“Azərbaycanda diktaturanın çökəcəyindən başqa variant yoxdur”
Nurəddin Məmmədli: “Əsas məqsədimiz hakimiyyətin oyun qaydalarını pozmaqdı”
Hakimiyyətin ölkədən 48 milyard dollar vəsaiti çıxarması son günlərin ən çox müzakirə olunan mövzusudur. Ictimaiyyət arasında geniş rezonans doğuran bu məsələ ətrafında Ictimai Palata da geniş dinləmələr keçirdi. Bu və gündəmi zəbt edən başqa məsələlərlə bağlı AXCP sədrinin müavini, IP üzvü Nurəddin Məmmədlinin də fikirləri ilə tanış olduq.
– 48 milyard dolların ölkədən çıxarılmasına cəmiyyətin reaksiyası adekvat olmadı. Baxmayaraq ki, başqa cəmiyyətlərdə buna reaksiya fərqli olardı. Siz cəmiyyətin bu istiqamətdə fəal olması üçün hansı yollar təklif edərdiniz?
– Azərbaycanda təkcə offşor zonalarında hakimiyyət nümayəndələrinin 48 milyard dollar civarında vəsaitinin olmasını cəmiyyətimiz adekvat reaksiya ilə qarşılamadı. Bunun iki mühüm səbəbi var. Birincisi, cəmiyyətdə bu, təəccüb yaratmadı. Azərbaycan cəmiyyəti korrupsiya və rüşvətxorluğun hansı səvyyədə olduğu haqda yetərincə məlumatlıdır. Çünki hər biri bu və ya başqa formada bu prosesin iştirakçısıdır. Böyük əksəriyyəti rüşvət verən qismində bu ölkədə nələrin baş verdiyinin fərqindədir. Hətta miqdar da cəmiyyəti təəccübəndirmir. Çünki Azərbaycanda daha yüksək səviyyədə mənimsəmənin olması cəmiyyətdə müzakirələrdə dəfələrlə vurğulanıb. Yəni bu gözlənilməz hadisə deyildi. Əslində bu cür zonalarda və bütün yerlərdəki daşınan, daşınmaz əmlak, bank sistemindəki vəsaitlər haqqında söhbət gediləndən qat-qat çox olmasına Azərbaycan cəmiyyətində qətiyyən şübhə yoxdur. Digər tərəfdən, Azərbaycan cəmiyyəti bu cür şeylərlə barışmış kimidir. Geniş mənada xalq ölkədəki neqativ hadisələrə qarşı mübarizə immunitetini itirməsə, toparlanmağa, bu rejimə qarşı total şəkildə mübarizəyə sövq etməyə yüzlərlə səbəb var.
“Təhsildə baş verənlər rejimin mahiyyətindən qaynaqlanır”
– Bu günlərdə Ictimai Palata təhsildəki acınacaqlı vəziyyətlə bağlı müzakirələr apardı. Təhsilin bu vəziyyətə düşməsində müxtəlif səbəblər göstərilir. Siz problemin həllini nədə görürsünüz?
– Təəssüf ki, Azərbaycanda özünü təhsil eksperti hesab edən bir çox insanlar problemin həllini kadr dəyişikliyində axtarırlar. Ancaq bunlar tamamilə yanlış yanaşmadır. Azərbaycan təhsilində bu gün baş verənlər prinsip etibarı ilə rejimin xarakterindən, mahiyyətindən qaynaqlanır. Ayrı-ayrı məmurların, funksionerlərin koorupsioner mahiyyəti ilə bağlı deyil. Vaxtilə Fərhad Əliyevin monopolistlərin iqtisadiyyata, həm də cəmiyyətə təsirini zəiflətmək haqqında bir cümləsi onlarda təşviş yaratdı və nəticədə Fərhad Əliyev həbs olundu. Yaxud vaxtilə Əli Insanov Azərbaycan hakimiyyətinin ən pis naziri kimi qəbul olunurdu və çoxları hesab edirdi ki, onun dəyişməsi islahatlara səbəb olacaq. Ancaq bunlar baş vermədi. Əksinə, səhiyyə daha da monopoliyaya alındı. Daha böyük çıxılmazlıqlar, çətinliklər meydana gəldi. Bu gün faktiki olaraq Azərbaycan cəmiyyəti normal səhiyyə xidməti almaqdan məhrum edilib. Ona görə də o tipli problemlərin həllinin yeganə yolu rejimin dəyişməsindən keçir.
