Əgər Moskva göz yaşlarına inanmırsa, Amerika hətta ən dəhşətli fəryadlara və iniltilərə də inanmır!
Tamara Qriqoryeva
Mən etnik rusam, amma Azərbaycanda dünyaya gəlmişəm və 22 il orada yaşamışam. Sonra Avropaya, daha sonra isə Amerikaya getdim. Peşəm jurnalistlikdir, hazırda 26 yaşındayam, ailəliyəm, bir oğlum var. Bu bloqda Amerikaya köçdüyüm andan gündəlik həyatda baş verənlərə qədər Birləşmiş Ştatlardakı həyat haqqında yazacağam. Mövzularla bağlı suallar və təkliflər müsbət qarşılanır. Bloqumda inkişaf xüsusiyyətlərindən və xüsusi ehtiyaclarından asılı olaraq, uşaqlar və böyüklərlə iş ayrıca bir mövzu olacaq.
Rəisim deyir ki, köçməkdənsə yanğın daha yaxşıdır. Başqa ölkəyə köçmək, şübhəsiz, böyük stresdir. Amma Konqo Demokratik Respublikasına deyil, Birləşmiş Ştatlara köçürsən, odur ki, həyəcanlanmaq üçün səbəb var. Əsas isə vəziyyəti mümkün qədər tez nəzarət altına almaqdır.
Ilk növbədə, ABŞ-dakı həyat haqqında bütün Hollivud filmlərini unudun və sıfırdan başlayın. Yaşıl dollarların az qala, ağacda bitdiyini və sadəcə, arada-sırada toplamaq lazım olduğuna sadəlövhcəsinə inananlardansınızsa, ayılmaq vaxtı çatıb.
Digər tərəfdən, gəncliyiniz Stalin dövründə keçibsə – nənəm kimi – və Nyu-Yorkun dilənçilərlə, Çikaqonun isə banditlərlə dolu olduğu barədə sovet təbliğatına inanmaqda davam edirsinizsə, yenidən ciddi şəkildə düşünməlisiniz.
Hollivud filmlərindəki cəlbedici səhnələrin əksinə, amerikalılar heç də gecə-gündüz günəşli Kaliforniya və Florida plyajlarında uzanaraq və ya Nyu-York butiklərində böyük məbləğlər xərcləyərək zaman keçirmirlər. Daha dəqiq desək, əlbəttə ki, amerikalıların bir qisminin həyatında bu aspektlər var, amma onlar əksəriyyət təşkil etmir.
Rusiyanın Kremlyönlü qəzetlərini oxusaq, maliyyə böhranı və iqlim dəyişiklikləri Amerikaya elə güclü zərbə vurub ki, burada, fantastik filmlərdə olduğu kimi, əhalinin yarısı aclıqdan ölür, digər yarısı isə ümumiyyətlə qırılıb. Bu nağıllara inanırsınız? Onda bəlkə həyatda Amerikaya köçmək kimi cəsarət etməyə dəyməz?
Amma vəziyyəti sağlam düşüncə ilə qiymətləndirmək iqtidarındasınızsa, seçiminizi Amerikanın xeyrinə etmisinizsə və immiqrasiya maneələrini aşmısınızsa, uğurlar!
Burada sizi ilk növbədə nə heyrətləndirəcək? Ikinci Dünya Müharibəsində arxa cəbhədə işləyən və Stalinin vəfatına acı göz yaşları axıdan 82 yaşlı nənəmi ilk növbədə göydələnlər və onların çoxdan tikilmiş olması heyrətləndirdi. Mağazalardakı məhsulların müxtəlifliyi, küçələrdə təmizlik də onu valeh etdi.
Məni amerikalıların nə dərəcədə çalışqan millət olduğu heyrətləndirdi. Bakı küçələrində gedərkən hər yerdə gənclərə və iş gününün ortasında çayxanada və ya evin həyətində oturan, heç bir iş görməyən insanlara rast gəlmək olar. Amerikalılar səhər el birliyilə işə gedirlər, həm də səhər saat 5-də və ya 6-da başlayanlar da var, özü də bu yalnız süpürgəçilər deyil. Günorta onlar yenə də el birliyilə nahara, axşam evə gedirlər. Ev xanımları da var, amma onların sayı çox deyil və onlar vaxtlarını serial izləyərək keçirmirlər – bu, fəal şəkildə xeyriyyəçilik və ya könüllülüklə məşğul olan qadınlardır.
Bir də amerikalıların iki xüsusiyyəti məni heyrətləndirdi – gülümsəmək və idmanla məşğul olmaq. Bir dəfə də olsa, Rusiya telekanalında Mixail Zadornovun konsertinə baxdınızsa, onun “axmaq, həmişə gülümsəyən amerikalılar”la bağlı zarafatlarını xatırlayırsınız.
Intellekt məsələsini sonraya saxlayaq, amma amerikalıların təbəssümü heç də nəzakət ifadə etmək üçün mütləq deyil, sadəcə, onlar həyata müsbət yanaşmağa alışıblar. Hamı olmasa da, onlar çox pul qazanır və təmtəraqlı evlərdə yaşayırlar.
Idmana gəlincə, amerikalılar dünyanın ən kök milləti olaraq qalmaqdadırlar, təəssüf ki, hələlik bu, reallıqdır. Bu, çox vaxt yanlış qidalanmadan irəli gəlir. Amma bununla yanaşı, hamı və hər kəs idmanla məşğul olur. Küçələrdə səhər-axşam qaçırlar, velosiped sürürlər, üzürlər, beysbol, basketbol, tennis oynayırlar. Məşq zalları, demək olar ki, həmişə ağzına qədər dolu olur. 40 yaşlı insanlar 20 yaşındakı azərbaycanlılar kimi görünür. Və məsələ sadəcə, həyat səviyyələri arasındakı fərqdə deyil. Insanlar yeməklərinin həddini bilirlər və fiziki hərəkətləri unutmurlar.
Əlbəttə, sizin ilk təəssüratlarınızın məhz belə olması mütləq deyil. Amma gözlənilməz halların və təəssüratların çox olacağı dəqiqdir. Sadəcə, onu qeyd etmək istərdim ki, əgər Moskva göz yaşlarına inanmırsa, Amerika hətta ən dəhşətli fəryadlara və iniltilərə də inanmır! Amma axı bu, kefimizi pozmaq üçün bəhanə deyil…
Hər şeyin yağ kimi getməsi, problemlərin heç olmasa, minimum olması üçün vəziyyəti nəzarətiniz altına almağa çalışın. Immiqrasiya vəkillik kontoruna gedin, yaşamağa yer tapın, harada işləyəcəyinizi müəyyən edin və s. Növbəti yazılarda bu barədə bəhs edəcəyəm…
QEYD: Bu yazını müəllif öz bloqunda – QueenTamara.blogspot.com-yazıb. Sonradan contact.com saytı istinad edərək, onu yayıb.