“Heydər Əliyev böhrandan çıxış üçün dəvət olunmuşdu, ancaq o, başqa yol tutdu”
Pənah Hüseyn: “Əsas hesab sorulmalı məsələ hakimiyyətin qorunub saxlanmasını təmin edə bilməməyimizdir”
Pənah Hüseynlə “Yeni Müsavat” qəzetinin redaksiyasında görüşdük. Nə sifət cizgilərində, nə də üst-başında hər hansı dəyişiklik vardı. Adətən, insanlar ad günlərinə bir neçə gün öncədən ciddi hazırlıqlar görürlər. Yaxud doğum günlərində daha çox sevincli olurlar. Ancaq Pənah bəy əvvəlki kimi idi. Hətta onunla salamlaşanda əsəbi olduğunu da sezdik, ancaq bunu etiraf etmədi. Ciddi bir şey olmadığını və ad gününün onun üçün o qədər əhəmiyyət daşımadığını söylədi. Biz də etiraz etmədən müsahibəyə başlayırıq…
– Pənah bəy, 55 yaşınız oldu. Qocalığı hiss edirsiniz?
– Yox. 55 yaş indiki dövrdə bir qədər orta yaş hesab olunur. 50 yaş civarında artıq insanın xarakterində, psixologiyasında müəyyən dəyişikliklər olur. Prosesə sakit baxırsan. Qocalıq budursa, nədənsə danışmaq olar, ancaq təzə hal hesab eləmirəm.
– 35 yaşında baş nazir olan Pənah Hüseynlə 55 yaşlı müxalifətçi Pənah Hüseynin təfəkküründə, dünyagörüşündə, hadisələrə baxışında nələr dəyişib?
– Dəyişən şeylər də, dəyişməyən şeylər də var. Dəyişən dəyişməyənlərdən azdır. Prinsipial dünyagörüşü baxımından, həyatın fəlsəfəsi baxımından, siyasi baxışlar baxımından elə bir dəyişiklilər yoxdur. Sual versəniz, səhv olub, yoxsa yox, deyərəm ki, səhv olmayıb. Eyni zamanda səhvlər də olub.
– İndi də baş nazir olsaydınız hadisələrə baxışınız ondakı kimi olardı, yoxsa fərqli?
– Baş nazir Azərbaycan idarəçiliyində formal olaraq siyasət müəyyən eləmir. Ancaq Əbülfəz Elçibəyin hakimiyyəti dönəmində baş nazir olaraq siyasətin müəyyənləşməsində rolum vardı. Təbii ki, əsas rol prezidentə məxsus idi. Biz onun komandasına daxil idik. Müəyyən işlər görülüb. Müəyyən qiymətlər veriblər, başqaları da qiymət verir. Etdiklərimiz etmədiklərimizdən çoxdur. Hakimiyyətin qorunub saxlanmasını istisna edirəm. Fikrimcə, əsas hesab sorunmalı məsələ hakimiyyətin qorunub saxlanmasını təmin edə bilməməyimizdir. Qalan bir çox istiqamətlərdə doğru siyasət yeridilirdi. 1993-cü il fəlakəti olmasaydı, bunun nəticələrini cəmiyyət də, ölkə də görəcəkdi.
– Pənah bəy, əvvəlki illərdə keçirilən aksiyalarda təzyiqlərə çox məruz qalmısınız, döyülmüsünüz, əzilmisiniz. Ancaq son illərin icazəsiz aksiyalarında sizə qarşı işgəncələr olmayıb. Bu yaşınızla əlaqədardır, yəni sizə hörmət edirlər, yoxsa özünüz qaynar nöqtələrə girmirsiniz?
