Xaliq Bahadır
Bizdə işıqla bağlı çoxlu alqış var. Çox yer almasın deyə, onlardan yalnız birini burada yada salıram: Işıqlığa çıxasan (çıxasız)! Bu, xalqın bir-birinə diləyi, alqışıdır. Bu, xalqın qurduğu hakimiyyətin xalqla bağlı iş prinsipinə çevrilməli, hakimiyyət xalqı hər baxımdan işıqlığa çıxarmağı özünün başlıca borcu saymalıdır. Vurğunu gördünüzmü: xalqın qurduğu hakimiyyət. Xalq hakimiyyəti sözün geniş anlamında işıqlığa çıxmaq, aydınlığa qovuşmaq üçün qurur. Xalqla hakimiyyət işıqlıq-aydınlıq ortamında doğmalaşır, aşağıdan yuxarıya, yuxarıdan aşağıya bir-birinə bağlanır, ayrılmaz olur.
20 illik rejim qaranlığı
Çoxdan (tarixi bəllidir) bizdə xalqa yad hakimiyyət qurulub. Rüşvəti-korrupsiyanı DÖVLƏT SIYASƏTINƏ çevirmiş bu hakimiyyət xalqı hər baxımdan qaranlıqda saxlamağı özünüyaşatmanın başlıca gərəklərindən sayır. Məleykə Abbaszadənin bugünlərdə Azərbaycan təhsili ilə bağlı açıqladığı faktlar bizim yaxın gələcəyimizin indikindən qat-qat artıq qaranlığa bürünəcəyi ilə bağlı açıq-aydın proqnozdur. Doğrulacağı quşqu doğurmayacaq bir proqnoz. Bunu indiyədək sınaqdan keçənlərin, daha doğrusu, keçməyənlərin aşırı faiz göstəricisi göstərir: yüzdə səksən iki! Bu, konkret bir xalqın qaranlığa bürünmüş bugünü, gələcəyi deməkdir. Ancaq bu bizə görə belədir: hakimiyyət adamlarına, indiki korrupsiya hakimiyyətinin başlıca ideoloqu, administrator-akademik-filosof Ramiz Mehdiyevə görə bu, “inkişafın Azərbaycan modelidir”. Bu inkişafın bizi hara gətirib çıxardığını hələ indiyədək administrator-filosofdan gözəl göstərən olmayıb: “Prezident Administrasiyasına işə qəbul etmək üçün savadlı hüquqşünas tapa bilmirik”. Sözsüz, bu, hərəsi bir illik SƏRIŞTƏSIZ, CINAYƏTKAR Vəzirov, Mütəllibov, Elçibəy hakimiyətlərinin suçudur, 20 illik DAHI, ÜMUMMILLI lider hakimiyyətinin yox! Vəzirovun, Mütəllibovun, Elçibəyin bacarığı, SƏRIŞTƏSI olsaydı, bir ildə beş ilin dərsini keçməklə əliyevçi Prezident Administrasiyasına “işə qəbul etmək üçün” 20-30 ilin “savadlı hüquqşünaslarını” yetişdirərdilər. Bacarmadılar, yetişdirə bilmədilər, ona görə də indi Prezident Administrasiyasında hüquqçu yoxdur, elə buna görə də Azərbaycanın məhkəmə-hüquq sistemi indi rüşvət-korrupsiya içrə darmadağın durumdadır.
