Rəis müavini nazirliyə yalan məlumat ötürüb

“Kür” Qərargahı Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidovu konkret faktlarla ifşa etdi

“Kür” Vətəndaş Cəmiyyəti Qərargahının əlaqələndiricisi Oqtay Gülalıyev daxili işlər naziri Ramil Usubova məktub göndərərək, Sabirabad rayon Polis Şöbəsinin rəis müavini Rauf Məcidovu DIN rəhbərliyinə yalan məlumat verdiyinə görə məsuliyyətə cəlb etməyə çağırıb.
Belə bir bəyanata səbəb Məcidovun iyulun 23-də Ictimai Təhlükəsizlik Idarəsinin rəis müavini Bəylər Abbasova məktubudur. Orada yalan faktlar əsasında yuxarı instansiyada “Kür”ün əlaqələndiricisi Oqtay Gülalıyev və fəalı Mehman Əliyev barədə yanlış fikir yaratmağa cəhd edilir.
Məsələn, Məcidov məlumat verir ki, 7 yanvar 2012-ci ildə Gülaliyev və Əliyev Sabirabada gələrək Qasımbəyli, Əsgərbəyli və Muradbəyli kəndlərinin sakinlərinə dövlətin əlavə köməyi barədə dezinformasiya veriblər və piket keçirməyin zəruri olduğunu bildiriblər.
 Həmin gün onların hər ikisi rayon polis şöbəsinə çağırılıb, onlarla profilaktik söhbət edilib.
Sonra polis rəisi bildirir ki, yanvarın 28-də Gülalıyev və Əliyev Sabirabada gələrək etiraz aksiyası keçirməyə cəhd ediblər, amma bu cəhdin qarşısı alınıb. Icra başçısı Nazim Ismayılov tərəfindən qəbul edilən Gülalıyev və Əliyev hakimiyyət nümayəndələrinin qanunazidd əməlləri barədə faktlar gətirə bilməyiblər, amma QHT təmsilçiləri zərər çəkən yerli sakinlərlə görüşmək istədiklərini bildiriblər.
Bundan sonra Məcidovun fantaziyası etnoslararası xarakter alır. O, raport verir ki, fevralın 28-də yerli icra hakimiyyəti gərginliyi azaltmaq üçün “Nurgün” şadlıq evində daşqından ziyan çəkənlərlə Gülalıyev və Əliyevin görüşünü təşkil edib. Məcidova görə, bu görüşdə Gülalıyev və Əliyev vətəndaşların çəkdiyi iztirablarda hakimiyyətin günahkar olduğunu bildiriblər- yəni daşqın qəsdən təşkil edilib. Onlar həmçinin əhaliyə yanlış məlumat verərək deyiblər ki, guya Kürətrafı kəndlər köçürüləcək və oraya kürd əhali yerləşdiriləcək. Əlbəttə, Məcidovun məruzəsində Gülalıyevin aprelin 8-də Minbaşı kəndində həbsi xüsusi yer tutur. Guya o, orada kütləvi antihökumət etiraz aksiyası keçirmək istəyirmiş. Gülalıyev nazirin adına yazdığı məktubda bildirir ki, yanvarın 7-də Sabirabadda “Şam” istirahət mərkəzində üç kəndin yox, bir neçə rayonun daşqından ziyan çəkən sakinləri ilə görüş planlaşdırılıbmış. Mərkəzin rəhbəri ilə icarə barədə müqavilə bağlanılıb, tədbirə bir neçə saat qalmış müqavilə yerli icra hakimiyyətinin təzyiqi ilə birtərəfli qaydada pozulub. Başqa yerdə tədbir keçirmək cəhdlərinin qarşısı polis tərəfindən alınır.
Polisdə söhbət olub, amma o, profilaktik xarakter daşımayıb. Rəislər özlərinə bəraət qazandırıblar ki, rayon rəhbərliyinin tapşırığı üzrə hərəkət edirlər. Bunun təsdiqi kimi, Gülalıyev və Əliyev icra hakimiyyətindən zəng edilən kimi polis şöbəsini tərk ediblər. Gülalıyev və Əliyevin yanvarın 28-də Sabirabada səfəri və icra başçısı Nazim Ismayılovla görüşü ya Məcidovun yuxusuna girib, ya fobiya nəticəsidir, ya da o, bilərəkdən rəhbərlikdə çaşqınlıq yaradır. Məsələ burasındadır ki, Gülalıyev və Əliyev yanvarın 28-də Sabirabadda olmayıb, Əliyev aprelin 12-də Ismayılovla görüşüb.
Məcidovun məlumatında etnik boyalı digər epizod FHN təmsilçilərinin, yerli icra hakimiyyəti nümayəndələrinin və “Kür” Qərargahı üzvlərinin fevralın 28-də fevralda “Nurgün” şadlıq evində görüşü ilə bağlıdır. Əhalinin daşqının nəticələrinin aradan qaldırılması üzrə hakimiyyətin hərəkətlərindən böyük narazılığı ilə bağlı görüş gərgin, amma konstruktiv olub. “Kür” Qərargahı üzvləri Kürətrafı kəndlərin köçürülməsi və oraya kürd əhali yerləşdirilməsi barədə heç nə deməyiblər. Bu, Məcidovun iftirasıdır. Bunu iki saatdan çox çəkən görüşün videoyazısı da sübut edir. Sabirabad rayon IH başçısının müavini Həsən Həsənov Gülalıyev və Əliyevə jurnalistlərin yanında məhsuldar əməkdaşlığa görə təşəkkür edib.
Aprelin 8-də Oqtay Gülalıyevin həbsi və ona qarşı ittihama gəlincə, bunu Rauf Məcidov tipində yerli məmurlar təhrik edib. Bunun sübutu var. Məyusluq doğuran odur ki, polkovnik-leytenant Məcidovun yalanla dolu məktubundan sonra iyulun 30-da DIN Baş Istintaq və Təhqiqat Idarəsinin rəisi, general-mayor Sərvər Mehralıyev Güləliyevə məlumat verib ki, aprelin 8-də onun həbsi əsaslı olub və ona qarşı fiziki zorakılıq faktları təsdiqini tapmayıb.