldan gələcək nəsillər də bəhrələnsin. Amma hazırda Neft Fondu bizdə ikinci büdcədir. Büdcənin görməli olduğu işlərlə məşğuldur. Neft Fondunun inkişaf etməməsinə səbəb ölkədə korrupsiyanın yüksək olması və vergidən yayınma hallarının artmasıdır. Heç kim Neft Fondunun danışmaz əmlak almasına müsbət yanaşmır. Dövlət Neft Fondunun strategiyasının bu vəziyyətdə olmasına səbəb həm də müşahidə şurasında ictimaiyyətin nümayəndələrinin olmamasıdır. Yalnız prezidentin əmri ilə idarə olunur. Dövlət Neft Fondunun müşahidə şurasında ziyalılar və vətəndaş cəmiyyətinin nümayəndələri olsaydı, bu ölkədə koorupsiyanı azalardı və fond öz funksiyasının yerinə yetirərdi.

“Neft Akademiyası çökdürülür”

– Bu günlərdə Ictimai Palata təhsil problemləri ilə bağlı müzakirələr keçirdi və ölkədə bu sahədə acınacaqlı durumun olduğu vurğulandı. Məsələn, bütün dövrlərdə ən nüfuzlu ali məktəb hesab edilən Neft Akademiyası olduğu halda ARDNŞ Neft məktəbi açır. Neft Akademiyası mütəxəssis yetişdirə bilmir, yoxsa başqa səbəb var?
– Bu ölkədə adi bir idarədə şöbə açılanda, qanun hazırlananda elə bir kimin üçünsə hazırlanır. Əvvəl ARDNŞ-nin tabeçiliyində orta məktəblər də var idi. Indi yüksək bal toplayanları xaricdə təhsil almağa göndərir. Bu yaxşı haldır. Ancaq Neft məktəbinin nəyə görə yaradıldığı müəmmalıdır. Niyə olanı inkişaf etmirlər, yeni ali məktəb yaradırlar. ARDNŞ alternativliyi, bir birinin təkrarını çox xoşlayır. Neft Akadeyasını bitirən kifayət qədər mütəxəssis var. Neft məktəbinin nədən ötrü yaradıldığı məlum deyil. Neft məktəbi yaratmaqdansa, təhsilin səviyyəsinə diqqət yetirmək lazımdır. Müəllimlər universitetlərə hazırlamaq üçün bir birinə şagird göndərir, biznes qururlar. Əvvəllər Neft Akademiyasına dünyanın müxtəlif yerlərindən gəlib təhsil alanlar var idi. Onların içində bu gün Azərbaycana sərmayə yetirən insanlar var. Bu gün o boyda ali məktəb çökdürülür. Kasıb olan-qalan pulunu verib müəllim tutur, sonra da uşağı Neft Akademiyasına daxil olsa, o sahədə işləyə bilməyəcək. Çünki bunlar deyəcək bizim özümüzün Neft məktəbini qurtaran məzunlarımız var. Neft Akademiyasını bitirən məzun işsiz qalacaq, məzunlar arasında fərq olacaq. Bu ölkədə elmin, təhsilin inkişafına böyük vəsait ayrılmalıdır, ciddi struktur islahatları aparılmalıdır. Orta məktəbdə təhsil alan şagird artıq rüşvətin nə olduğunu bilir.

“Azərbaycanda tibb inkişafdan qalıb”

