Qələndar Muxtarlı: “Sanki Misir Mərdanovu girov götürüblər və onun məsələlərə hər hansı formada münasibət bildirmək hüququ yoxdur”
Məlum olduğu kimi, Ictimai Palatanın təşkil etdiyi son dinləmələrdə müzakirə olunan məsələ təhsil problemləri idi. Müzakirələr zamanı IP Koordinasiya Şurasının üzvü Qələndər Muxtarlının çıxışındakı məqamlar diqqəti cəlb etdiyindən onu ayrıca təqdim edirik.
Çıxışında təhsildəki ümumi vəziyyətə toxunan Q.Muxtarlı Azərbaycanda 4256 orta məktəbdən 1057-dən heç bir şagirdin hətta kollecə qəbul ola bilmədiyini bildirdi. Buna səbəb isə təhsilə ayrılan vəsaitlərin başqa təyinatlar üzrə xərclənməsidir. Müəllimlərin maaşının azlığına, onlara heç bir sosial imtiyazların verilmədiyinə toxunan IP üzvü bu istiqamətdə zəruri addımların atılmadığını vurğuladı. Hətta bir müddət əvvəl, yaşlı müəllimləri pensiyasını artırmaq şərti ilə işdən azad edəndən sonra digər müəllimlərin əmək haqqının bir neçə dəfə qaldırılacağı deyilsə də, bu baş vermədi. Hətta əksinə, əmək haqqında azalma müşahidə olundu: “Xeyli müəllimin ixtisara düşməsi səbəbindən onların saatları hesabına qalan müəllimlərin maaşı artmalı idi. Ancaq bu baş vermədi. Mən 255 manat alırdımsa, ixtisarlardan sonra əmək haqqım 137 manat oldu”.
Q.Muxtarlı çıxışında çalışdığı Bakı Sosial-Iqtisad Kollecindəki acınacaqlı durum və rüşvət faktları barədə də danışdı: “Kollec Azərbaycan üçün kadr hazırlamalıdırsa, mən işlədiyim Bakı Sosial-Iqtisad Kollecinin təyinatı başqadı. Kollecdə yığılan rüşvətin həcmi bir milyon dolları keçib. Bunun da arxasında ölkənin siyasi hakimiyyətinə mənsub adamlar durur. Heç kim inana bilmir ki, 1500 nəfərlik kollecdən bu qədər pul yığıla bilər. Hər sessiyada bir tələbədən 350 manat alınır. Təkcə bu yolla 900 min manat pul yığılır”.
Q.Muxtarlının sözlərinə görə, müəllimin dərs demək və bunun müqabilində tələbəyə obyektiv qiymət yazmağının bütün mümkün huquqi əsasları məhv edilib: “Ötən il altı ay bir neçə müəllimlə çalışdığım kollecdə baş verən biabırçılıqlara son qoyulmasını tələb etmək üçün Misir Mərdanovun qəbuluna düşməyə çalışdıq. Lakin bizə imkan verilmədi. Bu ölkədə nazir öz müəllimini qəbul etmirsə, öz əməkdaşını dinləməyi bacarmırsa, onun orda hansı təyinatla oturduğu bəlli deyil. Sanki onu da girov götürüblər və məsələlərə hər hansı formada münasibət bildirmək hüququ yoxdur”.
Q.Muxtarlı müəllimi olduğu kollecin direktoru Mübariz Mahmudovun artıq 20 ildir bu vəzifədə çalışdığını və bununla da qanunvericiliyin pozuluduğunu deyir. Çünki qanuna görə, bir nəfər iki dəfədən artıq direktor seçilə bilməz. Yəni yalnız 10 il direktor ola bilər. Ancaq yaşı 65-i keçən M.Mahmudova bu qanunlar şamil edilmir. Kollecdə baş verən qanunsuzluqların və rüşvətin başında məhz bu şəxsin dayandığını deyən Q.Muxtarlı təhsil nazirinin bu məsələyə aydınlıq gətirməli olduğunu deyir.
Korrupsiya qarşı Mübarizə Idarəsinin yalnız sifariş əsasında yoxlamalar apardığını deyən IP KŞ üzvü Təhsil Nazirliyinin bu yoxlamalardan kənarda qaldığını vurğuladı. Çünki bir kollecin nümunəsində Azərbaycan təhsilindəki mənzərəni görmək olur.
Q.Muxtarlınını sözlərinə görə, Azərbaycanda təhsilin bu vəziyyətdə olması cəzasızlıq mühitindən qaynaqlanır. Bunun başında isə hüquq-mühafizə orqanlarının laqeydliyi dayanır. Hətta Təhsil Nazirliyinə şikayətə gedənlərin şikayəti qeydiyyata alınmır. Haqqında şikayət edilən şəxsə bu barədə məlumat verib ondan haqq alınır. Bütün bunlar da stimul yaradır.
Q.Muxtarlı Azərbaycanda təhsil böhranı adlı anlayışın ortaya gəlməsini vacib hesab edir. Çünki ölkədə təhsil artıq çökdürülüb. Bu sahəni diriltmək üçün müvafiq islahatlar aparılmalıdır. Öz növbəsində Ictimai Palata bu məsələlərlə əlaqədar bir neçə mühüm addımlar atmalıdır.
IP üzvü rəsmi qurumlarda müxalifət mətbuatında dərc olunan yazılarla bağlı maraqlı tendensiyanın olduğunu da qeyd etdi. Belə ki, müxalifət qəzetlərində haqqında mənfi rəy yaradılan adam yaxşı işçi kimi qiymətləndirilir. Bu da onu deməyə əsas verir ki, Bakı Sosial-Iqtisad Kollecinin direktoru Mübariz Mahmudov hələ bir neçə il öz vəzifəsində çalışacaq.
Fizzə