İlkin məlumatlara əsasən, İranın Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-dən başlayaraq bir neçə dəfə 6.2 bal gücündə zəlzələ qeydə alınıb.
Azərbaycanın Seysmoloji Məlumat Xidmətinin yaydığı məlumata görə, yeraltı təkanlar Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2.0 bala qədər hiss olunub (Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələrində).
Azərbaycan ərazisində insan tələfatı yoxdur.
***
Avqustun 11-də saat 17 radələrində Azərbaycanın cənub və aran bölgələrində, eləcə də Naxçıvan Muxtar Respublikasında yeraltı təkanlar hiss olunub. Yerli sakinlərin sosial şəbəkələr vasitəsilə yaydığı, həmçinin redaksiyamıza verdiyi məlumatlardan belə aydın olur ki, bölgələrdə güclü zəlzələ təşvişi yaşanıb. Dağıntı və tələfat barədə xəbərlər olmasa da, sakinlərin evlərdən qorxu içərisində çıxdıqları deyilir.
Müxtəlif məlumatlara görə, zəlzələnin təsiri İranla sərhəddən tutmuş Gəncəyə qədər böyük bir ərazidə, iki təkanla hiss olunub. Təkanların təxminən 3-5 bal gücündə hiss olunduğu bildirilir.
azadliq.info