Vasif Talıbovun göstərişi ilə xidmət obyektləri kütləvi şəkildə qapadılır
Artıq 10 gündür ki, Naxçıvanda bərbərxanaların, gözəllik salonlarının və yeməkxanaların 95%-nin fəaliyyəti dayandırılıb. Bu barədə “Turan”ın bölgə müxbirinə məlumat verən obyekt sahiblərinin bildirdiyinə görə, uzun illərdir sərəncamla işləmələrinə baxmayaraq, indi onlardan yeni sərəncam tələb edirlər.
Məlumata görə, Naxçıvan şəhər Icra hakimiyyətinin, Ali Məclisin, Iqtisadi Inkişaf Nazirliyinin və bir sıra nazirliklərin əməkdaşlarından ibarət qrup yaradılıb. Bu qrup obyektlərdə olaraq, sahibkarlardan iş yerlərini bağlamalarını tələb edirlər. Yeni sərəncamın Icra hakimiyyətindən alınması qarşılığında hər bir sahibkardan obyektin maliyyə dövriyyəsindən asılı olaraq, 5-50 min manat arasında pul tələb olunur. Bu məbləği verə bilməyən və ya bu məbləğlə razılaşmayanlar obyektlərini bağlayıblar.
Bağlanmış obyektlərdə çalışan xeyli sayda insan işsiz vəziyyətdədir. Ictimai-iaşə yerlərinin bağlanması şəhərə qonaq gələn turistlərin də təəccübünə səbəb olub. Ukraynalı turist Viktor Ivanov deyir: “Neçə gündür saçımı düzəltdirmək üçün açıq bərbərxana tapa bilmirəm. Elə bil ki, şəhər ölü vəziyyətdədir. On günlük tətilə gəlməyimə baxmayaraq, tez qayıtmaq məcburiyyətindəyəm”.
Irandan gəlmiş Zəhra xanım isə deyir ki, iftarlarını açmağa yeməkxana tapa bilmirlər. Naxçıvanda fəaliyyət göstərən ictimai-siyasi fəalların fikrincə, bu cür korrupsiya hallarının baş verməsi bölgədə miqrasiya prosesini daha da sürətləndirir. Problemlə bağlı Naxçıvan şəhər Icra hakimiyyəti ilə əlaqə saxladıq. Bu orqandan obyektlərin bağlanmasını təsdiqlədilər. Səbəb kimi isə sənədlərin qaydasında olmamasını göstərdilər. Uzun illərdir bağlanan obyektlərin sənədsiz necə işlədiklərini və sahibkarlardan rüşvət tələb edilməsi haqqında suallar isə cavabsız qaldı.