“Səkkizlik”in birliyi davamlı olacaqmı?

Sərdar Cəlaloğlu: “Müxalifətin bir araya gəlməsinin vacibliyi hamı tərəfindən birmənalı qəbul olundu”

Bugünlərdə AXCP, Müsavat, AMIP, Ümid, Demokrat, Klassik Xalq Cəbhəsi, Liberal, Vətəndaş və Inkişaf partiyalarının sədrləri iftar süfrəsi arxasında bir araya gəliblər. ADP sədri Sərdar Cəlaloğlu bu görüşü müxalifətin yeni birliyinin başlanğıcı kimi görmək istədiyini bəyan edib. Və əsas məqsədlərdən birinin prezident seçkiləri ilə bağlı seçki koalisiyası yaratmaq olduğunu deyib.
S.Cəlaloğluna müraciət edib bu təşəbbüsü nə dərəcədə davamlı olacağını, görüşdə bu barədə hər hansı qərarın qəbul edilib-edilmədiyini öyrəndik. ADP sədri bildirdi ki, iftar yeməyində görüşdükləri üçün hər hansı qərar qəbul olunmayıb. Amma bu istiqamətdə müəyyən müzakirələr aparılıb: “Görüş mənim təşəbbüsümlə baş tutdu. Gəldikləri üçün hamısına təşəkkür edirəm. Hər halda gəlməyə də bilərdilər. Gələndən sonra başa düşdülər ki, bu cür birliyə ehtiyac var. Müxalifətin bir araya gəlməsinin vacibliyi hamı tərəfindən birmənalı qəbul olundu. Eyni zamanda hər kəs öz baxışlarını ifadə etdi. Bu cür görüşlərin davam etdirilməsinin vacibliyi vurğulandı. Bir müddət sonra dostlarımızdan biri də iftar süfrəsi açacaq. Görüşlərin Ramazandan sonra da davam etdirilməsinə səy göstərəcəyik. Müxalifətin ümumi güc mərkəzinin yaradılması o qədər aktualdır ki, başqa heç bir məsələ bizim beynimizi bu qədər məşğul etməməlidir. Bu vəzifəni yerinə yetirə bilməsək, o biri vəzifələrin heç birinin öhdəsindən gələ bilməyəcəyik. Çünki bu elə bir həlqədir ki, digər həlqələr bundan asılıdır. Ona görə düşünürəm ki, bu prosesi ardıcıl və prinsipial şəkildə həyata keçirməliyik”.

Gültəkin