– Azərbaycandan xeyli sayda insan müalicə üçün Irana üz tutur. Ancaq ARDNŞ-nin tikdiyi diaqnostika mərkəzlərinin aqibəti necə oldu?
– Əvvəllər dedilər ki, bunlar regionların inkişaf proqrammı əsasında tikilir. Sonra informasiya sorğuları göndərildi, dedilər ondan bizim xəbərimiz yoxdur. Təsadüfən əlimə məktub düşdü ki, bu klinikalar Dövlət Neft Şirkətinin sosial inkişaf idarəsinin sifarişi ilə tikilib. Sonradan bu klinikaları verdilər Səhiyyə Nazirliyinə. Tikib, sonra onu inkişaf etdirə bilmirlər. Azərbaycanda artıq tibb inkişafdan qalır. Özəl klinilarda insanların dərisini soyurlar. Müalicəyə ehtiyacı olanlar Irana, Türkiyəyə qaçırlar. Səhv müalicələr, səhv diaqnozlar insanları ölkəni tərk etməyə məcbur edir. Ölkədə pulu kor-koranə yönəldirlər. Təzə məktəb açırlar, təhsil səviyyəsi aşağı. Klinika açırlar, müalicə səviyyəsi aşağı. Kasıb özəl klinikadan istifadə edə bilər. Həkimlərin maaşı az olduğu üçün ələ baxırlar. Bizdə insan faktoru üstün tutulmur. Burda bir var oliqarx faktoru, bir də var insan faktoru. Bir ölkədə ki, minimal əmək haqqı 95 manat olar, orda necə yaşamaq olar. Açılan klinikalar pullu adamlara məxsusdu. Tanışlıqla universitet bitirib hərə bir özəl klinika açır ki, camaatdan pul yığsın. Bu özəl klinikalardakı müalicələr barədə yüksək rəylər eşitmirəm. Ona görə də insanlar müalicə üçün Irana müraciət etməli olurlar.

“Ölkədə işsizlik böhranı başlayacaq”

– ARDNŞ-dən yeni ixtisarlar məsələsi nə yerdədir?
– Bizim hüquqşunas araşdırır ki, bu əmr şirkət əsasnaməsinə uyğun hazırlanıb, yoxsa yox. Şirkət əsasnaməsinə görə, onun strukturuna daxil olan qurumları ləğv edə bilməz. Qurumları ləğvi, ixtisarı və təzə qurumların yaradılması yalnız yuxarı instansiyanın razılığı əsasında olmalıdır. Bizi narahat edən odur ki, ixtisarlar həmkarlar ittifaqlarının razılığı ilə olub və hazırda bu komitə çəkilib kənarda durub. Yalnız bir Xəzər dəniz qazma-tikmə trestindən 600 nəfərə xəbərlardıq edilib. Hələ bu proses gedir. Şirkətin də daxilində nə qədər strukturlar var. Struktur islahatları pis aparılır, ixtisarlar düz aparılmır. Yerlibazlıq, qohumbazlığa üstünlük verilir. Ixtisarın öz şərtləri var. Şəkər xəstələri, Qarabağ döyüşçüləri işdən çıxarıla bilməz. Ixtisar zamanı təcrübəli işçilərə üstünlük verilməlidir. Işdən azad olunanların çoxu təqaüd yaşında deyillər, onların arasında xeyli qadınlar var. Bu insanlara iş təklif olunmur. Ölkədə işsizlik böhranı başlayacaq. Yenə deyəcəklər ki, yeni iş yerləri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi aşağı düşüb. Indidən deyirəm ki, bu yalandı. Əmək müqavilələrini yeni iş yerləri kimi təqdim edəcəklər. Ancaq ölkədə kütləvi sürətdə işsizlik olacaq.

“İnsanların naləsini eşitmək istəmirlər”

