guney-azerb-zelzele

Güney Azərbaycanda böyük fəlakət (FOTOLAR)

guney-azerb-zelzeleZəlzələ Təbriz və başqa şəhərləri viran qoydu; 300 ölü, 5000 yaralı

İranın zəlzələ baş verən Şərqi Azərbaycan vilayətində 2 gün matəm elan edilib.

APA-nın məlumatına görə, bu barədə Təbrizin imamcüməsi, ayətullah Möhsün Müctəhid Şəbüstəri və Şərqi Azərbaycan vilayətinin valisi Əhməd Əlirza Beygi birgə bəyanat yayıblar. Onlar 13-14 avqustu matəm günü elan ediblər.
Son rəsmi rəqəmlərə görə, 300 nəfər ölüb, 5000 nəfər yaralanıb

***

Azərbaycan İran tərəfinə humanitar yardım təklif edib. Bu barədə APA-ya Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev bildirib.

E. Abdullayevin sözlərinə görə, Azərbaycan avqustun 11-də İranın şimal-qərbində baş verən zəlzələdən zərər çəkənlərə yardım etmək niyyətini rəsmi olaraq İran tərəfinə çatdırıb.

Qeyd edək ki, 6.6 bal gücündə baş verən zəlzələ nəticəsində son məlumatlara dünyasını dəyişənlərin sayı 300-ə çatıb, 2000 nəfərə yaxın insan isə xəsarət alıb. Təbii fəlakətlə əlaqədar Azərbaycanın dövlət başçısı İlham Əliyev iranlı həmkarı Mahmud Əhmədinejada başsağlığı verib.

***

Son məlumatlara görə, İranın şimal-qərbində baş verən zəlzələdə azı 250 adam ölüb, 1800-dən çox yaralı var. Ölənlərin sayının artacağı gözlənilir. Bəzi yerli xəbər agentlikləri yaralıların sayının artıq 2000-i keçdiyini bildirir.

Onlarla xilasedici dəstə dağıntılar altında qalanları çıxarmağa çalışır.

6,4 ballıq zəlzələ Təbriz şəhəri yaxınlığında qeydə alınıb. Haris və Varzaqan şəhərləri də xəsarət alanlar sırasındadır.

Daxili İşlər nazirinin müavini Hassan Qadami bildirib ki, təkanlar ümumilikdə 110 kənddə hiss olunub.

Bir çox kənddə telefon və kommunikasiya xətləri sıradan çıxıb. Bu isə xilasetmə işlərini çətinləşdirib. Təbriz şəhərində də telefon rabitəsində nasazlıqlar var.

Prezident Mahmud Ahmadinejad hökuməti «zəlzələnin təsir etdiyi insanlara kömək üçün bütün səyləri səfərbər etməyə» çağırıb.

***

Avqustun 11-də Bakı vaxtı ilə saat 17 radələrində Güney Azərbaycanın Təbriz və başqa şəhərlərində güclü zəlzələ baş verib. Zəlzələnin təsiri Quzey Azərbaycanda da hiss olunub.
Yeraltı təkanlardan az sonra Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb ki, zəlzələnin episentri Təbriz şəhəri olub. Zəlzələnin gücü isə birinci təkanda 6.2, ikinci təkanda 6 bal gücündə göstərilib. Seysmoloji Xidmət zəlzələnin 9.7 kilometr dərinlikdə baş verdiyi bildirilib.
Sonrakı məlumatlarda isə episentri Vərzigan şəhəri olmaqla Təbriz, Əhər, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verdiyi bildirilib.
“Fars” xəbər agentliyinin məlumatına görə, ən çox zərər Əhər və Vərzigan şəhərlərinə dəyib. Bu şəhərlərə aid 60 kəndin 60-80%-ə ciddi ziyan dəyib, 7 kənd tamamilə dağılıb.
Son statistikaya görə zəlzələ nəticəsində Güney Azərbaycan şəhərlərində ölənlərin sayı 180 nəfərə çatıb, 1300 nəfərdən çox insan isə yaralanıb. Yaralıların çoxluğu səbəbindən ölü sayının artacağı istisna edilmir.
Fəlakət bölgəsində zərərçəkənlər üçün suya və çörəyə ehtiyac var.
Zəlzələnin təsiri Azərbaycanın quzeyində – Azərbaycan Respublikasında da güclü şəkildə hiss olunub. Ölkənin cənub və aran bölgələrindən, eləcə də Naxçıvan Muxtar Respublikasından zəlzələnin baş verdiyi haqda xəbərlər gəlib. Yerli sakinlər arasında ciddi təşviş yaşanıb. Dağıntı və tələfat barədə xəbərlər olmasa da, sakinlərin evlərdən qorxu içərisində çıxdıqları bildirilib.
Müxtəlif məlumatlara görə, zəlzələnin təsiri İranla sərhəddən tutmuş Gəncəyə qədər böyük bir ərazidə, iki təkanla qeydə alınıb.
Azərbaycanın Seysmoloji Məlumat Xidmətinin yaydığı məlumata görə isə yeraltı təkanlar Azərbaycanın əksər yaşayış məntəqələrində (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və başqa) 4.5 baldan 2 bala qədər hiss olunub.
Azərbaycan Respublikası ərazisində insan tələfatı yoxdur.

İnformasiya şöbəsi