London Olimpiadasının finişinə az qalmış taekvondoçu Sərvət Təzəgül başımızı uca etdi. 300 milyon türkə gerçək qürur yaşatdı Sərvət. London olimpiya arenasında Türkiyənin Istiqlal marşı səsləndi, ay-ulduzlu bayraq qaldırıldı.
Ananın südü halal olsun sənə, Sərvət bəy. Kişi kimi özünə güvəndin, çempion olacağını bəyan etdin və əsl kişi kimi də sözünü tutdun. Avropa və dünya çempionu Sərvət Təzəgül Londonda bir tarix yazdı. 24 yaşında Olimpiya zirvəsini fəth etdi.
50 gün əvvəl Sərvətin anası ağır xəstəlikdən dünyasını dəyişdi. Bu qədər ağır itkiyə baxmayaraq, Sərvət toparlandı, olimpiyanın qızıl medalını qazanacağını açıqladı. Və anasının ruhunu şad etdi.
Bilməyənlər üçün yazıram, 1988-ci ildə Almaniyanın Nürnberq şəhərində dünyaya göz açan Sərvət Təzəgül Türkiyənin Qars vilayətinin Akyaka ilçəsinden (rayonundan) köçən və Azərbaycan türklərinin bir boyu olan Qarapapak türklərinə mənsub bir ailənin uşağıdır.
Nədən bunu yazdım? Yazdım ki, Azərbaycanda guya idmanı inkişaf etdirənlər, ona atalıq qayğısından dəm vuranlar olimpiadanın, dünya və Avropa çempionatlarının qızıl medalını qazanmaq üçün legioner axtarışına çıxmağın səmərəsiz olduğunu anlasın. Qızıl medal qazanacaq oğulları və qızları bu millətin içərisindən axtarmaq, tapmaq və yetişdirmək, legionerlərə deyil, özümüzünkülərə sahib çıxmaq gərəkdir.
Bilirəm, bəzilərinin xoşuna gəlməyəcək, fərqində deyiləm, yazmağa qərarlıyam. Legionerin qələbəsi belə gerçək qürur yaşatmır. Olimpiadaya göndərdiyimiz 54 idmançının 24-nü legioner edənlərin bu barədə ciddi düşünməsi lazımdır. O legionerlərin Azərbaycana gətirilməsi üçün nə qədər pul sərf olunduğunu təbii ki, bu iqtidardan kimsə açıqlamaz. Ancaq əminliklə deyirəm, legioner idmançılara xərclənən pulun 50 faizi öz idmançılarımıza xərclənsə, nailiyyətlərimiz daha da çox və effektli olar.
Və bir nəsnəyə də münasibətimi bildirməyi zəruri saydım. Əslində bu mövzuda “Azadlıq”da yazmışam, təkrar yazmağı məqbul bildim. Söhbət idman federasiyalarına rəhbərlik edənlərdən gedir. Azərbaycanda az qala bütün federasiyalara nazirlər, vəzifəli şəxslər rəhbərlik edir. Dünyanın bir normal ölkəsində belə bir praktika mövcud deyil. Qardaş Türkiyədə idman federasiyalarına, idman klublarına Ərdoğan hökumətinin üzvləri yox, peşəkar idmançılar və iş adamları başçılıq edir.
Türkiyədə peşəkar idmançıların, demək olar, hər biri yarışlara vida etdikdən sonra məşqçi kimi fəaliyyət göstərir. Uzun illərdir Belarusda yaşayan soydaşımız, dünya və Avropa çempionu Kamandar Məcidovu yəqin ki, London olimiya oyunlarında gördünüz. Kamandar bəy neçə illərdir güləş üzrə Belarus yığma komandasına başçılıq edir. Sual edirəm, hardadır üçqat dünya çempionumuz, qürurumuz olan Məhyəddin Allahverdiyev? Siyasi mövqeyinə görə Azərbaycan Olimpiya Komitəsinin prezidentliyindən uzaqlaşdırılan Məhyəddin bəyin səriştəsindən, bacarığından, bilgisindən indi nədən yararlanmırlar?
Xristovlar, çolakovlar, marşinlər, ratkaeviçlər, stadniklər, veliçkolar, şalvalar, haylelər nə Azərbaycanda idmanın inkişafı üçün bir iş görmək iqtidarındadır, nə də onların əsas amalı Azərbaycan türkünə qürur yaşatmaqdır. Qeyd etdiyim kimi bizə qürur yaşada biləcək oğullarımızı və qızlarımızı Azərbaycandan kənarda deyil, Azərbaycanın özündə axtarmaq lazımdır…
Dövlət bir çox sahələrdə, o cümlədən idman sahəsində ciddi islahatlara getməlidir. Idmanda kimlərinsə atalıq, analıq, dayılıq qayğısına görə nailiyyət əldə etmək mümkün deyil. Idmana dövlətin qayğısı önəmlidir. O dövlətin ki, vətəndaşını özünün ən böyük sərvəti hesab edir.
Türkiyə legioner axtarışına çıxmadı, özünün Sərvətinə sahib çıxdı. Sərvət də bütün türklərin başını uca etdi. Azərbaycanda nə qədər Sərvət kimi oğullarımız var. Tapıb üzə çıxaran gərək…

Azərbaycan və Anadolu türklərinin sərvəti
•