Fikir döyüşündə Heydər Əliyev ona uduzdu…
“Tarixi şəxsiyyət” ifadəsi adətən yüksək qiymətləndirilən insanlar haqqında işlədilir. Ən pisi odur ki, belələri bizə əlçatmaz sayılır, onları uzaq keçmişlərdə axtarıb tapırıq. Ancaq elələrindən gözümüzün önündə, bizimlə eyni zamanda, hətta eyni məhəllələrdə yaşayanları da var. Məsələn, bu gün 60 yaşını tamamlayan Ibrahim Ibrahimli!
Bu insanla danışanda sanki Azərbaycanın yaxın tarixilə təmasda oluram. Elə bilirəm ki, “ən yeni Azərbaycan tarixi? kitabı insan formasındadır.
Azərbaycanın dövlət müstəqilliyinin qazanılmasında imzası olan insanlardandır Ibrahim Ibrahimli. Ancaq bu gün o və onun kimilər “müstəqilliyə xor baxanlar”, “erməni dəyirmanına su tökənlər” adı altında küncə sıxışdırılır, unutdurulur, xidmətləri danılır. Şərin bu qədər həyasız hücumu və gücü qarşısında Ibrahim Ibrahimli duruş gətirir, müqavimət göstərir. Mən deyərdim ki, illərin bu qarşıdurması Ibrahimliyə bir idmançı stili də verib: daim məşq, daim hərəkət… mübarizə ona tənbəllik, yastığa söykənib mürgüləmək imkanı vermir. Elə buna görə də Ibrahim bəyin 60-ı haqladığı zafarat, şişirtmə kimi gəlir mənə. Çünki ona hələ 40-45-i güclə vermək olur…
Təmənnasızlığı və zəhmətilə seçilən İbrahimli!
Yubiley yaşını fürsət bilərək, Azərbaycanın yeni nəsli üçün Ibrahim Ibrahimli haqqında təqdimat etməyi vacib saydım.
Höte yazırdı ki, “insan özünü yalnız fəaliyyət yolu ilə dərk edə bilər, özünü seyr etməklə yox. Öhdənə düşən vəzifəni yerinə yetir, o zaman nəyə qadir olduğunu bilərsən”. Bu gün Azərbaycan siyasi səhnəsində bir yığın özündən müştəbehlər, özü-özünün seyrinə dalanlar boydandır. Fəaliyyət, öhdəsinə düşən işi ləyaqətlə yerinə yetirmək onlar üçün yaddır, iddiadan isə boldurlar. “Quru iddia” deyilən də əslində elə budur. Ibrahim Ibrahimli isə bu qəbildən olanların əksidir! O, siyasi tariximizdə təmənnasızlığı və zəhməti ilə seçilənlərdəndir!
Ağıl yaşda deyil…
Xalq Hərəkatından başlanan yolda onun rolu qabarıq formada 1993-cü ilin qiyamında göründü. Gəncə qiyamı ilə devrilən Elçibəy hakimiyyətinə Heydər Əliyev parlamentdə de-fakto məhkəmə qurmuşdu. Çoxların qaçıb gizləndiyi, bəzilərinin Heydər Əliyevin zabitəsi altında əridiyi o günlərdə barmaqla sayılacaq müqavimət qalalarından biri də Ibrahim Ibrahimli idi. Ibrahimli o zaman qiyamçı polkovniklə birləşən Heydər Əliyev, Etibar Məmmədov, Nemət Pənahlı və s.-lərinin dəstəsi önündə təkcə millət vəkilliyi etmirdi, eyni zamanda, həyatını təhlükə altında qoyaraq, böyük bir hərakatın – Azərbaycan Xalq Cəbhəsinin vəkilliyini edirdi. AXC və Əbülfəz Elçibəyə qarşı yönələn hər bir böhtan, ittiham təmkinli və prinsipial Ibrahim Ibrahimli mövqeyilə qarşılaşırdı. Heydər Əliyev nüfuzunun pik anını yaşadığı o günlərdə belə, fikir döyüşündə Ibrahim Ibrahimliyə uduzaraq, cığallığa əl atmışdı. “Mən siyasətlə məşğul olanda sən Zeynəddin kəndində ayaqyalın gəzirdin” demişdi ona Heydər Əliyev. Halbuki, düşünmək qabiliyyəti olan hər kəsə aydındır ki, Ibrahim Ibrahimlinin və ya bir başqasının yaşının Heydər Əliyevdən az olması ona qüsur sayıla bilməz. Önəmli olan neçə yaşda olmaq deyil, hər yaş dövrünə uyğun ləyaqətli həyat sürməkdir.
