Əsədin “sağ əli” ölkədən qaçdı

ABŞ və Türkiyə isə Suriya ilə bağlı birgə əməliyyat planı hazırlayır

Suriyada vətəndaş müharibəsi davam edir. Ölkənin müxtəlif yerlərində hökumət qüvvələrilə üsyançılar arasında şiddətli döyüşlər yaşanıb. Suriya Insan Haqları Müşahidəçi Qrupunun verdiyi məlumata görə, təhlükəsizlik qüvvələrilə üsyançılar arasında baş vermiş sonuncu qarşıdurmalarda 35-i mülki vətəndaş olmaqla, azı 82 nəfər öldürülüb.
20-dən çox insanın isə yaralandığı bildirilir. Məlumata görə, müxalif hərbçilərdən ibarət Azad Suriya Ordusu Hələb şəhərində Türkiyə ilə sərhəddəki əsas strateji əhəmiyyətə malik olan əraziləri ələ keçirib.
Əsəd tərəfdarları ilə döyüşlər zamanı “Şəbihə” qrupuna məxsus onlarla silah və ağır artilleriya ələ keçirilib. Hökumət rəsmiləri isə Hələbin üsyançılar tərəfindən zəbt edilən beynəlxalq hava limanlarından birinin azad edildiyini bildirib. Şəhərin Salehəddin rayonunda döyüşlər intensiv xarakter alıb. Müxalif fəaların sözlərinə görə, şəhər əhalisi çörək qıtlığından əziyyət çəkir.
Ölkədə vəziyyət gərginləşdikcə Bəşər Əsədin yaxın ətrafı da seyrəlir. Suriyanın vitse-prezidenti Faruk Şaranın Iordaniaya qaçdığına dair xəbərlər yayılıb. “Timeturk” saytının məlumatına görə, Suriyanın vitse-prezidenti ilə yanaşı, Milli Ittifaqın sözçüsü Vail əl Hafiz də Iordaniyaya qaçıb. Suriya-Iordaniya sərhədində baş verən silahlı qarşıdurmanın səbəbi kimi də bir neçə suriyalı yüksək vəzifəli şəxsin Iordaniyaya qaçması göstərilir. Suriyalı rəsmilərin ölkədən qaçışını əngəlləmək üçün bütün yolların hökumət qüvvələri tərəfinən nəzarətə götürüldüyü də yayılan xəbərlər arasındadır.
Bəşər Əsədin sadiq kadrı kimi tanınan Faruk Şara ingilis dili və ədəbiyyatı üzrə mütəxəssisdir. 1970-ci illərdə hakim BƏƏS partiyasına üzv olan Şara diplomat kimi fəaliyyətə başlayıb. O, Xarici Işlər Nazirliyində mühüm vəzifələr tutub. Şara daim Əsəd rejiminin sadiq və güvənli dəstəkçisi kimi tanınırdı. Suriyanın dünya ölkələrilə əlaqələrinin qurulmasında mühüm rol oynayıb. Hafiz Əsəd rəhmətə gedəndən sonra hakimiyyətə gələn Bəşər Əsəd bir çox hökumət üzvünü dəyişsə də, Faruk Şaranı daha yüksək vəzifə ilə mükafatlandırmışdı.
Suriya rejimi ölkədə 17 aydır davam edən qarşıdurmalara görə Türkiyənin ünvanına ağır ittihamlar səsləndirib. Suriyanın BMT-dəki daimi nümayəndəsi Bəşər Cəfəri təşkilatın Təhlükəsizlik Şurasına ünvanladığı məktubda bildirib ki, ABŞ, Səudiyyə Ərəbistanı və Qətər Türkiyədəki mərkəzlər vasitəsilə suriyalı üsyançıları idarə edir, Əsəd əleyhdarlarına kəşfiyyat və hərbi dəstək verirlər. Diplomat Türkiyə və digər ölkələri silahlı terror qruplarını qorumaq, hazırlamaq və silahlandırmaqda günahlandırıb. Məktubda yazılıb ki, Türkiyə sərhədləri daxilində Israil, ABŞ, Səudiyyə Ərəbistanı və Qətərin kəşfiyyat xidmətlərinin idarə etdiyi hərbi əməliyyat mərkəzləri qurulub.
Ötən gün həmçinin ABŞ dövlət katibi Hillari Klinton Türkiyəyə səfər edib. Dövlət katibinin türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşündə əsas müzakirə mövsuzu Suriyadakı vəziyyət olub. Mətbuata qapalı keçən görüşdən sonra hər iki rəsmi jurnalistlərin suallarını cavablandırıb. Mətbuat konfransında çıxış edən Hillari Klinton Türkiyə ilə ABŞ-ın Suriyada ortaq əməliyyat planı üzərində çalışdıqlarını təsdiqləyib. Dövlət katibi Türkiyədəki suriyalı qaçqınlara yardım məqsədilə ABŞ hökumətinin 5 milyon dollar ayırdığını açıqlayıb.
Birgə planın detalları haqda danışmaq istəməyən Klinton planda hərbi məsuliyyətlərinin olduğunu bildirib.
Davudoğlu isə Hillari Klintonla Suriyada keçid prosesinin ən qısa müddətdə tamamlanması və keçid dövründə hər hansı güc boşluğunun meydana gəlməməsi üçün tədbirlər barədə müzakirələr apardıqlarını söyləyib. O, Suriyada keçid prosesilə bağlı Türkiyə ilə ABŞ-ın razılıq əldə etdiyini deyib.
Bundan başqa, ABŞ Suriya hökumətinin müxaliflərə qarşı hücumlarının arxasında “Hizbullah” terror təşkilatının dayandığını açıqlayıb. “Hizbullah” silahlılarının Suriya ordusuna təlim keçdiyi və ölkənin müxtəlif bölgələrində müxaliflərin zərərsizləşdirilməsində mühüm rol oynadığı bildirilib. Bu ittihamlar ABŞ Maliyyə Nazirliyi ilə Dövlət Departamentinin Suriyaya qarşı yeni sanksiyalar paketi çərçivəsində də vurğulanıb.
Əlavə edək ki, Dövlət Departamentinin yeni sanksiyalarının hədəfi Suriyanın dövlət neft şirkəti “Sytrol” olub. Dövlət Departamentin nümayəndəsi Patrik Ventrell bildirib ki, bu qərar “Sytrol”un Iranın enerji şirkətlərilə əməkdaşlığına cavab olaraq qəbul edilib.
Maliyyə Nazirliyinin açıqlamasında “Hizbullah” lideri Şeyx Həsən Nəsrullahın sadalanan fəaliyyətləri koordinasiya etdiyi deyilir. Dövlət Departamentinin terrorla mübarizə üzrə koordinatoru Daniel Benjamin isə “Hizbullah”ın istənilən an Avropadakı hədəflərə qarşı hücumlar təşkil edə biləcəyini deyib. Onun sözlərinə görə, “Hizbullah” və Iran yaxın gələcəkdə terror fəaliyyətlərini genişləndirməyi planlaşdırır.
Bu arada, Almaniyanın xarici kəşfiyyat idarəsi BND-nin Suriyadakı fəaliyyətini gücləndirəcəyi açıqlanıb. Təşkilatın rəhbəri Gerhard Şindler Yaxın Şərqdə əsas diqqətlərini Suriya və Əfqanıstana yönəldəcəklərini bildirib.