Çovdar qızıl yatağındakı işlər “fövqəlnazir”ə tapşırılıb?

Hakim ailəyə məxsus AIMROC şirkəti Kəmaləddin Heydərova məxsus obyektdə məskunlaşıb

Hakim ailənin 70 faiz paya sahib olduğu Çovdar qızıl yatağında görülən işlər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun üzərinə qoyulub. Bu barədə redaksiyamızda daxil olan məlumatlarda deyilir ki, hətta ailəyə məxsus və qızıl yatağında 70 faiz paya sahib AIMROC (Azərbaycan International Mineral Resources Operating Company, Ltd. azərbaycanca Azərbaycan Beynəlxalq Mineral Ehtiyatların Idarə Edilməsi üzrə Məhdud Məsuliyyətli Şirkət) şirkəti “fövqəlnazir”ə məxsus “Çıraq Plaza” məskunlaşıb.
Məlumata görə, Kəmaləddin Heydərova görülən işlərin müqabilində hər hansı pay tanınmır. Iddia olunur ki, “fövqəlnazir” qeyd-şərtsiz şəxsi maliyyə vəsaitləri hesabına gərəkən işləri görməlidir.
Xatırladaq ki, Çovdar qızıl yatağının işlənməsi üçün müqavilənin dəyəri 2.5 milyard dollar təşkil edir. Müqavilə 2007-ci ilə qeyri-şəffaf prosedurla AIMROC şirkətinə verilib. Hökumət bu şirkəti Britaniya-Yaponiya-Panama konsorsiumu kimi təqdim edib.
Azadlıq Radiosunun əməkdaşları Xədicə Ismayılova və Nüşabə Fətullayevanın araşdırmaları zamanı bəlli olub ki, AIMROC 2007-ci ildə tələm-tələsik məhz sözügedən layihədən ötrü yaradılıb. AIMROC əslində Panamada qeydiyyatdan keçib və Ilham Əliyevin qızlarıyla bağlı olan şirkətlərin nəzarətindədir.
2006-2007-ci illərdə Ilham Əliyev sərəncam verib və Çovdar qızıl mədəni və beş başqa yatağının işlənməsi hüququ ilə bağlı danışıqların aparılmasını, sonra isə AIMROC adlanan şirkətlə müqavilə bağlanmasını Ekologiya və Təbii Ehtiyatlar Nazirliyinə tapşırıb.
2007-ci il iyunun 5-də Milli Məclis növbədənkənar iclas keçirib, bu müqaviləni təsdiqləyib.
Azərbaycan büdcəsinin bu Hasilatın Pay Bölgüsü Sazişində cəmi 30 faiz payı var. 70 faiz AIMROC-a məxsusdur.