O, sınaqlardan şərəf yükü ilə çıxdı…
Ibrahim Ibrahimli və onun parlament yoldaşlarının fəaliyyəti nəticəsində cəbhəçilər ağır günlərdə nəfəs dərə və növbəti mərhələyə inamla girə bildilər. Bu fəaliyyət nəticəsiz qalmadı və ona görə də qısa bir zamanda Əbülfəz Elçibəy Ibrahim Ibrahimlinin AXC-yə mühüm posta – birinci müavinliyə təyin etdi.
Həmin vaxt Ibrahim Ibrahimli Müsavat Partiyasının üzvü idi. Bu məqamı ona görə vurğulayıram ki, bizdə “siyasətçilərimiz firqə maraqlarından üstün düşünə bilmirlər” fikri çox yayğındır. Ibrahim Ibrahimli nümunəsi isə bu fikri təkzib edir. Ona görə ki, partiya mənsubiyyəti olsa da, o, hərəkata – AXC-yə rəhbərlik etdiyi dönəmdə böyük düşünə, böyük hərəkət edə bilib; rəhbərlik etdiyi təşkilatı öz siyasi mənsubiyyətinin girovluğuna sürükləməyib.
Ibrahim Ibrahimli Azərbaycan siyasətində nümunə yaradan insanlar kateqoriyasındandır. Insanın kimliyi ekstremal vəziyyətdə açılır. Belə hallarda o, maskalana, bəlağətli çıxışlar, saxta hərəkətlər arxasında gizlənə bilmir. Biz yaxın tariximizin ən ekstremal günlərində (1993-cü ilin iyunu) Ibrahimlinin necə bir şərəf yükü ilə çıxdığına toxunduq. Düz on il sonra – 2003-cü ilin payızında da – oğul Əliyevin hakimiyyəti zəbt etməsi zamanı da Ibrahim Ibrahimli gizlənmədi, meydana çıxdı. Meydandan isə yolu məhbəsə düşdü və orada da kimliyini ucaltdı.
2005-ci ilin parlament seçkisi də I.Ibrahimlinin şəxsiyyətinə müsbət yazıldı. “Azadlıq” blokundan onun vahid namizəd olması məsələsi həllini tapmadı. Blokun qərarı beləydi: hansı partiyadan blokun namizədinə alternativ verilsə, həmin şəxs partiya sıralarından çıxarılmalıdır. Bəziləri bu məqamı siyasi kimliyindən imtina üçün fürsət bildi və partiyadan elə o gedən getdi. Ancaq Ibrahim Ibrahimli partiyadan prosedur gərəyi kimi çıxarılsa da, sonra geri döndü və yenə haqq bildiyi mövqelərdə döyüşdü.
2010-cü ildə Ibrahim Ibrahimlinin Müsavatla əlaqələri gərginləşdi və o, partiyadan könüllü uzaqlaşdı. Çoxları düşündü ki, bu da siyasətdən istefaya yollanmaq üçün onun düşündüyü bir addımdır. Ancaq Ibrahimli göstərdi ki, partiyada təmsil olunmadan da mübarizə adamı olmaq mümkündür. Və o, bunu Ictimai Palata çərçivəsində fəaliyyəti ilə təsdiqlədi.
Hakimiyyətlə münasibətlərində ritorikası sərt və güzəştsiz olan Ibrahim Ibrahimlinin bir çox siyasətçilərdən fərqi öz düşərgədaşlarına münasibətilə də seçilir. Bunu da Ibrahim Ibrahimli nümunəsi saymaq olar: çoxillik və qaynar siyasi fəaliyyətinə baxmayaraq, o intriqalara bulaşmamış adamdır. Hər halda, uzun müddətdir onun fəaliyyətini izləyən adam kimi, Ibrahim Ibrahimlinin kiminləsə söz davası etdiyini, intriqalara daldığını xatırlaya bilmirəm.
Böyük ideyalarla köklənən adamların xırda intriqalara vaxt sərf etməsi israfçılıq və qeyri-ardıcıllıq olardı.
Əhməd Kayanın sevdiyim bir mahnısı var: Yorğun demokrat! Mən Ibrahim bəyə, “yorulmaz demokrat” deyirəm!
Doğum günün mübarək, yorulmaz demokrat!
Natiq