Mətləb Mütəllimli: “Bu tipli məlumatlar o dönəmdə yalnız Milli Təhlükəsizik Nazirliyində ola bilərdi”
Sülhəddin Əkbər: “Gəncə hadisələri ilə bağlı MTN-də kifayət qədər əməliyyat məlumatları olub və həmin məlumatlarda Arif Rəhimzadənin adı bir neçə dəfə çəkilib”
“Yeni Müsavat” qəzetinin 4 iyun qiyamı ilə bağlı təşkil etdiyi debatda Azərbaycanın 93-cü ildə baş naziri olmuş Pənah Hüseyn və qiyamdan sonra hakimiyyətə gələn hökumətin baş prokuroru Əli Ömərov iştirak edib. Müzakirələr zamanı Gəncə hadisələri ilə bağlı maraqlı fikirlər səsləndirilib. Həmin fikirlərdən biri P.Hüseynə aiddir.
P.Hüseyn bildirib ki, 93-cü ilin may ayında onlara məlumatlar daxil olmuşdu ki, Moskvadan yönləndirilərək, həm Ayaz Mütəllibovun tərəfdarı olan deputatlar, həm də Heydər Əliyevin tərəfdarı olan deputatlar Ali Sovetin çağırılması haqqında imza toplayırlar: “O zaman biz çox ciddi bir işğal təhlükəsi qarşısındaydıq. Kəşfiyyat orqanları vasitəsilə əməliyyat məlumatları daxil olurdu ki, Gəncədə separat halda Ali Sovet sessiyasının təşkil olunması üçün hazırlıqlar gedir. Surət Hüseynovdan da bunun mühafizə olunması istənirdi… Eləcə də deputat Arif Rəhimzadənin Moskvada Azərbaycan siyasətilə əlaqəli olan insanlarla görüşdüyü haqqında xüsusi xidmət orqanlarının məlumatı vardı…”.
A.Rəhimzadənin konkret olaraq Moskvada kimlərlə görüşdüyünü deməyən P.Hüseyn eyni zamanda vurğulayır ki, o zaman istintaq da müəyyən etmişdi ki, Rafael Allahverdiyevin anasının evindən Moskva ilə intensiv telefon danışıqları olurdu. “Bu məsələ dəfələrlə mətbuata da çıxıb, qarşı tərəf də bunu təkzib etməyib. Zaman gələcək ki, bu məsələlər obyektiv araşdırılacaq”, deyə P.Hüseyn vurğulayıb.
Həmin hadisələrə bir qədər aydınlıq gətirmək üçün həmin dövrdə səlahiyyət sahibi olan şəxslərlə əlaqə saxladıq.
Öncə həmin dövrdə Gəncə hadisələri ilə bağlı yaradılan deputat-istintaq komissiyasının rəhbəri olmuş Mətləb Mütəllimliyə müraciət etdik. O, P.Hüseynin A.Rəhimzadə və R.Allahverdiyev barəsində dedikləri ilə bağlı onlarda məlumat olmadığını deyir. M. Mütəllimlinin sözlərinə görə, əgər P.Hüseynin söylədikləri həqiqətdirsə, bu tipli məlumatlar o dönəmdə yalnız Milli Təhlükəsizik Nazirliyində ola bilərdi.
MTN-in sabiq müavini Sülhəddin Əkbər isə Gəncə hadisələri zamanı əldə edilən əməliyyat məlumatları ilə bağlı açıqlaması lakonik oldu. O bildirdi ki, Gəncə hadisələri ilə bağlı həmin dövrdə MTN-də kifayət qədər əməliyyat məlumatları olub. Və həmin məlumatlarda Arif Rəhimzadənin adı bir neçə dəfə çəkilib.
Xəyal