Sərbəst güləşçilərimiz rəqib tanımadı; ölkəmiz bir gündə 2 qızıl medal qazandı
London Yay Olimpiya Oyunlarının rəsmi bağlanışına bir gün qalmış Azərbaycan idmançıları möhtəşəm uğura imza atıblar. Sərbəst güləş üzrə millimizin üzvləri Toğrul Əsgərov 60 kq, Şərif Şərifov isə 84 kq çəki dərəcəsində bütün rəqiblərini yenərək turnirin ən yüksək zirvəsinə qalxıblar.
Millimizin aktivinə ilk qızıl medalı yazdıran Toğrul Əsgərov ötən gün müarizəyə başlayıb. 16/1 final mərhələsində almaniyalı rəqibi Tim Şleyzeri məğlub edən Toğrul 4/1 finala yüksəlib. Növbəti mərhələdə idmançımızın rəqibi yaponiyalı güləşçi Yumoto Kenişi olub. Sərbəst güləşçimiz bu dəfə də rəqibinə qalib gələrək yarımfinala adlayıb.
Toğrul Əsgərov…
Yarımfinalda Əsgərovun rəqibi ABŞ idmançısı Koleman Skot olub. Toğrul birinci hissədə 1:0, ikinci hissədə 5:0 hesabı ilə qalib gələrək finala yüksəlib. Finalda onun rəqibi rusiyalı güləşçi Besik Kudukov olub. Görüşün ilk hissəsi pəhləvanımızın minimal hesablı (1:0) qələbəsi ilə başa çatıb. Ikinci hissədə daha inamlı təsir bağışlayan Toğrul Əsgərov 5:0-lıq nəticə ilə möhtəşəm qələbə qazanaraq olimpiya çempionu adına yiyələnib.
…və Şərif Şərifov döşək üzərində qələbə sevincini yaşayarkən
Ötən gün Londondakı arenaya toplaşan tamaşaçılar daha bir Azərbaycan idmançısının ardıcıl qələbələrinə şahidlik ediblər. 84 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçimiz Şərif Şərifov mübarizəyə 8/1 final mərhələsindən başlayıb. Onun rəqibi türkiyəli idmançı Ibrahim Bölükbaşı olub. Sərbəst güləşçimiz rəqibini məğlub edərək 4/1 finala yüksəlib.
Bu mərhələdə idmançımızın rəqibi amerikalı Cek Hebbert olub. Şərif Şərifov birinci hissədə 4:1, ikinci hissədə isə 6:0 hesabı ilə qalib gələrək yarimfinala çıxıb. Güləşçimiz yarımfinalda iranlı idmançı Ehsan Laşgari ilə üz-üzə gəlib. Şərif Şərifov bu görüşdə də qalib gələrək finala çıxıb. Finalda Puerto Riko güləşçisi Yusept Espinalla mübarizə aparan Şərif Şərifov ilk hissədə inamlı qələbə qazanıb 5:1. Ikinci hissə də idmançımızın üstünlüyü ilə keçib. Pəhləvanımız ikinci hissədə də 2:0 hesabı ilə qalib gələrək olimpiya çempionu olub.
Beləliklə də dünyanın ən mötəbər idman turniri XXX London Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları çoxdan gözlədiyimiz uğura imza atdı. Bir gündə 2 idmançımız turnirin ən yükəsk pilləsinə qalxaraq dövlət himnimizin səslənməsinə səbəbkar olublar. Bununla da aktivinə 2 qızıl medal yazdıran olimpiya yığmamız medalların sayına görə 30-cu yerə yüksəlib. Indi millimizin hesabında 2 qızıl, 2 gümüş və 5 bürünc medal var.
P.S. “Azadlıq” olaraq olimpiya çempionlarını və bütün Azərbaycan xalqını təbrik edirik.