– Gələn il seçki ili olacaq və hakimiyyət ənənəsinə uyğun olaraq abadlaşma işləri barədə məlumat verəcək. Sizin onlara deyəcəyiniz hansı arqumentləriniz var? Neft pulları hara xərclənməli idi və əslində hara xərclənib?
– Neftdən əldə olunan gəlirlərdən şəffaf, ədalətli, səmərəli, istifadə olunmur. Xərclənən neft pullarının üzərində nəzarət yoxdur. Audit aparılmır. Bu vaxta qədər Neft Fondundan ayrılan vəsaitlərin xərclənməsi üzrə hesabatlar təqdim olunmayıb. Neft pullarının xərclənməsi insanların yaşayış səviyyəsinin daha da pisləşməsinə gətirib çıxarıb. Taxta körpü su anbarının tikintisi zamanı 26 ailənin taleyi necə oldu, bilinmir. Hərəsinə 3-4 min pul verildi, kəndlərindən qovdular. Oğuz-Qəbələ su kəmərinin çəkilməsi ilə əlaqədar 3257 ailə, 16 minə yaxın insanın 5 ildir ki, torpaqları əlindən alınıb. Onlara kompensasiya verilmir. Neft pulları hesabına əhalinin vəziyyəti o qədər də yaxşılaşmadı. Insanların sosial müdafiəsi pis vəziyyətdədir, təqaüdlər aşağıdır. Milyardlarla vəsait yolların çəkilməsinə xərclənir. Səliqəsiz binalar şəhəri pis günə salıb. Bakıda insanlar evlərindən küçələrə atılır. Nə qədər ah-nalə, qarğış olar. Küçələrə atılan insanların naləsini eşitmək istəmirlər. Insanlar evsiz, balaları çörəksiz qalır. Axı bu ah-nalə üzərində qurulan işin axırı yaxşı olmaz. Bakının Dubaya oxşamasını istəmirəm. Istəyirəm Avropaya oxşasın, öz gözəlliyini, tarixini qorusun. Gələcək nəsil bu nəsli söyəcək və hələ də neft pulu gözləyəcək.

“Hamınını əlinə tar-saz verib, oxumağı təbliğ edirlər”

– Ölkədə böyük narazılar ordusu formalaşıb. Eyni zamanda aparıcı müxalifət qüvvələrini birləşdirən Ictimai Palata və nüfuzlu ziyalıların toplandığı Ziyalılar Forumu var. Gələn il keçiriləcək prezident seçkisində hakimiyyət bu qüvvələrə qarşı dayanmağı, vətəndaşların səsini almağı bacaracaqmı?
– Bizə xeyli sayda hüquqları pozulmuş insanlar müraciət edir. Onların hamısının canında qorxu hissi var. Insanlar etirazını bildirməyə qorxur, öz hüquqlarını bilmirlər. Bu gün Azərbaycan televiziyası vətənpərvərliyi təbliğ etməkdənsə hamınını əlinə tar-saz verib, oxumağı təbliğ edir. Bir millətin döyüşgənliyini məhv etmək istəyirsənsə, onun topunu-tüfəngini, dilini əlindən alırsan. Indi danışanın ağzını bağlayırlar, həbsə atırlar. Qarabağ haqqında düşünən yoxdur. Ölkədə ən çox oxuyanlar artıb. bu çox pis əlamətdir ki, ölkədə mahnı oxuyan haqqını tələb edəndən çoxdur. Televiziyalar kimisə kiminləsə evləndirməklə məşğuldur. Insanların hüquqlarını öyrədən verilişlər yoxdur. Bu gün Azərbaycan məmuru haqqında kimsə reallığı desə, ya işdən qovulacaq, ya da həbs olunacaq. Cəzasızlıq hökm sürür. Ilk növbədə insanların içindəki xof çıxarılmalıdır. Insan haqqını müdafiə etməyi bacarmalıdır, seçkiyə gedib səs vermirlər. Çox asanlıqla onların səsləri saxtalaşdırılır. Əgər bir müxalifət qurumu yaranırsa, digəri çıxıb onu tənqid edir. Insanlar bizə deyir ki, siz öz aranızda bir birinizi yeyirsiniz, yola getmirsiniz. Ölkədə hər kəs öz hüquqlarının müdafiəsi, ölkədə demokratiyanın bərpası, azad və ədalətli seçkilərin keçirilməsi üçün mübarizə aparmalıdır. Əgər azad və ədalətli seçkilərin keçirilməsini istəyirsə, bu yolla getməlisən. Çalşmalısan ki, Azərbaycan hökuməti saxtakarlıqdan əl çəksin. Buna görə davam etməkdənsə, seçki vaxtı çatanda bir birinin tənqidi ilə məşğul olurlar. Bu da hökumət üçün çox əlverişlidir. Onlar camaata deyir ki, budur sizin müxalifət. Məni göynədən budur. Belə getsə, insanlar seçkiyə getməyəcək. Ən böyük bədbəxtlik də bunda olacaq.

Fizzə