“Ölkədə diplomlulardan ibarət savadsızlar ordusu formalaşır”
– Təhsildəki acınacaqlı vəziyyətin göstəricilərindən biri də abituriyentlərin qəbul imtahanlarında göstərdiyi nəticədir. Keçid ballarının aşağı salınması savadsız abituriyentlərin tələbə adını qazanmasına imkan yaradır. Bu vəziyyəti necə qiymətləndirərdiniz?
– Təhsilin də siyasi, sosial və humanitar aspektlərinə dair çoxsaylı müsahibələr vermək, hətta kitablar yazmaq olar. Geniş mənada götürəndə Azərbaycan hakimiyyətinin xalqımıza yönəlik ən pis siyasəti təhsilin acınacaqlı şəkildə məhv edilməsidir. Çünki cəmiyyətin bütün sferalarının gələcək inkişafı, xalqın sosial-iqtisadi vəziyyəti, iqtisadiyyatın inkişaf etdirilməsi, cəmiyyətdə insan faktorunun güclənməsi, demokratik islahatların reallaşması, hamısı bu və ya başqa şəkildə təhsil və elmlə bağlıdır. Bu məsələyə konkret yanaşsaq, Azərbaycan hakimiyyəti universitetləri kütlə ilə doldurmaq siyasəti yürüdür. Diplom var, təhsil, savad yoxdu. Başqa tərəfdən, Azərbaycan təhsilinin əsas prioritet məqsədlərindən biri xalqda olan pulların mənimsənilməsidir. Azərbaycan xalqı övladının təhsil almasında çox maraqlıdır. Bütün kasıbçılığına, məhrumiyyətlərinə baxmayaraq külli miqdarda pul xərcləyir ki, uşağı təhsil alsın. Nəticədə təhsil almır, diplom alır. Bu gün yoxsul və orta təbəqəyə aid insanların uşaqlarını oxutmaq imkanları getdikcə məhdudlaşır. Təhsilin də monopoliyasına gətirib çıxarır. Bir tərəfdən sosial vəziyyəti yüksək olan, hakimiyyətin oyun qaydalarını qəbul edib qeyri-peşəkarcasına, korrupsiya və rüşvətə bulaşmış adamların sayəsində kasıb uşaqları oxumaq imkanlarını itirir. Başqa tərəfdən, təsəvvür etmirəm ki, hansısa abituriyent məktəbdən kənarda məşğul olmadığı halda ali məktəbə qəbul olunsun. Bu da külli miqdarda pul itkisi deməkdir. Nəticədə ölkədə diplomlulardan ibarət savadsızlar ordusu formalaşır. Azərbaycan cəmiyyəti getdikcə özünün dinamikasını itirir. Əslində cəmiyyət savadsız olduğuna görə laqeyddir. Cəmiyyət nələrin baş verdiyini dərk etməyə çətinlik çəkir. Bu da bilavasitə elmin və təhsilin çox ağır durumda olması ilə bağlıdır. Təhsil həmişə prioritet istiqamət olub və bu sferada baş verənləri Azərbaycan cəmiyyəti çox böyük faciə kimi dəyərləndirir.
“Əliyevlər rejimi Ağacan Əbiyevi məhv etdi”
– Hakimiyyət idmana qayğını da daha çox önə çəkirdi. Lakin olimpiya yığmasının yarısının legioner olması, idmançılarımızın yarışda pis nəticə göstərməsi vəziyyətin fərqli olduğunu göstərdi. Olimpiya komplekslərinə 700 mln manat xərcləyən hakimiyyətin idman siyasətinə necə qiymət vermək olar?
