Milli Məclisin sabiq spikeri Murtuz Ələsgərovun adının əbədiləşdirilməsi ideyası meydana çıxıb. Respublikanın əməkdar hüquqşünası ilə vida mərasimində çıxış edən BDU rektoru Abel Məhərrəmov sözügedən istiqamətdə qərar qəbul olunduğunu bildirib. A.Məhərrəmov deyib ki, universitetdə Murtuz Ələsgərov adına təqaüd təsis olunacaq, alimin 85 illik yubileyi münasibətilə beynəlxalq konfrans keçiriləcək, həmçinin adına xüsusi auditoriya yaradılacaq. Eləcə də hər ad günü ərəfəsində beynəlxalq elmi konfranslar reallaşdırılacaq.
M.Ələsgərov uzun müddət Bakı Dövlət Universitetində çalışıb və universitetin rektoru postunu tutub. Şübhəsiz ki, hüquq elmi sahəsində müəyyən xidmətlər göstərən sabiq spikerin əməyini heçə endirmək fikrimiz yoxdur. Lakin onun adının əbədiləşdirilməsi barədə danışan BDU-nun hazırkı rektoru deyəsən, bir məqamı unudub. Bu maraqlı və vacib məqam da Azərbaycanın ilk universiteti statusu daşıyan BDU-nun yaradıcısı Məhəmməd Əmin Rəsulzadənin unudulmasıdır.
Bir zamanlar, yəni hərəkat illərində universitetdə təhsil alan tələbələr bu möhtəşəm ali məktəbin Rəsulzadənin adını daşıması yönündə az qala mücadilə aparırdı. Həmin mücadilənin bu təhsil ocağının M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universiteti kimi təqdimatında şübhəsiz, az rolu olmayıb. Elə o qədər təpkilərdən sonra universitetin girişində qoyulan daşın üzərində “Burada M.Ə.Rəsulzadənin büstü qoyulacaq” yazıldı.
Lakin illər sonra Rəsulzadəyə qarşı yönəlik ögey münasibət nəticəsində “bu dünyanın qara daşı göyərmədi”. Həmin daş büstə çevrilə bilmədi. Rəsulzadənin adını daşıyan universitet isə sadəcə, Bakı Dövlət Universitetinə çevrildi.
Demokratik cümhuriyyət qurucusuna qarşı bu qədər düşməncəsinə münasibət sözsüz ki, təqdir olunası hal deyil. Onun adı universitetdən yığışdırılsa da, adicə bir büstünün qoyulması müzakirə predmetinə çevrilsə də, heç olmasa adı başqa cür əbədiləşdirilməliydi. Yəni böyük xidmətlər göstərmiş və adı Azərbaycanın demokratiya yaradıcısı, eləcə də universitetin təməlini qoyan şəxsiyyət kimi Rəsulzadənin xidməti Ələsgərovdan daha layiqli əbədiləşdirilməliydi.
Fakt isə budur ki, universitetdə Rəsulzadə adına təqaüd təsis olunmur, onun hər ad günü beynəlxalq elmi konfransa çevrilmir, adına xüsusi auditoriya təsis olunmur.
Bunun “nədən”ini isə cəmiyyətdə nüfuzu olanlardan soruşduq.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu hesab edir ki, Murtuz Ələsgərov tanınmış hüquqşünasdır və onun adının əbədiləşdirilməsində mənfi heç nə yoxdur. Lakin Azərbaycanın tanınmış ziyalıları, mötəbər şəxsləri barədə hansİsa ayrı-seçkilik yolverilməzdir: “Mİsal üçün, Azad Mirzəcanzadə, Məhəmməd Əmin Rəsulzadə kimi şəxsiyyətlərin də adına təqaüd olmalı, onların adı əbədiləşdirilməlidir. Ümumiyyətlə, Azərbaycanın görkəmli şəxsləri çoxdur və onların hamısının adı layiq olduğu mərtəbədə tutulmalıdır. M.Ələsgərovun, Rəsulzadənin və digər şəxsiyyətlərin adı bu formada əbədiləşdirilsə, tarazlıq da pozulmaz”.
Yazıçı-publisist Mehriban Vəzirin qənaətincə, indiki rejim həqiqi, mənəvi dəyərlərə əcaib baxışı ilə seçilir. Həmsöhbətimizə görə, mövcud rejim yalnız özünün yaratdığı elmsiz, qaniçən sistemin məddahlarını qiymətləndirir: “Bu baxımdan, etdiyi hərəkətləri öz rakurslarından haqlı saya bilərlər. Bizim rakursdan isə, bu, kökündən yanlışdır. Gün gələcək, bütün dəyərlər yerinə düşəcək və M.Ə.Rəsulzadənin həqiqi qiyməti veriləcək. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq hüququnun banilərinin qiyməti bilinəcək və rüşvətxor, mənəviyyatsız, əxlaqsız hüquqşünaslara da layiq olduqları ”qiymət” veriləcək”.
Nigar