Keçmiş baş prokurorla vəkil çəkişir

“Azadlıq”dakı bir müsahibə iki hüquqçunu baş-başa gətirdi

“Azadlıq” qəzetində vəkil Aslan Ismayılovun 1993-cü ilin iyin qiyamı ilə bağlı müsahibəsi məhkəmə predmeti olub. Müsahibədə onun eks-baş prokuror Ixtiyar Şirin barədə  dediklərini ikinci şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər kimi qiymətləndirib, mənəvi zərərin ödənilməsi haqqında iddia qaldırıb.
Ötən gün Səbail Rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə işə baxış keçirildi.
Proses başlayan kimi Aslan Ismayılov vəsatət verdi. O dedi ki, Ixtiyar Şirin iddiasında 1993-cü il hadisələri zamanı Aslan Ismayılov adlı şəxsi tanımadığını desə də, bu, həqiqət deyil.
“O müsahibəni verməklə kimisə təhqir etmək, kiminsə şərəf və ləyaqətinə toxunmaq məqsədim olmayıb. Yeganə məqsədim Xalq Cəbhəsi hakimiyyətinin cinayət yolu ilə yıxılmasında rol alan adamların ifşasına xidmət olub. O adamların bir çoxu indi də hakimiyyətdə təmsil olunur. Ixtiyar bəy məni tanımadığını deyir. Mənsə 1993-cü ildə türmədə onu dindirmişəm. 1992-ci ilin oktyabr-noyabr aylarında Gəncə Şəhər Prokurorluğuna yoxlamaya gedən briqadanın rəhbəri olmuşam. Güllə təhdidi altında aşkar olunmuş qanunsuzluqlarla bağlı 30 səhifəlik arayış hazırlayaraq Baş prokurorluğa təqdim etmişəm. Qanunsuzluqlarda adları çəkilən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb etmişəm. Ixtiyar Şirin isə arayışı ortaya çıxartmadı, müzakirə etmədi və mənim tələblərimə baxmayaraq, heç bir tədbir görmədi. Həmin arayışları tələb etmək üçün Ali Məhkəmə və Baş Prokurorluğa müraciət etsəm də onlar müraciəti təmin etməyiblər. Vəsatət verirəm ki, həmin arayış ortaya çıxarılsın. Ixtiyar Şirin aydınlıq gətirsin ki, nəyə görə o vaxt qanunsuzluqlarla bağlı tədbir görməyib?”.
Hakim vəsatəti təmin etdi və bildirdi ki, qeyd olunan arayışı almaq üçün Baş Prokurorluğa sorğu göndəriləcək. Sonra isə tərəflərə barışıq təklif etdi. Ixtiyar Şirin dedi ki, Aslan Ismayılov ya gətirib rüşvət faktlarını qoysun ortaya, ya da qalxsın desin ki, barəmdə dediklərinə görə peşmandır, məsələ həllini tapsın. Aslan Ismayılovsa dedi ki, o, söylədiklərinin arxasındadır, üzrxahlıqdan söz gedə bilməz.
Tərəflərin ÿbarışığa gəlmədiyini görən hakim Aslan Ismayılovun vəsatətinin araşdırılması üçün məhkəmə iclasını qeyri-müəyyən vaxtadək təxirə saldı.

Natiq Güləhmədoğlu