Hakimiyyətin kritik dövr hazırlığı

aliyev musavire2İqtidarın 2013 seçkisilə bağlı xüsusi planı “Azadlıq”da

Qəzetimizin elektron poçt ünvanına hakimiyyətin 2013-ci il prezident seçkisi ilə bağlı planlarından bəhs edən material gəlib. Material geniş olduğundan, yalnız oradakı maraqlı məqamları oxucuların diqqətinə çatdırmaq istəyirik.
Materialda bildirilir ki, hakimiyyət seçki dövrünü kritik dövr sayır. Plan da bu dövrü adlamaq, cəmiyyətdə aqressiyanı nisbətən azaltmağa hesablanıb. Plana əsasən, ilk növbədə beynəlxalq təzyiqlər azaldılmalıdır. Bunun üçün beynəlxalq qurumların vicdan məhbusu kimi tanıdığı şəxslər müxtəlif adlar altında azad edilməli, mətbuata basqılara ara verilməli, televiziyalarda, xüsusilə Ictimai Televiziyada hakimiyyət üçün təhlükəli olmayan mövzuların müzakirəsində müxalifət nümayəndələrinə çıxış imkanları yaradılmalı, beynəlxalq təşkilatları da cəlb etməklə müxalifətlə yenə də hakimiyyət üçün təhlükə yaratmayan mövzularda dialoqlar təşkil olunmalı, zərurət yaranacağı təqdirdə Seçki Məcəlləsinə texniki dəyişikliklər edilməlidir. Qısası, 2005-ci ildən sonra demokratiyanın imitasiyasından imtina edən hakimiyyət müvəqqəti olaraq imitasiyanı bərpa etməlidir.
Daha sonra qonşularla münasibətlər qaydaya salınmalıdır. Ilk sırada Iranla münasibətlər gəlir. Iqtidar ideoloqları hesab edir ki, seçki ərəfəsində, xüsusilə Iran, hakimiyyət üçün acı nəticələrə səbəb olacaq addımlar ata bilər. Ona görə də seçki vaxtı müvəqqəti olaraq “atəşkəs” elan edilməsi qərara alınıb. Hakimiyyət bu “atəşkəs”ə həbsə atdığı Iranın müdafiə etdiyi şəxsləri azadlığa buraxmaqla, bu ölkəyə iqtisadi və mədəni sahələrlə bağlı səfərlər təşkil etməklə nail olmaq istəyir. Analoji proyektin Rusiya ilə bağlı da həyata keçirələcəyi plana daxil edilib.
Planda həmçinin daxili siyasətdə müəyyən korrektələr etmək də var. Bu məqsədlə cəmiyyətdə ifrat dərəcədə narazılıq yaradan sahələrdə bəzi dəyişikliklər etmək, həmin sahələrə rəhbərlik edən şəxsləri müxtəlif formada cəzalandırmaq, müxalifətyönlü və müstəqil KIV-lərin ictimai rəyə təsir imkanlarını minimuma endirmək üçün yeni media quruluşları təsis edərək onlara müəyyən həddə qədər azadlıq vermək, sosial şəbəkələrdə aktiv olmaqla yeni medianı nəzarətə götürmək, müxalifət daxilində, xüsusilə Ictimai Palatada təfriqə yaratmaq, demokratik qüvvələrin bir mərkəzdə birləşməsinə, Ziyalılar Forumu ilə əməkdaşlığına imkan verməmək, seçkiyə müxalifətin parçalanmış formada, bir neçə blokla getməsini təmin etmək qərara alınıb.
Bütün bunlardan aydın olur ki, hakimiyyət 2013-cü il seçkisindən ciddi narahatdır. Iqtidar ideoloqları anlayır ki, bu seçki əvvəlkilərindən fərqli, dünyada demokratik proseslərə diqqətin artdığı, avtoritar rejimli ölkələrdə inqilab ovqatının yarandığı və sosial şəbəkələrin ən dinamik dövrünə təsadüf edir. Bu halda hər hansı qarşıdurma Ilham Əliyev üçün ərəb diktatorlarının aqibətini qaçılmaz edə bilər. Ona görə də hakimiyyət bütün potensialını səfərbər edərək bu kritik dövrü sakit, qarşıdurmasız şəkildə adlamağı məqsədəuyğun sayır.

İnformasiya şöbəsi