İran saytından ŞOK xəbər: 12 kənddə 6000 adam ölüb!

İran İslam Respublikası Məsləhət Şurasının katibi Möhsün Rzayiyə bağlı tabnak.ir saytı ölkə ərazisində baş vermiş zəlzələ barədə şok fakt yayımlayıb. Saytın yazdığına görə, zəlzələnin mərkəzi sayılan Vərziqan şəhərinin icra başçısı Məhərrəm Firuqi sensasion sayıla biləcək açıqlama verib. Firuqi bildirib ki, zəlzələ nəticəsində Vərziqanın 12 kəndi tam şəkildə dağılıb. Bu kəndlərin hər birində isə 900-1000 nəfər sakin yaşayırmış. Başçının dediyinə görə, zəlzələdən sonra həmin kəndlərin ümumi əhalisinin yarısı itkin düşüb. Bu isə təxminən 6000 nəfərin dağıntılar altında qalaraq həlak olması deməkdir.