Rusiyadan İrana sonuncu şans

Moskva Tehran rejimini tək qoymaqla hədələdi

Rusiyanın İrana öncədən razılaşdırılmış “S-300” zenit-raket komplekslərinin satışından imtina etməsindən sonra yaranmış gərginlik davam edir. Rusiyanı götürdüyü öhdəlikləri yerinə yetirməməkdı günahlandıraraq beynəlxalq məhkəməylə hədələyən İran Moskvanın sərt zəbərdarlığı ilə qarşılaşıb. Rusiya mediasının yazdığına görə, İran “S-300” komplekslərinin satışı ilə bağlı münsiflər məhkəməsində Moksvaya qarşı qaldırdığı iddianı geri götürməzsə, Rusiya hakimiyyəti Tehran rejiminin nüvə proqramı ilə bağlı tutduğu mövqeni sərtləşdirə bilər.

Hökumətə yaxın mənbəyə istinad edən “Kommersant” qəzeti yazır ki, Rusiya rəhbərliyində münsiflər məhkəməsində qaldırılan iddia ətrafında yaranan xoşagəlməz vəziyyət İranı nankor kimi göstərir:“Biz onları dəstəkləyirik, nüvə problemində konstruktiv mövqe tuturuq, onlar isə bizə belə hörmət edirlər”. Qəzetə danışan rusiyalı rəsmi deyib ki, Moskva əvvələr də Tehrana bu iddianın münasibətlərin inkişafına mane olacağını bildirsə də, İran deyilənləri qulaqardına vururb. Rəsminin sözlərinə görə, İranın nüvə məsələsi ilə bağlı “altılıq” nümayəndələrinin növbəti danışıqlarına qədər Rusiya öz mövqeyini bir daha İrana çatdırmağa çalışacaq. İranın etiraz cavabı verəcəyi təqdirdə, o dünya arenasında bu məsələsini təkbaşına həll etməli olacaq.

Xatırladaq ki, Rusiya ilə İran arasında S-300 raket-zenit komplekslərinin satışı haqda razılaşma 2007-ci ildə imzalanıb. 800 milyon dollar dəyərində olan razılığın reallaşması mütəmadi olaraq texniki səbəblərə görə ləngiyirdi. Razılaşmanın icrasından imtina etdikdən sonra Rusiya Tehrandan aldığı 167 milyon dolları geri qaytarıb.