İnnovasiya faktoru
Gör sizə nədən danışacaqdım, nədən danışdım. Işıqla başlamışdım, elə işıqdan da danşacam. Ancaq, qabaqca görək bu innovasiya deyilən nəmənədi. Innovasiya latın sözüdür, bizim dildə yeniləşmə deməkdir. Çağdaş dünyada innovasiya yeni texnikanın, texnologiyanın uyğulanması yolu ilə ortaya çıxan görsənişdir. Çağdaş dünyanın gəlişmiş dövlətləri innovasiya pioneri, innovasiya öncülü olmaqla qabaqcıl dövlətlər sırasına çıxa biliblər. Demək olar, bütün dünyanın daşındığı kommunist ideologiyasından hələ də daşınmamış Çin dönmədən, ardıcıl innovasiya-yeniləşmə yolu tutmaqla çağdaş dünyanın iki ən güclü dövlətindən birinə çevrilib. Bu gün Çin bütün dünyanın innovasiya ocağı durumundadır. Elə buna görə də Çin çağdaş dünyanın başlıca, birinci kreditor dövlətidir. Bir daha demək gərəkir: dönməz, ardıcıl innovasiya-yeniləşmə yolu tutmaqla Çin çağdaş dünyanın iki üstün gücündən biri olmaq statusu qazanıb.
Yerüstü, yeraltı var-yatır baxımından Çin kimi azman dövlətləri çox-çox geridə qoyan Azərbaycan bu gün Gürcüstan kimi dövlətlərə belə, hər baxımdan uduzur. Bütün bunlarınsa yalnız bir nədəni var: Azərbaycandakı SIYASI SISTEMin yararsızlığı, antixalq, antidövlət xarakteri daşıması. Bizdə ona Heydər Əliyev dövlətçiliyi deyirlər. Bu dövlətçilik bir belə yerüstü, yeraltı var-yatırla Azərbaycanı dünyanın ən xəstə, ən yatağan ölkələrindən birinə çevirib. Innovasiya-yeniləşmə dinamika, dirçəliş, irəliləyiş deməkdir. Bunların hansı bizdə var?
Administrator-filosof Azərbaycandakı innovasiyadan danışır: “Ilham Əliyev hakimiyyətə gələndən sonra Azərbaycan dövlətinin həyatında keyfiyyətcə yeni mərhələ başlanır. Prezident Ilham Əliyev öz vəzifəsinin icrasına başlayaraq ”Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsinə dair tədbirlər haqqında” (noyabr, 2003-cü il), “Azərbaycan Respublikası regionlarının social-iqtisadi inkşafı Dövlət Proqramının (2004-2008-ci illər) təsdiq edilməsi haqqında” (fevral, 2004-cü il), ilk fərmanları ilə ölkənin sosial-iqtisadi inkişafına təkan vermişdir. Deyə bilərik ki, Azərbaycanın inkişafı problemlərinin yeni, innovasiyalı dərkinə keçid prosesinə təkan verən də məhz bu fərmanlar olmuşdur. Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün cəmiyyət həyatının bütün cəhətlərinin moderniləşdirilməsi prioritetə çevrilir”.
Necə böyük yalanlar! R.Mehdiyevin ideoloq olaraq başlıca işi budur: əliyevçi durğunluq, geriləmə dönəminin sazlı-sözlü aşığına çevrilməklə xalqa yalan sırımaq, xalqı aldatmaq. Ata Əliyev kimi oğul Əliyev də saysız fərmanlar verir; bunlar praktik olaraq Əliyevlərin siyasi bioqrafiyalarını doldurmaqdan uzağa getməyən kağız parçalarıdır. Bunlar Əliyevlərin siyasi bioqrafiyalarını xalqa, ölkəyə bağlayacaq tarix faktlarından başqa nəsə deyil. “Ən yeni Azərbaycan tarixi” bu sayaq faktlarla dopdoludur. Sözü gedən tarix dərsliyinə baxın, bir də çağdaşlıqdan qat-qat uzaq indiki Azərbaycana. “Dünyanın ən çox inkişaf etmiş dövlətləri sırasına daxil olmaq üçün” Azərbaycan bir çox parametrlər üzrə bu gün Afrikanın ən geridə qalmış dövlətləri ilə dabanqırma addımlamaqdadır. Əliyev-Mehdiyev innovasiyası bizi aparıb Afrikanın autsayder dövlətlərinə tay eləyib!
Bizə işıq verin, işıq!
İkiotaqlı bağ evi. Elektriklə bağlı içəridəki gərəkən işlər görülüb, bircə qalır dövrəyə qoşulmaq. Qonşulardan hara getməli olduğumu soruşuram. “Novxanı işıq idarəsinə”,- deyirlər. Yerini də salıq verirlər: az aralıda, yolun qırağında.
