Baş verənlərdə Ramiz Mehdiyev, Bəylər Əyyubov və hakim ailənin adı hallandırılır
Azərbaycanda metal sahəsində ölüm-dirim savaşı başlayıb. Son bir ay ərzində Bakıda bir çox metal zavodlarına hücumlar olub. Indiyə qədər 20-yə qədər müəssisə qapadılıb. Zavodlara hücum edənlər özlərini “Baku Steel Company”nin nümayəndələri kimi təqdim edirlər. Onlar zavod rəhbərlərindən metal işi ilə məşğul olmamağı tələb edirlər.
Hücuma məruz qalan nisbətən iri zavodlardan “Şəhriyar -99″ MMC, ”R.A.N.K.” MMC və “Ahmed-Ataxan” Azərbaycan-Türkiyə metalyayma zavodlarını göstərmək olar. “Şəhriyar-99″ MMC və ”R.A.N.K.” MMC-nin fəaliyyətini dayandırılıb. Həmçinin bu zavodların əmlakınin bir hissəsi talan edilib. “Ahmed-Ataxan” Azərbaycan-Türkiyə metalyayma zavoduna hücumlar davam edir. Bundan başqa bir sıra xırda metal müəssisələrinin fəaliyyəti müxtəlif adlarla dayandırılıb.
Prosesin başında “Baku Steel Company”nin dayandığını nəzərə alsaq, baş verənləri sahibkarlara qarşı dövlət səviyyəsində həyata keçirilən terror adlandırmaq mümkündür. Məsələ burasındadır ki, “Baku Steel Company”nin sahibi sıravi şəxs deyil. Məlumatlara görə, özünü zavodun rəhbəri kimi təqdim edən Rasim Məmmədov əslində sadəcə icraçıdır. Zavodun isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə məxsus olduğu iddia edilir. Rasim Məmmədovun Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin dostu olması bu iddiaların əsassız olmadığı qənaətini yaradır. Digər tərəfdən bir müddət əvvəl “Azadlıq” qəzeti məlumat yaymışdı ki, Azərbaycanda metallurgiya sahəsilə ilə bağlı xüsusi qurum yaradılacaq. Bu qurum nazirlik və ya komitə şəklində fəaliyyət göstərəcək. Qurumun rəhbərliyinə isə Ramiz Mehdiyevin kürəkəni, deputat Ilham Əliyev gətiriləcək. Beləliklə də metallurgiya sahəsi Ramiz Mehdiyevin nəzarətinə keçəcək. Yeri gəlmişkən, Nurəddin və Loğman Zülfüqarlı qardaşlarının vəkili Aslan Ismayılov da dəfələrlə mətbuata müsahibəsində sahibkarların zavodlarının əlindən alınmasında Ramiz Mehdiyevi ittiham edib. Lakin bu məsələdə Ramiz Mehdiyevlə yanaşı Ilham Əliyevin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun da adı hallandırılır. Bəzi məlumatlara görə, ümumiyyətlə, Ramiz Mehdiyevlə Bəylər Əyyubovun baş verənlərə aidiyyatı yoxdur. Bildirilir ki, metal sahəsini hakim ailə monopoliyaya alır. “Baku Steel Company”də icraçı şəxsin Ramiz Mehdiyevə yaxın şəxs olmasına baxmayaraq bu zavodun da hakim ailəyə məxsus olduğu vurğulanır. Istənilən halda sahibkarlara qarşı hücumların arxasından hakimiyyət çıxır.
Hikmət