– Idmana ayrılan büdcənin çox az hissəsi idmana yönəlmiş olsa, Azərbaycanın milli idmançıları olimpiadada qat-qat artıq uğurlar qazana bilərlər. Bir tərəfdən xaricdən idmançı gətirmək, digər tərəfdən də ölkədə idmana qayğı altında söküb-dağıtmaq korrupsiya mahiyyətindən irəli gəlir. Pulu büdcədən ayırıb mənimsəyirlər. Söhbət konkret olaraq olimpiadadan gedirsə, ən xoşagəlməz cəhət Ağacan Əbiyevin yaşadığı faciədir. Ağacan Əbiyev boks üzrə dünyanın tanınmış mütəxəssislərindən, beynəlxalq boks təşkilatlarının böyük, ləyaqətli şəxsiyyətlərindən biri idi. Amma bu gün Əliyevlər rejimi bir mütəxəssis, məşqçi kimi onu da məhv etdi. Idman Akademiyasının rektorluğu, deputatlığı, hakimiyyətə çox yaxın dairələrlə bağlı digər əməlləri son nəticədə bir boks mütəxəssisi və şəxsiyyət kimi onu məhv etdi, olimpiadadan kənarlaşdırılmaq kimi bir faktla üz-üzə qoydu. Çünki Azərbaycan hakimiyyəti alın təri ilə qazanmaqdan daha çox rüşvət verib qazanmağa üstünlük verir. Bu gün gileylənirlər ki, hakimlər bizə qarşı ədalətsizlik etdi. Bütün dünyada sizi qazanılan uğurun arxasında rüşvətin olması faktı ilə tanıyırlar və nəticədə də etinasız yanaşırlar.
“Əsl reallıq ortaya çıxsa, Azərbaycan dünyada axırıncı yeri tutar”
– Iranın müvəqqəti viza rejimini tətbiq etməsi çox acınacaqlı mənzərə ortaya qoydu. Məlum oldu ki, viza alıb Irana getmək istəyənlərin əksəriyyəti bu ölkəyə müalicə üçün üz tutur. Sanksiyalar altında olan bir ölkədə səhiyyənin vəziyyəti və eyni zamanda qiymətlər Azərbaycandan xeyli fərqlidir. Bunun səbəbini nədə görürsünüz?
– Bunun hamısının kökündə dayanan əsas məsələ korrupsiya və rüşvətxorluqdur. Təhsildə, məmur fəaliyyətində koorupsiya və rüşvətxorluq. Az həkim tapmaq olar ki, onlar tam ştata uyğun olaraq fəaliyyət göstərir. Həkimlərin əksəriyyətini 0,5 hətta 0,25 ştata keçirməklə yerdə qalan hissəni satırlar. Kütləvi şəkildə həkimlər ordusu yetişir. Amma nə onların səviyyəsinə nəzarət var, nə normal təhsil alması, nə təkmilləşmə, ixtisasartırma şəbəkəsində normal fəaliyyət təsdiq olunur. Nəticədə bunlar həm texniki cəhətdən, həm də bilik cəhətdən dünya səviyyəsindən qat-qat geri qalıblar. Azərbaycan səhiyyəsinin səviyyəsinin bu cür acınacaqlı olmasının nəticəsidir ki, vaxtilə uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda orta yaşam müddəti 72 ildən ən azı 62-63 ilə düşüb. Hətta bəzi mütəxəssislər 57 rəqəmini göstərir. Başqa tərəfdən, beynəlxalq səhiyyə təşkilatının hesabatına əsasən, Azərbaycan uşaq ölümünün səviyyəsinə görə dünyada ən pis vəziyyətdə olan bir neçə ölkələrin sırasındadır. Bunu da nəzərə almaq lazımdır ki, Azərbaycanda çox zaman uşaq ölümləri hesabatdan gizlədilir. Məsələni mahiyyəti üzrə araşdırmırlar, statistikanı saxtalaşdırırlar. Əsl reallıq ortaya çıxsa, bəlkə də bu göstəriciyə görə dünyada axırıncı yeri tutarıq. Hakimiyyət Ermənistanda iqtisadi vəziyyətin çox acınacaqlı olması ilə bağlı təntənəli bəyanatlar verdiyi halda uşaq ölümünün səviyyəsinə görə Ermənistan iki dəfə bizdən yaxşı vəziyyətdədir. Irana gəldikdə, bu ölkədə təhsilin səviyyəsi çox yüksəkdir. Səhiyyə Qərb modeli əsasında xidmət göstərir. Həkimlərin əksəriyyəti Qərb təcrübəlidir. Bunun üçün dövlətin proqramı var, milyonlarla vəsait sərf olunur və bəhrəsini də Iran xalqı görür. Ən başlıca faktor isə ondan ibarətdir ki, Iranda müəlicə xərcləri Azərbaycanla müqayisədə qat-qat aşağıdır. Bu iki faktor azərbaycanlıların kütləvi şəkildə Irana müalicəyə getməsinə səbəb olur.