Yeni tikilmiş Novxanı işıq idarəsi. Soruşa-soruşa birinci qatı dolanıb ikinci qata qalxıram. Birinci qatda olduğu kimi, ikinci qatda da hamının qarşısında kompüter var. Bunların bir innovasiya görsənişi olduğunu düşünərək sevinirəm: yalnız öz işimin asanlıqla düzələcəyinə görə yox, ölkəmiz yeni yönətim – innovasiya yoluna çıxdığına görə. Mənə gərəkən otağı tapıb içəri girirəm. Kompüter arxasında oturmuş adam gəlişimin nədənini soruşur. Bildirirəm.
Adam bildirir: “Qabaqca Sumqayıt işıq idarəsinə getməlisiz, ordan gərəkən sənədləri toplayıb Bakıya getməlisiz. Bakıda ”Azərenerji”dən şəbəkəyə qoşulmaqla bağlı sənədləri alıb bura gəlməlisiz”. Bu mühəndis gəncdən qarısındakı kompüteri soruşuram. Bizim o idarəçiliyə gəlib çıxmağımıza çox var”,- deyir. Mən ona göstərdiyi marşrut üzrə sənəd toplamaq çətinliyindən danışınca o: “Istəsəniz, Bakıdan – ”Azərenerji”dən sənəd alıb gələ bilərsiz”,-deyir.
Bakıya qayıdıb “Azərenerji”yə yollanıram. Qapıda duran qorucular gec gəldiyimi bildirirlər: “Azərenerji”də iş çağı saat 16-da bitir. Həftənin beşinci günü olduğundan gəlmək qalır gələn həftənin birinci gününə.
Həftənin birinci günü qorucular məni 606-cı otağa göndərirlər. Açıq qapıdan içəri girirəm. Otaqda xanımlar oturur. Sağ olsunlar, onlar məni sayğıyla qarşılayır, alacağım “güc aktı” üçün hansı sənədlərin üzlərinin (“kopyalarının”) gərəkdiyini soruşur, sonra da üzləri çıxarmaqda mənə yardımçı olurlar. Onlar şəbəkəyə qoşulmaq üçün gərəkən sənədi ikicə günə düzəldib mənə verirlər.
Ortaya bir sıra işlər çıxdığından Novxanı işıq idarəsinə həftənin altıncı günü gedirəm (iş günü deyilmiş). Ikinci qata qalxıb keçən həftə gəldiyim otağa girirəm. Indi kompüter arxasında yekəpər birisi oturub. Adam mənə saymazyana baxaraq nə istədiyimi soruşur. “Azərenerji”nin verdiyi sənədi ona uzadıram. O üz, bu üzünə baxıb eləcə saymazyana: “Hələ sən Sumqayıta getməlisən”,- deyir. Ona qarşısındakı kompüteri göstərib soruşuram: “Bu kompüter nədən ötrüdür?”. “Siz” qarşılığında mənimlə “sən”lə danışan bu adam birdən ilan vurmuşa dönür: “Ondan sənin başın çıxmaz, sən sovetdən qalmasan”. Ona jurnalist olduğumu, hər gün kompüterdə yazı yazdığımı demək istəyirəm. “Mən jurnalistəm…” deyincə adam ayağa durub bağırır: “Cəhənnəmə jurnalistsən, çıx burdan!”. Sonra pilləkən başına çıxıb qorucuya bağırır: “Bunu bura niyə buraxmısan!”. Yenidən mənə sarı çevrilib bağırır: “Çıx, tez ol çıx burdan!”. Yerimdə quruyub mat-mat baxıram: bu adam kimdi, nəçidi, hansı ağılla onu belə bir yerdə oturdurlar? Ondan adını, soyadını soruşuram. Yenidən bağırır: “Sən kimsən, sənə adımı deyim”. “Azərenerji”dən gətirdiyim sənədi əzişdirib pilləkəndən yerə atmaq istəyirkən tutub əlindən alıram.
