Elxan Şahinoğlu: “Səfər zamanı ilk olaraq iki ölkə arasında hərbi, iqtisadi, siyasi əlaqələrin dərinləşdirilməsi masa üzərinə yatırılmalıdır”
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin ilkin tarixi açıqlanıb.Diplomatik mənbələrdən “Trend”ə verilən məlumata görə, Ərdoğanın səfəri sentyabrın 11-12-nə nəzərdə tutulub.
Səfərin məqsədi Azərbaycan-Türkiyə Strateji Tərəfdaşlıq Şurasının növbəti iclasında iştirak etməkdir.
Hazırda Şuranın iclası ilə bağlı müvafiq sənədlərin hazırlanması işi aparılır.
Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq və qarşılıqlı yardım haqqında razılaşmanı Azərbaycanın dövlət başçısı Ilham Əliyev və Türkiyə prezidenti Abdulla Gül 2010-cu il avqustun 16-da Istanbulda imzalayıb.
“Atlas” Araşdırmalar Mərkəzini rəhbəri Elxan Şahinoğlu bildirdi ki, əslində Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq Şurasının 2-ci toplantısı çoxdan keçirilməli idi. Amma hər ay bu toplantının təxirə salındığını deyən E.Şahinoğlu vurğuladı ki, ona görə bu, ikitərəfli münasibətlərdə ciddi suallar yaradırdı. E.Şahinoğlunun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında enerji məsələlərində əməkdaşlıq yüksələn xətt üzrə inkişaf edir, amma çox təəssüf ki, bu, özünü siyasi-iqtisadi münasibətlər, hərbi sahədə əməkdaşlıqda göstərmir: “Biz hələ də Türkiyənin iri kapitalını Azərbaycanda görmürük. Bunun da obyektiv səbəbləri var. Azərbaycandakı oliqarxik durum, korrupsiya Türkiyənin iri kapitalının Azərbaycana gəlişinə mane olur. Siyasi təmaslara gəldikdə isə, hazırda istər regionumuzda, istərsə də dünyada ciddi hadisələr baş verir. Iranın Azərbaycana qarşı təzyiq siyasəti artmaqdadır. Belə bir zamanda Azərbaycanın Türkiyə kimi müttəfiqə ehtiyacı var. Çünki Iran Azərbaycanı faktiki hədəfə alıb. Azərbaycan vətəndaşlarını girov götürüb, ölkəmiz əleyhinə siyasət formalaşdırır. Bu mənada Azərbaycanın müttəfiqləri olan ABŞ-a, Türkiyəyə ehtiyacı var”.
E.Şahinoğlu hesab edir ki, hazırda xüsusilə bölgəmizdə yaranan durumun fonunda Türkiyə ilə əməkdaşlığı, xüsusilə hərbi sahədə əməkdaşlığı dərinləşdirmək lazımdır. Çünki Azərbaycan həm hərbi mənada təhdidlər, həm də Qarabağ probleminin həllində ciddi problemlər yaşayır: “Hazırda biz hərbi təhdidin şahidiyik. Ermənistan prezidenti Rusiyadadır və Putinlə hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsinə dair danışıqlar aparılır. Putin isə görüşdən sonra bəyan edir ki, Rusiyanın Ermənistandakı hərbi bazaları bütün bölgə üçün təhlükəsizliyin təminatıdır. Bu isə o deməkdir ki, Azərbaycan ərazilərini hərbi yolla azad etməyə çalışarsa, Rusiya Ermənistanı dəstəkləyəcək. Kreml Yerevanın müharibədən zəif çıxmasına imkan verməyəcək. Belə olan halda Azərbaycanın Türkiyənin dəstəyinə ehtiyacı ola bilər”.
Bu baxımdan E.Şahinoğlu hesab edir ki, Ərdoğanın Azərbaycana səfəri zamanı ilk olaraq iki ölkə arasında hərbi, iqtisadi, siyasi əlaqələrin dərinləşdirilməsi masa üzərinə yatırılmalıdır.
Xəyal