“Diktaturadan demokratiyaya keçid aksiyalardan keçir”
– Ərəb ölkələrində inqilablar başlayanda belə bir fikir yarandı ki, növbəti mərhəldə bu proseslər postsovet məkanında, Cənubi Qafqazda baş verə bilər. Artıq Suriyada proseslərin sonu görünməyə başlayıb. Azərbaycanda demoratik dəyişiklikləri sürətləndirmək istiqamətində hansı addımların atılması gözlənilir?
– Şübhəsiz, aksiyalara start verəcəyik. Ictimai Palatanın bu barədə qərarı var. Mübarizənin əsas forması kimi ən geniş spektrli aksiyalarda, müxtəlif tədbirlərdə iştirak edirik. Ancaq son nəticədə bir çox ölkələrdə diktatura rejimlərindən demokratiyaya keçid kütləvi aksiyalardan keçir. Ona görə bizim arsenalda da bu cür məqsədlər var və bunların həyata keçirəcəyik. Əlbəttə, burda bir neçə cəhəti qeyd etmək lazımdır. Birincisi, bütün ərəb ölkələrində heç kimin proqnozlaşdırmadığı halda bu və ya başqa formada qarşıdurmalar yarandı. Bu da diktatorların süqutu ilə yekunlaşdı. Azərbaycanda da bu prosesin baş verəcəyinə zərrə qədər şübhəm yoxdu. Azərbaycan demokratikləşəcək. Ən azı ona görə ki, Azərbaycan Avropanın tərkib hissəsidir. Eyni zamanda Azərbaycan cəmiyyəti bu dəyişikliyə hazır olduğunu göstərir. Amma bunun hansı zaman kəsiyində baş verəcəyini söyləmək mümkün deyil. Konkret olaraq demək olar ki, Azərbaycanda diktaturanın çökəcəyinin alternativi yoxdur. Bu mütləq baş verəcək.
“Hakimiyyətin manevr imkanları məhdudlaşıb”
– Qarşıdan seçki ili gəlir. 2008-ci il seçkilərindən fərqli olaraq bu dəfə hakimiyyət daha böyük etirazçı qüvvə, Ictimai Palata, fəal ziyalılarla üz-üzə qalıb. Bu baxımdan gözləntiləriniz nədən ibarətdir?
– Heç bir seçkidə hakimiyyət qalib gəlməyıb. Xalqın bunlara etinadsızlığı narazılıqların hətta zəif olduğu müddətdə belə dominant şəkildə özünü göstərib. Son seçkidə, ondan əvvəl də bunun şahidi olduq. Azərbaycan xalqı bu hakimiyyətə səs verməmişdi. Seçkinin nəticələrini saxtalaşdırmaq, rəqibləri müxtəlif səviyyədə prosesdən uzaqlaşdırmaqla özlərini qalib elan edirlər. Ona görə də bu gün Azərbaycanda demokratik seçki şəraiti yaradılmasa, Seçki Məcəlləsi dəyişdirilməsə, seçki komissiyaları hakimiyyətin monopoliyasından çıxarılmasa, əvvəlki dövrlərdə baş verənlər yenə də təkrarlanacaq. Ancaq hakimiyyətin manevr imkanları çox məhdudlaşıb. Əvvəlki dövrlərdən fərqli olaraq heç bir beynəlxalq qurum Azərbaycan hakimiyyətinin addımını təqdir etmir. Hər yerdə tənqid özünü göstərir. Amma bununla belə hakimiyyət yenə də öz əvvəlki oyun qaydalarını saxlamaqla növbəti seçkini udmağa çalışacaq. Təbii ki, bizim də əsas məqsədimiz bu oyun qaydalarını pozmaq, ölkədə demokratik seçki şəraiti yaratmaq və demokratik seçki vasitəsilə hakimiyyətin dəyişməsinə nail olmaqdır.
Fizzə