Onun adını soyadını yarım saat sonra başqalarından öyrənirəm: Novxanı işıq idarəsinin rəisi Surxay Mehdiyevin yardımçısı Alim (ada bax!) Qəmbərli!
Sumqayıta gedirəm. Çox soraqlaşandan sonra işıq idarəsini tapıram. Sən demə, Sumqayıtın qəsəbəsi də varmış, işıq idarəsi də bu qəsəbədə imiş). Işıq idarəsində əlimdəki sənədə baxır, bildirirlər: “Qabaqca idarəyə gedib (sən demə, bura idarənin idarəsi – işıq idarəsi adlansa da, texniki şöbə imiş) rəis Balaşova ərizə verməlisiz”. Indi də başlayıram balaca idarənin böyük idarəsini axtarmağa. Bir az axtarıb tapıram. Di gəl, yemək çağına düşdüyündən gözləməli oluram.
Ara çağı bitir. Içəri girib gəlişimin nədənini bildirirəm. Məndən “Azərenerji”də istənilən nə vardısa onları yenidən istəyirlər. Bakıya qayıtmaq gərəyi yaranır. Rəisin adına A.Qəmbərlinin mənimlə kobud davranışı ilə bağlı giley diləkçəsi yazıb çıxıram.
Iki gün sonra yenidən Sumqayıtda, balaca işıq idarəsinin (rəsmi olaraq ona texniki şöbə deyilir) böyük idarəsindəyəm. Gətirdiyim kağız-kuğuzu alıb işə tikəndən sonra məni yenidən balaca idarəyə göndərirlər. Balaca idarədə mənə bir kağız parçası verib Novxanı işıq idarəsinə aparmalı olduğumu bildirirlər. Bu əliyevçi məhkəmələr kimi üzücü, alçaldıcı PROSESIN başa çatdığını düşünərək sevinirəm. Sevincim çox çəkmir, kağızı Novxanı işıq idarəsindən qaytarıb geri gətirməli olduğumu bildirirlər. Acıqlandığımı görüncə: “Görün faksları işləyirsə, xahiş eləyin faksla göndərsinlər”,- deyirlər. Novxanı işıq idarəsinə gəlib çox böyük ümidsizlikə katibədən fakslarının işləyib-işləmədiyini soruşuram. Ur-r-r-r-r-a, faks işləyir! Əliyev-Mehdiyev innovasiyası yalnız bu yerdə fakta çevrilə bilir – o da FAKS olaraq. Bu isə, bilindiyi kimi, çağ baxımından innovasiya adına gülünc, utancverici, gerilikçi görsənişdir.
Yeri gəlmişkən, Surxay Mehdiyevlə görüşümüzdə yardımçısının kobud davranışını ona çatdırdım. Baş verənlərə görə üzr istədi. Mən isə ona sonadək gedəcəyimi, A.Qəmbərli ilə bağlı gərəkən ölçü götürülməsinə çalışacağımı dedim. Biz belələrinə ən azı jurnalistlərlə davranış dərsi keçməliyik.
Aradan bir yeddi gün yerinə az qala üç yeddi gün keçsə də, hələ Sədrəddin Balaşovdan cavab ala bilməmişəm. Balaşovun idarəsindən bir xanım bildirir: “Ərizəniz hüquq şöbəsinin müdiri Babək Həziyevdədir. B.Həziyevin telefonunu soruşuram, ”onun iş telefonu yoxdur”, deyir. Cib telefonunu soruşuram, bildirir: “rəis bizə nömrə vermir”. Soruşuram: “Onda mən nə etməliyəm?”. Xanım buyurur: “Sumqayıta gəlməlisiz”.
Bilənlərin bildirdiyinə görə, bu qoşulma problemini uzağı 50 manata asanlıqla çözə bilərəmmiş. Mən hələ qaranlıqda qalıb gözləyirəm: qarşıda Etibar Pirverdiyevə, ondan daha yuxarılara yollanası yoxuşlar var…
18.07.2012