– 2 apreldə birinci saxlanılan şəxs olmuşam. Sözün doğrusu, birinci hərəkəti də mən başlamışam, Nizami küçəsinin qurtaracağında. 2 apreldə ilk dəfə idi ki, mobil işgəncə avtobusları yaradılmışdı. Saxlayanda və polis idarəsində zorakılıq olmadı. Ancaq avtobusda müəyyən hərəkətlər etdilər. Sonra 17 aprel mitinqində həbs olundum. Baxmayaraq ki, mənə xəbərdarlıq etmişdilər. Bu dəfə aksiyanın dağıdılmasına Nəsimi rayonunun məşhur polisi başçılıq edirdi. Sadəcə mən şikayət eləmirəm. Demirəm bu yaxşıdır və başqalarına da məsləhət görmürəm ki, şikayət eləməsinlər. Mən də belə bir xətt var.
– İlk təbriki kimdən gözləyirdiniz və kimdən aldınız?
– Özümə ad günü eləmirəm. Yeri gəlmişkən, şəxsiyyət vəsiqəmdə rəsmi ad günüm 28 oktyabr yazılıb. Valideynlərim deyirdi ki, yayda anadan olmuşam. Anam deyirdi ki, bir qohum var, ondan 3 gün sonra – 9 avqustda anadan olmuşam. Ümumiyyətlə, indiyə kimi nə təntənəli, nə də adi ad günü eləmişəm. Həyat yoldaşım, qızlarım dedilər ki, ad günümdür. Sonra Rauf Arifoğlu təbrik etdi və sayta qoydurdu.
Isa bəyin yazılı, sonra Əli bəyin Ictimai Palatanın Koordinasiya Şurası adından təbriki yayıldı. Dostlar xəbər tutdu, xaricdən, daxildən zəng edənlər oldu. Elə indi də təbriklər gəlir. Sözün açığı, bu qədər təbrik gözləmirdim, ancaq yenə də xoşdu.
– Sizin bir yubileyiniz hakimiyyət illərinə düşüb. Onda zəng edənlər çox olub, yoxsa indi?
– O vaxt o qədər də zəng olmayıb. Düzünü desəm, ümumiyyətlə, olmayıb. Müqayisə etməyin isə yeri yoxdur. İndi təbrik edirlərsə, deməli, bu gün daha çoxdur.
– Baş nazir olanda xeyli adamı səlahiyyətiniz daxilində vəzifəyə qoymusunuz. Onlardan bəziləri indi də, vəzifədədirlər. Məsələn, Meliorasiya və Su Təsərrüfatı idarəsinin rəhbəri Əhməd Əhmədzadəni siz vəzifəyə qoymusunuz. Indi telefonunuza ondan təbrik zəngi gəlsə, sizdə şok effekti yaradar?
– Məndə, ümumiyyətlə, heç nə şok effekti yarada bilməz. Elə xəbərlər ola bilər ki, pis təsir edə bilər. Qalan məsələlər də elə bir şok effekti yarada bilməz. Öz-özümüzə modelləşdirsək ki, belə olsa nə olar? Mən bunu ciddi saymıram, maraqlı məsələlər də deyil. Nəvəm ad günümdə gəlib desə “dədə, ad günün mübarək”, bu olar hadisə, ciddi bir şey.
Çox xoş idi – İsa bəyin, Əli bəyin təbriki. Xüsusən srağagün İctimai Palatanın Koordinasiya Şurasının iclasında İsa bəylə aramızda gərgin bir müzakirə olmuşdu. İsa bəyin təbriki bir qədər gözlənilməz oldu (gülür).
– Televizoru açıb görsəniz ki, İlham Əliyev vətənə xidmətlərinizə, demokratiya uğrunda apardığınız mücadiləyə görə sizə orden verib, qəbul edərsiniz?
– Orijinal sual deyil, səmimi deyim. Keçən il, o biri il bu tipli suallar moda minmişdi. Səmimi deyim ki, bu cür sual müsahibə hörmətin ifadəsi deyil. Açığı mənim üçün nə xoşdu, nə də maraqlıdır. O cür sualların cavabı olmur. Mənasız və xoş olmayan suallardır.
