“Açıq-aydın mənə xəbərdarlıq etmişdilər… Deyirlər, partiya biletini cır at…”
İlham Kazımov: “Evimizi uçuranda hamımızı təhqir etdilər. Məni də, həyat yoldaşımı da döydülər”
Suraxanı rayonu, Birinci mədən adlanan ərazidə, Samir Əliyev küçəsində yüzlərlə ev olsa da, bir mənzil hökumətin gözünə çox pis görünüb. Nəticədə həmin evin iki otağı dağıdılıb, sakinləri isə döyülüb. Söhbət Kazımovlar ailəsindən gedir…
Cəbhəçi olduğu üçün evi sökülür
Avqustun 8-də günorta saatlarında SOCAR-ın, icra hakimiyyətinin və rayon polis idarəsinin 31-ci polis bölməsinin əməkdaşları sözügedən ünvana gələrək heç kimə xəbər etmədən evin damını sökməyə başlayıblar. Evdə üç azyaşlı uşağı ilə olan Ilham Kazımov səs-küyə çıxanda gözlərinə inanmayıb. Buna etiraz edəndə isə təhqir olunublar, döyülüblər.
İlham Kazımov deyir ki, onun evinin yaxınlığında məktəb tikirlər: “Ancaq evimin söküntüsü məktəbin tikintisi ilə əlaqədar deyil. Çünki məktəbə görə olsaydı onda başqa evlər də sökülməliydi. Halbuki mənim mənzilimlə özülü indi qoyulan məktəbin arasında xeyli məsafə var”.
İlham Kazımovun sözlərinə görə, onun evini bir neçə dəfə sökməyə cəhd ediblər: “Hər dəfə hücum edəndə birtəhər qarşısını alırdıq. Ancaq bu dəfə imkan vermədilər. Açıq-aydın mənə xəbərdarlıq etmişdilər ki, evini sökəcəyik”.
Ev sahibi mənzilinə basqın edilməsini iki səbəblə əlaqələndirir: “Birincisi, mən cəbhəçiyəm. Istər yaşadığım yerdə, istərsə də işlədiyim ünvanlarda hamı mənim AXCP üzvü olduğumu bilir. Hər dəfə qarşımda sədd çəkmək istəyirlər. Deyirlər ki, partiya biletini cır at, sənə iş verək. Bundan imtina etdiyim üçün indiyə kimi iş tapa bilməmişəm. Fəhləliklə ailə dolandırıram. Ikincisi, evimin sökülməsi həm də pul verməmiyimlə bağlıdır. Evimin sökülməməsi üçün müxtəlif vaxtlarda 5-10 min manat istəyiblər. Bu pulu verməyə imkanım olmayıb. Ona görə də gəlib uçurdular. Bir sözlə, həm cəbhəçi olmağım, həm də rüşvət verə bilməməyim məni mənzilsiz qoydu”.
Üçotaqlı evin iki otağı yararsız hala düşüb
“Evimdə üç uşaq böyüdürəm. Bu uşaqlar Azərbaycanın gələcəyidir. Övladlarım belə qanunsuzluq görəndə sabah bu dövlət üçün nə edə bilər? Güc-bəla ilə bir neçə il əvvəl özümüzə bir koma tikmişik. Indi gəlib uçurdurlar. Bu cür qanunsuzluq olar? Bizim bu ölkədə yaşamaq hüququmuz yoxdur? Hara gedək? Evimizi uçurdanda hamımızı təhqir etdilər. Məni də, həyat yoldaşımı da döydülər. Evin damını sökəndə polislərə və icra hakimiyyətinin nümayəndələrinə mane olmaq üçün dama çıxdım. Şiferləri sökəndə məni sürüdülər. Dedilər ki, uşaqlarını götür rədd ol, yoxsa ev başına uçacaq. Bunlar bu qədər zalımdırlar” – bu sözləri isə İlham Kazımovun həyat yoldaşı Aynur Kazımova deyir.
Aynur Kazımovanın qolu, ayağa təpik zərbələrindən qançır olub. Üz və baş nahiyələrində zədələrin yeri açıq-aydın sezilir.
Kazımovlar ailəsinin məskunlaşdığı mənzil üçotaqlı idi. Hazırda evin iki otağı tam yararsız haldadır. Indi min bir əziyyətlə tikilən bu otaqları Ilham öz gücünə təmir etdirmək istəyir. Ancaq yenidən mənzilinə olacaq hücumdan qorxur: “Nə edim? Ala-babat tikəcəm, yenə uçardacaqlar. Dərdimizi kimə deyək? Heç kim bizi eşitmək istəmir. Qəpik-qəpik, övladlarımın boğazından kəsib pul toplayıb ev tikirik, bir günün içində bütün zəhmətimiz hədərə gedir. Yenə də çox sevinirəm ki, mənzilimizi sökən vaxt evdə olmuşam. Yoxsa divarlar uşaqların başına uçacaqdı”.
İlham Əliyev niyə hamının prezidenti deyil?
İlham Kazımovun qaynatası, AXCP Ali Məclisinin üzvü Şirəli Şirəliyev şəkər xəstəsi olmasına baxmayaraq ötən gün qızının evinə baş çəkib: “Etiraf edirəm ki, bu məni o qədər də heyrətləndirmədi. Bunlardan hər şey gözləmək olar. Bunlar istəyirlər ki, Azərbaycanda bir nəfər də olsun cəbhəçi yaşamasın. Ya onların qılıncları altından keçib dediklərini etməlisən, ya ölməlisən, ya da ən yaxşı halda bu ölkəndən getməlisən. Bunların heç biri ilə razılaşmayanda belə kökə düşürsən”.
“İlham Əliyev özünü prezident elan edəndə Qurana, Konstitusiyaya and içdi ki, hər bir azərbaycanlının prezidenti olacaq. Hanı? Yəqin ki, o bu cür prezident olacağı üçün and içibmiş. Qızımın evinə hücum edənlər görəsən sabah müharibə olsa gedib Qarabağda belə döyüşə biləcəklər? Bizə etdiklərini erməniylə üz-üzə gələndə edərlərmi? Inanmıram. Bunlar ancaq öz vətəndaşlarına qarşı belə addım atırlar”,- deyir Şirəli Şirəliyev.
Kiçik sözardı…
Biz oranı tərk edəndə evin balacaları günün altında torpaqla evcik-evcik oynayırdı, evin böyükləri isə mənzillərini təmir edib-etməmək barədə düşünürdülər. Axı, uşaqlarının oynadığı evcik oyunu kimi hökumət də onlarla eyni cür oynayır. Balacalar da özlərinə xoş gəlməyəndə düzəltikləri evi uçururlar, hökumət də…
Ramin DEKO