Hakimiyyət 50 min azərbaycanlıya problem yaradır

Gürcüstanda yaşayan soydaşlarımız sərhəddəki prosedurun yüngülləşdirilməsi üçün İlham Əliyevə müraciət etdi

Dünən bir qrup Gürcüstan vətəndaşı olan azərbaycanlılar RATI-də mətbuat konfransı keçirərək dövlət başçısı Ilham Əliyevə müraciət ediblər. Onların belə bir müraciətdə bulunmaqlarına səbəb isə son zamanlar miqrasiya qanunlarının milliyyətcə azərbaycanlı olan Gürcüstan vətəndaşlarına qarşı da sərtləşdirilməsidir. Nəticədə Azərbaycan vətəndaşlığının alınması ilə bağlı ciddi problem yaşayan bu şəxslər hər üç aydan bir respublikamızın ərazisini tərk etməli və Gürcüstana geri dönməlidirlər. Müraciətdə deyilir: “Gürcüstanda yarım milyondan artıq azərbaycanlı yaşayır, təxminən həmin sayda da Azərbaycan Respublikasında Borçalı əsilli azərbaycanlılar məskunlaşıblar. Demək olar ki, hər ailənin bir üzvü burada yaşayır. Son bir aya qədər vəziyyətimiz çətin olduğu nəzərə alınaraq, bizlərə güzəştlər tətbiq olunurdu. Vəziyyətimiz ağır olduğu üçün işləməyə gələndə bir il üçün iş icazəsinə tələb olunan 1000 manat rüsumu ödəyə bilmirik, Qamsaxurdiya hakimiyyəti dövründə qovulanların 5000 nəfərə yaxın burada statussuz yaşayır, hətta bəzilərinin övladları hərbi xidmətə də çağırılır, ailə üzvlərinin biri Azərbaycan, biri Gürcüstan vətəndaşı olanlar üçün də üç aydan bir sərhədi keçib gəlmək çətinliklər yaradır (bu vəziyyətdə olanlar təxminən 50000 nəfərə yaxındır)”.
Gürcüstan azərbaycanlıları sadalanan problemlərlə bağlı müəyyən güzəştlərin edilməsini istəyirlər.
Müraciət müəllifləri bundan başqa, mətbuat vasitəsilə eyni problemi yaşayan şəxslərə səslənərək hazırlanan sənədə imza atmağa çağırdılar.
Tədbirdə iştirak edən Qafqaz Araşdırmalar Mərkəzinin rəhbəri Kamran Ramazanlı bildirdi ki, Gürcüstan vətəndaşı olan soydaşlarımızın Azərbaycanda qalma müddətinin üç ayla məhdudlaşdırılması çox ciddi problemlər yaradır. Bu isə iqtisadi cəhətdən ciddi problemlərlə üz-üzə olan soydaşlarımız üçün ildə 4 dəfə Gürcüstana gedib-qayıtmaq deməkdir. SSRI zamanı Gürcüstanın azərbaycanlıların yaşadığı hissənin əsasən kənd təsərrüfatı ilə məşğul olduğunu deyən K.Ramazanlı bildirdi ki, Gürcüstanın kənd təsərrüfatı məhsullarının 33 faizi bu ərazinin payına düşürdü. Indi isə Rusiya ilə əlaqələr kəsildiyindən kənd təsərrüfatı məhsullarına bazar yoxdur. Nəticədə soydaşlarımız iş dalınca Azərbaycana üz tutmağa məcburdular. Bundan başqa, Gürcüstanda Azərbaycan dilində təhsil almaq mümkün olmadığından soydaşlarımız övladlarını Azərbaycanda təhsil almağa gətirirlər. Hazırkı dəyişiklik kiçik yaşlı uşaqların belə üç aydan bir Gürcüstana getməsini zəruri edir. Nəticədə onlar təhsilləri ilə normal məşğul ola bilməyəcəklər.

Ana dilində təhsil almaq istəyirik

Gürcüstanda hazırda yarım milyon azərbaycanlının yaşadığını deyən K.Ramazanlı vurğuladı ki, onlardan 50 mininin ailə qurduğu şəxs Azərbaycan vətəndaşıdır. Bu isə o deməkdir ki, yeni dəyişikliklər ailə üzvlərini qovuşdurmağa yox, əksinə bir-birindən ayırmağa xidmət edir: “Gürcüstanda yaşayan soydaşlarımız Azərbaycana xoş gündən gəlmirlər. Onların ciddi iş problemləri olduğuna görə məcburiyyətdən bu addımı atırlar. Azərbaycanda isə onlar işə düzələn zaman dövlətə 1100 manat rüsum ödəməlidirlər. Bu ödəmə olmursa, həmin şəxslər 400 manat cərimə ödəyərək, ölkədən deportasiya olunurlar”.

İnvestisiya siyasəti yürüdülməlidir

Daha sonra müraciəti ilk olaraq imzalayan və birbaşa problemlərlə üzbəüz olan Gürcüstan vətəndaşı olan azərbaycanlılar danışdılar.
Dilqəm Tanrıverdiyev bildirdi ki, hazırkı qaydalarla onların Azərbaycana gəlib işləmələri böyük əzaba çevrilir. Çünki tikintilərdə ayda 300-400 manat pul qazanan şəxslər burada kirayə haqqını və digər xərcləri ödədikdən sonra ailələrinə cəmi 100 manat pul göndərə bilirlər.
Azər Hüseynov isə bildirdi ki, onun iki övladı Azərbaycanda təhsil alır. Onların hər üç aydan bir Gürcüstana aparılması şagirdlərin tədris prosesindən də geri qalmalarına səbəb olacaq.
Bəhmən Süleymanov yeni qəbul olunan düzlişlərin onun durumunda qəribə situasiya yaratdığını bildirdi. Belə ki, üç aydan bir Gürcüstana getmək lazımdırsa, o zaman onun burada təhsil alan 2 azyaşlı övladı kirayədə qalmalıdır. “Yoldaşım Gürcüstan vətəndaşıdır. Yeni dəyişikliklər isə mənim hər zaman övladlarımla bir olmağıma icazə vermir”.
Abbas Hüseyn 94-ci ildən müraciət etməsinə baxmayaraq hələ də Azərbaycan vətəndaşlığını ala bilmədiyini söylədi.
Saleh Eyvazov tədbirdə iştirak edən media mənsublarından soydaşlarımızın bütün problemlərinə diqqət ayırmalarını xahiş etdi.
Zahid Əlisoy isə bildirdi ki, əgər Azərbaycan seçdiyi siyasətlə Borçalının azərbaycanlılardan boşaldılmasının qarşısını almağa çalışırsa, bu, yanlış yoldur. Z.Əlisoy bildirdi ki, hazırda Ermənistan Gürcüstan ermənilərinə çox ciddi dəstək göstərir.
Bundan başqa, tədbirdə eyni zamanda səsləndirildi ki, hazırda SOCAR Gürcüstan büdcəsinə ən çox vergi ödəyən şirkət olsa da, burada çalışan azərbaycanlıların sayı cüzidir. Belə ki, şirkətin Tiflisdəki mərkəzi ofisində, ümumiyyətlə, bir nəfər də azərbaycanlı çalışmır.

Xəyal