– İndi baş nazir olsaydınız, yenə də Heydər Əliyevi hakimiyyətə dəvət edərdiniz?
– Qərarlar yaşa görə qəbul olunmur. Heydər Əliyevə konkret yaranmış situasiyada, hərbi qiyamın yaratdığı bir situasiyada böhrandan çıxış yolunda atılan adımların biri olaraq hakimiyyətdə iştirak təklif edilmişdi. Və bu yolda siyasi müxalifətin – Heydər Əliyev siyasi müxalifət idi – hərbi müxalifətdən ayrılmasına nail olmaq, prezidentin hakimiyyətini qoruyub saxlamaq məqsədi güdülürdü. Ona görə də Heydər Əliyev Bakıya dəvət olunmuşdu. Ancaq ölkəni çətin vəziyyətdən çıxarmaqdan ötrü özü və tərəfdarlarının səy göstərməsi üçün təklif edilmişdi. Heydər Əliyev və onun tərəfdarları başqa yol seçdilər. Bütövlükdə hakimiyyəti ələ keçirmək xətti götürdülər. Hadisələr tutduğumuz xətdən kənara çıxdı. Başqa tərəfdən isə, hesab edirəm ki, bu addım siyasi baxımdan doğru idi. Bizim başqa addımlarımız, hərbi müxalifətin zərərsizləşdirilməsi istiqamətində addımlar uğur qazansaydı, proseslər başqa cür olacaqdı.
Daha abstrakt şəkildə desək, hətta Elçibəy hakimiyyəti olmadığı bir situasiyada Heydər Əliyev, Surət Hüseynov və yaxud Ayaz Mütəllibov seçimi olsaydı, hesab edirəm ki, strateji baxımdan, ən azı müəyyən stabilliyə nail olmaq üçün atılan addımlar dəyişilməzdi.
– Nəvə şirindi, yoxsa övlad?
– Hərənin öz yeri var. Sözdə bu şeyləri demək olmur. Insan nəvələrini sevəndə həm də özünü sevir. Nəvə məsələsi bir qədər fərqli məsələdir. Hər birinin öz yeri var. Nəvə də, oğul da insanın ayrılmaz hissəsidir.
– Siyasətdə olmaq, həm uzun müddət iqtidarda, həm də müxalifətdə olmaq deməkdir. Nəvələrinizin siyasətdə olmasına razı olarsınızmı?
– Bir dəfə arzulamışdım ki, övladlarımdan biri oxuduğum fakültədə oxusun. Qızım tarix fakültəsini bitirdi, o biri övladlarım hüquq ixtisası alıblar. Ancaq nəvələrimin gələcək karyerası barədə heç nə deyə bilmərəm. Bu sahədə tam azadlığın tərəfdarıyam.
– Sizə daha çox bəy deyirlər. Nəvəniz baba deyəndə diksinmirsiniz?
– Diksinirəm. Çox xoşdu. Ancaq nəvəm mənə dədə deyir.
– 35 yaşını iqtidarda qeyd edən Pənah bəy bir də neçə yaşını hakimiyyətdə qeyd edəcək?
– Rəqəm məsələsinə önəm vermirəm. Bu, konkret yaşın rəqəmləriylə də hansısa mərhələləri bağlamır. Hesab edirəm ki, 1993-cü ildən sonra ilk dəfə real olaraq əhəmiyyətli olan hakimiyyət dəyişikliyi yox, rejim dəyişikliyi situasiyası yaranıb. Rejim dəyişikliyi olarsa, bizim orada iştirak edib-etməməyimiz həlledici məsələ deyil. Hesab edirəm ki, fərqli bir rejimdə yaşamaq ümidində olmalıyıq.
Ramin DEKO
P.S. “Azadlıq” olaraq Pənah bəyi 55 illik yubileyi münasibəti ilə təbrik edir, ona ən şirin nemət olan can sağlığı və ailə səadəti arzulayırıq.